Dövlət katibi Blinken mütəmadi olaraq cənab Prezidentlə görüşür və telefon əlaqəsi yaradır
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. A.Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb. Bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlət başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edib. Enerji, iqlim, nəqliyyat, COP sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlət başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ölkələrimizarası münasibətlərin yüksək olduğunun göstəricisidir. Deputatın sözlərinə görə, Azərbaycan regionun gündəliyini müəyyənləşdirir:
"Azərbaycan regionun ən güclü və inkişaf etmiş ölkəsidir. Bizim iştirakımız olmadan regionda hər hansı layihənin icra edilməsi mümkün deyil. ABŞ Azərbaycana və onun regionda tutduğu mövqeyə hörmətlə yanaşır və dəyərləndirir. O səbəbdən Dövlət katibi Blinken mütəmadi olaraq cənab Prezidentlə görüşür və telefon əlaqəsi yaradır. Bu gün Cənubi Qafqazın gündəliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən birbaşa asıllıdır. Prerzident İlham Əliyev telefon danışığı zamanı Ermənistanın işğalı altında olan 4 kəndimizin bizə qaytarılmasını, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanıldığını vurğuladı. Sülh danışıqlarının davam etirilməsinə razılaşdığımızı Entoni Blinkenin diqqətinə çatdırdı. O cümlədən yaxın günlərdə XİN rəhbərlərinin Qazaxıstanda növbəti görüşünün keçiriləcəyini dedi. Baza prinsipləri üzrə sülh danışıqları istiqamətində razılaşmanın əldə olunma ehtimalının böyük olduğunu bildirdi".
Parlamentari qeyd edib ki, dövlət başçısı Azərbaycanla Ermənistan arasında əldə olunmuş müsbət nərticələrin ikitərəfli və birbaşa danışıqlar müstəvisində nail olunduğunu xüsusilə vurğuladı: "Bu o deməkdir ki, prosesə kənar qüvvələr müdaxilə etməzsə, Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda, COP 29 beynəlxalq konfransına qədər sülh razılaşmasının ilkin variantı imzalana bilər. Önəmli məqam odur ki, Blinken də Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar prosesini dəstəklədiyini ifadə etdi. Azərbaycan Cənubi Qafqazda ABŞ-nin əsas tərəfdaşıdır, bunu Vaşinqton da qəbul edir. Bu baxımdan dövlət rəhbərliyi səviyyəsində təmasların artması ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirir, regionda sülhün yaranmasına töhfə verir".