Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib - RƏY

İranın imperiya siyasəti bölgə dövlətlərinin hamısı üçün təhdiddir

  İranın Müasir Tarixi Tədqiqat Mərkəzində Azərbaycan əleyhinə növbəti tədbir keçirilib. Tədbirin əsas məruzəçisi Tehran Universitetinin professoru Əhməd Kazımi Azərbaycana qarşı böhtanlar səsləndirib. O, Türk Dövlətləri Təşkilatının yaradılmasını “sionizm və anqlosaks planı” adlandırıb, "müsəlman-sionimz fenomeni"nin yaradılmasına çalışıldığını iddia edib. Əhməd Kazımi deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi, İkinci Qarabağ müharibəsinin baş verməsi də "planın tərkib hissəsi"dir: "Bundan sonra Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılması planlaşdırılır". Çıxışında Qarabağın işğaldan azad olunmasından narahatlıq keçirdiyi hiss olunan tədqiqatçı Azərbaycanın "sionizmin bazasına" çevrildiyini iddia edib. O, İran rəsmilərinin Cənubi Qafqazda vəhhabiliyin yayılması barədə iddialarını təkrarlayıb: “Bütün bunlarda müştərək məqsəd panazəriləri turanlaşdırmaq və azərbaycanlıların əsl iranlı kimliyini məhv etmək, erməni soyqırımı barədə həqiqətləri ört-basdır etmək, fars dili, mədəniyyətini zəiflətmək, aradan qaldırmaqdır”.
  Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Sherg.az"a deyib ki, əvvəllər Qarabağ probleminin davam etdiyi dövrdə İran, Fransa kimi dövlətlər Azərbaycan və Türkiyə əleyhinə bu uydurma amildən tez-tez istifadə edirdilər. Ekspertin sözlərinə görə, Azərbaycanın inkişafının qarşısını almaq, maneələr yaratmaq üçün Qarabağ probleminin həllinə ciddi maneələr yaradırdılar: 

"İndi isə artıq bu problemin həll olunduğunu, hətta Ermənistan-Azərbaycan arasında normal münasibətlərdə irəliləyişin olduğunu görüb birbaşa özləri açıq mübarizəyə keçiblər. İran, ümumiyyətlə, Azərbaycanı müstəqil görmək istəmir. Sasani imperiyasını və qədim dinlərini bərpa etmək istəyirlər. İraq, Suriya, Yəmən, Fələstindəki fəaliyyətləri də islam üçün, müsəlmanlar üçün yox, öz imperiya siyasətləri üçündür. Onların ifadə etdiyi "islam", əslində, "Sasani" sözünün gizlədilmiş formasıdır. Çünki islam dininə uyğun siyasət aparmırlar. Əksinə, islamın məhvinə çalışır, müsəlmanların qanının daha çox tökülməsinə şərait yaradırlar".
  Analitikin fikrincə, bu yaxınlarda İraqda tarixdə ilk dəfə Türkiyə ilə sərhəddə baza yaradılması da Türkiyəyə qarşı İran-ABŞ gizli ittifaqının nəticəsidir: "Türk dünyasının birləşməməsi, islamın təhrif olunaraq aradan aparılması, müsəlmanların mümkün qədər məzhəb ixtilafları ilə zəiflədilməsi siyasətində ABŞ və İranı tam müttəfiq saymaq olar. ABŞ-nin İrana ciddi təzyiq göstərməməsi, hətta İsrailin hücumlarına qarşı çıxması buna görədir ki, İran özü islam və Türk dünyasına qarşı ABŞ-nin istəklərini tam icra edir. İran fars birliyi yaratmaq üçün Tacikistana müraciət etmişdi. Təbrizdə erməni konsulluğunun fəaliyyəti kimi məsələlərlə İran mümkün qədər Azərbaycana mane olmaq istəyir. Onların məqsədi İslam inqilabının ixracı adı altında müsəlmanları qonşu ölkələrdə təsir altına salmaqla siyasi hakimiyyətlərə qarşı qaldırmaqdır. "Kərimə", yaxud başqa adlar altında Sasani imperiyasının siyasi sərhədlərini, sonra da coğrafi sərhədlərini yenidən cızmaqdır".
  T.İrfan vurğulayıb ki, İranın imperiya siyasəti bölgə dövlətlərinin hamısı üçün təhdiddir:

"Sionizm damğası İranın şantaj və şərləmə alətidir. Əslində, dünyada ən böyük sionist İsraildən də çox İranın özüdür. İraq-İran savaşında İsrailin silahları ilə 1 milyon müsəlmanın qanını məhz İran töküb. İsrailin sionist hərbi ekspertləri, ataşşelərinin İranda fəaliyyətini o dördə Ayətullah Hüseynəli Müntəziri tənzimləyirdi. İrana hərbi təchizat, silah-sursat məhz 8 il ərzində İsraildən gəlirdi, İranın 80 faiz silah təminatını İsrail həyata keçirirdi, İraq və digər müsəlman ölkələr əleyhinə. Hətta İraqın o dövrdə Fransadan alıb zənginləşdirdiyini uranı, nüvə stansiyalarını İranın təhriki ilə İsrail bombalayıb ləğv etmişdi. Sonra süni düşmən obrazı yaratmaq üçün, İrana 8 il verdiyi silah dəstəyinin əvəzi olaraq İsrailin də silahlanmasına, hətta nüvə silahına sahib olmasına İran şərait yaratdı öz mənəvi və maddi borcu olaraq. Üzdə təhdidlər ilə guya hər an İsrailə hücum edə bilər görüntüsü yaratmaqla İsrailin silahlanmasına zəmin yaratdı və İsrail silahlandı, Fələstin torpaqlarını tutdu. Sonuncu hücum isə görüntü və süni yaradılmış, əvvəlcədən danışılmış idi. Çünki İran uzun illərdir İsraili hədələyir, ancaq real olaraq heç bir hərbi müdaxilə etmirdi. Dünyada artıq İranın hədələri qeyri-ciddi görünür və İsrail-İran gizli müttəfiqliyi ifşa olurdu. Ona görə ABŞ vasitəsilə İsraillə danışaraq bir neçə dronla "toyda fişəng" mənzərəsi yaratdılar. Həm də İsrailə qarşı ərəb və digər müsəlman ölkələrinin Türkiyə də başda olmaqla Fələstin mövzusunda təzyiqləri artırdı. Qərbin, əsasən də ABŞ-nin İsrailə dəstəyi Qərbin özünü nüfuzdan salırdı. Məhz bu balansı tənzimləmək, İsraili də əzilən tərəf kimi göstərə bilmək üçün İranın onlara görüntü naminə hücumu lazım idi. Həm də ABŞ İranın nüfuzunu müsəlman ölkələri qarşısında qaldırmalı idi. Çünki bu gün ABŞ-nin müsəlman dövlətlərə qarşı edə bilmədiyini İran icra edir. İran ABŞ-nin müsəlmanlara qarşı "vuran qolu"dur".
  Təhlilçi diqqətə çatdırıb ki, Azərbaycana qarşı da İranla Qərbin mövqeyi bu baxımdan həmişə üst-üstə düşür: "İranın bu açıqlaması, əslində, "qara məni basınca mən qaranı basım" prizmasındandır. Özlərinin sionistliyini gizlətmək üçün başqalarına şamil edirlər. Sadəcə, Azərbaycanın türk və müsəlman dövlətləri ilə əlaqələri güclənərsə, bu müdaxilələr iflasa uğrayacaq. Çünki İrana hələ də bəzi müsəlman ölkələri səmimi yanaşır. Halbuki bu dövlətin ideoloji əsasları və idarəçilik siyasəti Azərbaycan da daxil olmaqla bütün türk və müsəlman dövlətlərini düşmən görmək, torpaqlarını öz torpağı hesab etməkdir. Məhz buna uyğun da müsəlman, türk dövlətləri həmişə ehtiyatlı olmalı, güclənməli, birləşməlidirlər. İsrail və sionizm məsələsi İranın müsəlman ölkələrini şantaj etmək vasitəsidir. Xarici düşmən obrazı yaradaraq özünü xalqa qəhrəman kimi göstərmək və düşmənin təhdidini əsas gətirərək xalqı həmişə basqı altında saxlamaq bu dövlətin əsas prinsiplərindəndir".