QHT-nin cəmiyyətdəki rolu artır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Yaxşı koordinasiya var

 Forumun əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinə inam və etimadı artırmaqdır

  Xəbər verdiyimiz kimi, mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbirdə köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib, 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. İdarə heyətinin digər üzvləri isə "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevadır. Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev deyib ki, Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədəm qoyaraq estafeti digər nəslə yüksək ləyaqətlə ötürür. Onun sözlərinə görə, bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir: "Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktiki nəticələrini görəcəyimizə ümid edirik. Biz yeni İdarə Heyətini hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-nin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”. PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək: "Bu islahatlar QHT-nin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək". QHT-yə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkürünü bildirib və onu diplomla təltif edib. Ekspertlərin sözlərinə görə, Milli QHT Forumunun idarə heyəti milli və beynəlxalq səviyyədə QHT sahəsindəki əsas məsələləri tədqiq etmək, müzakirə etmək və həll etmək üçün geniş bir təcrübəyə malikdir. İdarə Heyətinin sədri postuna seçilən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli QHT sahəsində 25 ilə yaxın iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır. ABŞ-nin, Britaniyanın, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir. İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb. “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva da uzun illərdir QHT sahəsində fəaliyyət göstərir, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub. Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədridir. 30 ildən çoxdur ki, QHT sahəsində fəaliyyət göstərir. Azərbaycan Gənclər İttifaqında, Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışıb. Miqrasiya sahəsində geniş spektrli beynəlxalq fəaliyyəti ilə seçilir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən “İNJURİA” jurnalının redaksiya şurasının sədridir. Xarici elmi jurnallarda sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış onlarla elmi məqalələrin müəllifidir. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli də 25 ildən çoxdur ki, QHT sektorunda fəaliyyət göstərir. O, “Konstitusiya” Araşdırmalar Fondunda vitse-prezident olub. Beynəlxalq təşkilatlarla sıx iş təcrübəsinə malikdir. İctimai iştirakçılıq, korrupsiyaya qarşı mübarizə və bir sıra istiqamətlər üzrə peşəkar təlimçidir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Xarici nəşrlərdə bir sıra elmi məqalələrin müəllifidir. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şurasında, keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində təmsil olunub. Erməni dilini bilir. Məlumat üçün onu bildirək ki, Azərbaycan Milli QHT Forumu vətəndaş cəmiyyətinin ən böyük təşkilatıdır və sıralarında 800-ə yaxın aktiv ictimai birliyi birləşdirir.
  
Milli QHT Forumunun İdarə Heyətinin üzvü "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli "Sherg.az"a açıqlamasında bildirib ki, qurumda aparılan islahatlar ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, qeyri-hökumət təşkilatı sektorunun gücləndirilməsinə, dövlətin müxtəlif sahələrində QHT-nin rolunun artırılmasına hədəflənmiş geniş islahatların tərkib hissəsidir. QHT rəhbərinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi qələbələr ölkəmizin yeni inkişaf strategiyasını şərtləndirir: 
"Mövcud reallıqlar ölkəmiz üçün yeni fürsətlər yaradıb. Bununla bərabər yeni çağırışlar da var. Azərbaycan QHT sektoru bu yeni çağırışlara hazır olmalı və yeni imkanlar dəyərləndirilməlidir. Öz potensialından istifadə edərək milli inkişaf prioritetlərinin əldə olunmasına töhfə verməyə çalışmalıdır. Bu islahatlar 2021-ci ildə başlayıb, üç il əvvəl QHT-yə Dövlət Dəstəyi Agentliyi yaradılıb. Üç il ərzində QHT-yə dövlət dəstəyi mexanizmi təkmilləşdirilmiş, normativ-hüquqi bazası inkişaf etdirilmişdi, qanunvericilik əsasları təkmilləşdirilmişdi. Eyni zamanda QHT-yə Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün müsabiqələrin keçirilməsinin prosedurları təkmilləşdirilmiş, şəffaflıq və hesabatlılıq artırılmışdı. Həmçinin, QHT-yə təlim və konsultativ dəstəyin verilməsi prosesi başlayıb. İki ildir ki, QHT mütəmadi olaraq təlimlərə cəlb olunur. Bütün bu proseslər əlbəttə ki, Milli QHT Forumundan yan keçə bilməzdi. Çünki Forum QHT-nin əhəmiyyətli hissəsini özündə birləşdirir və böyük ənənələrə malikdir. Milli QHT Forumu hər zaman Azərbaycanın ictimai həyatında, dövlətin müxtəlif sahələrində aktiv rolu ilə seçilib. Hazırda aparılan islahatlar Milli QHT Forumunun öz fəaliyyətindən daha dolğun istifadə etmək, Forumun institusional inkişafını həyata keçirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və onun təsir imkanlarını gücləndirməyə xidmət edir. Hesab edirik ki, Forum yeni çağırışlara uyğun olaraq daha çevik fəaliyyət göstərməlidir. Forumun QHT-nin bilik və bacarığının artırılmasında, xarici siyasətin prioritetlərinin həyata keçirilməsində rolu artmalıdır. Ümumilikdə yeni rəhbərliyin qarşısında duran əsas məsələlər bundan ibarətdir. QHT Forumunun fəaliyyəti Azərbaycanın inkişaf dinamikasına uyğunlaşmalıdır. Forum özəl sektorla da əlaqələrini gücləndirəcək. O cümlədən dövlət qurumları ilə cəmiyyəti narahat edən məsələlərin həllində aktiv rol alacaq".

  Z.İbrahimli islahatların davam edəcəyini söyləyib: "Forumun indiyədək əldə etdiyi təcrübə, keçdiyi yol buna imkan verir. Məqsəd və vəzifəmiz QHT-nin real inkişafına kömək etmək, onların bilik və bacarıqlarını artırmaq, ümumilikdə vətəndaş cəmiyyətinin gücləndirilməsi ilə bağlı dövlət siyasətinə əməli dəstək verməkdir. Bunun üçün kifayət qədər böyük potensial var. Azərbaycan qeyri-hökumət təşkilatları son vaxtlar ciddi təşəbbüslərə imza atırlar. Xüsusən Azərbaycana qarşı informasiya savaşında, Ermənistanın ekoloji cinayətlərinin işfa edilməsində, o cümlədən flora və faunamıza vurulmuş ziyanın dünya birliyinə çatdırılmasında aktiv rol oynayırlar. Dövlət tərəfindən keçirilən islahatlar bunun üçün münbit şərait yaradıb. QHT əlavə imkanlar və motivasiya əldə edib. Həm də çox yaxşı koordinasiya var. Bunlar QHT-nin cəmiyyətdəki rolunu artırır. Forumun əsas məqsədlərindən biri də QHT-yə inam və etimadı artırmaq, qeyri-hökumət təşkilatlarının nüfuzunu artırmaqdır. Həmçinin tamamilə şəffaf və hesabatlı olmaqdır".