Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biri məhz təhsil sahəsidir
"Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir". Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi proqramları var: "Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var". Prezidentin də vurğuladığı kimi, gənclərimizin təhsili və hərtərəfli inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Çünki gənclərin hərtərəfli inkişafı ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Yetişməkdə olan gənc nəslin öz bilik, savad və bacarıqlarının, böyük potensialının effektli reallaşdırılmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi prioritetlər müəyyənləşdirilir və kompleks tədbirlər mütəmadi olaraq həyata keçirilir. Heç şübhəsiz ki, hər bir dövlətin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirib. Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Bu sahələrin inkişafı, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, bütövlükdə, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Son illər ərzində ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Azərbaycanda son onilliklərdə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərman və sərəncamlarına əsasən, Gənclər Fondu və Azərbaycan Elm Fondu yaradılıb. Gənclər üçün Prezident Mükafatı, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları təsis edilib. Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları müasir üslubda tikilib istifadəyə verilib. Bir çox elm və təhsil qurumları əsaslı təmir edilib və ya yenidən qurulub, maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmizdə elm və təhsilin davamlı inkişafı ölkə gənclər siyasətinin düzgün qurulmasından da bilavasitə asılıdır. Ona görə ki, müasir Azərbaycan gəncliyi digər sahələrlə yanaşı, elm və təhsilin də davamlı inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsi və gələcək üçün qarantıdır. Müstəqilliyimizin zəmanəti olan elm, təhsil və innovasiyalar - bilik, savad və müasirlikdir, gəncliyi gələcəyə aparan işıqlı yoldur. Ölkə rəhbəri sosial-iqtisadi inkişafın yeni, məsuliyyətli və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin rəqabətədavamlı inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Əlbəttə ki, bu proseslərdə isə gənclərin böyük potensialından rasional istifadə olunmaqdadır. Azərbaycanın innovasiyaların tətbiqini nəzərdə tutan yeni xarakterli inkişaf strategiyası isə qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından rasional şəkildə istifadə olunmasını nəzərdə tutur.
Məlum olduğu kimi, martın 1-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start verilib. Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ümumilikdə, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 5 ölkəsinə aid 32 nüfuzlu ali təhsil müəssisəsindən 109 nəfər məzun olaraq ölkəyə qayıdıb. Gənclərimiz ölkəmizi xarici ölkələrdə uğurla təmsil edirlər. Təhsil aldıqları ali təhsil müəssisələrində Azərbaycan Cəmiyyəti yaradır, bizim adət-ənənələrimizi, bayramlarımızı, mədəniyyətimizi təbliğ edirlər.
Gənc fəal, siyasi şərhçi, Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon İcmasının Gənclər Şurasının sədri Fuad Heydər "Sherg.az"a açıqlamasında deyib ki, hazırda Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biri məhz təhsil sahəsidir. Ekspertin sözlərinə görə, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu istiqamətdə çox ciddi addımlar atılır:
"Tələbələrimizin dünyanın aparıcı təhsil ocaqlarında təhsil alması, dövlətin bu istiqamətdə proqramlar tərtib etməsi və icrasını həyata keçirməsi olduqca müsbət hadisədir. Ötən illər ərzində əsas istiqamətimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi ki, buna nail olmuşuq. İndi həmin bölgələrin bərpasında yüksək təhsilli mühəndislərimiz, peşəkar mütəxəssislərimiz çalışır. Onların sayının daha da artmasında, perspektivdə dünya miqyasında tanınmış simalara çevrilməsində maraqlıyıq. Bu mənada dövlət başçısının da qeyd etdiyi kimi, bu istiqamətdə atılan addımlar Azərbaycanın gələcəyinə yönəlir. Şübhəsiz, ölkəmiz müstəqillik əldə etdikdən sonra gənclərin elm və təhsil sahəsində inkişafı müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli Liderin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından dərhal sonra elmə və alimlərə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində müşahidə edilən uzunmüddətli durğunluq inkişaf mərhələsi ilə əvəz olundu. Yüksəkixtisaslı gənc kadrların hazırlanması, cəmiyyətdə gənc müəllimlərin və gənc alimlərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edildi, tədbirlər həyata keçirildi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının parlaq gələcəyinə xidmət edəcək səviyyədə peşəkarlıqla həyata keçirilir və gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir".