Xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir
“Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır”
Diasporla bağlı uzun illərdir dövlət səviyyəsində ciddi işlər görülür. Xaricdə müxtəlif tədbirlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüşlər keçirilir. Mütəmadi olaraq xarici diplomatlarla əlaqələr qurulur, Azərbaycanın maraqları yüksək səviyyədə müdafiə olunur. Davamlı şəkildə aparılan iş xaricdə yaşayan həmyerlilərimizin həmrəyliyi, lobbiçilik fəaliyyəti
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına vasitə olur. Diaspor siyasətində yerli cəmiyyətə inteqrasiya olunmaq ən önəmli addımdır. Lakin bu fəaliyyət hər bir regionun özünəməxsus xüsusiyyətləri nəzərə alındıqda, yerli cəmiyyətin istək və maraqlarına uyğun şəkildə həyata keçirildikdə effektiv nəticə verir. Peşəkar diaspor işi ilə məşğul olanlar öz fəaliyyət istiqamətlərini konkretləşdirdikdə və strateji hədəflərini müəyyənləşdirdikdə istənilən nəticə əldə edirlər. Buna görə də bu sahədə çalışanların hər biri öz profilini bilməli və davamlı fəaliyyət istiqamətinə görə işini qurmalıdırlar. Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Eyni zamanda diaspor üzvləri öz məsuliyyətlərini daha çox hiss edirlər. Xüsusən Vətən müharibəsindən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasporunu məğlub durumuna salması bunu bir daha sübut etdi. Bu, bizdə əminlik yaradır ki, artıq diasporumuz təşkilatlanaraq mütəşəkkil hala gəlib və Azərbaycan uğrunda hər zaman mübarizəyə hazırdır. Artıq dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə motivasiya verib. Onlar Azərbaycanın haqq səsinin müdafiəsi, erməni terrorizminin ifşa olunması ilə bağlı həmrəylik nümayiş etdirirlər. Bununla belə hesab edilir ki, diaspor fəaliyyətini daha da gücləndirmək və genişləndirmək üçün informasiya mübarizəsində də öndə olmaq lazımdır. Azərbaycan həqiqətlərini yaymaq üçün xarici ölkə mediası ilə sıx əlaqələrin qurulması zərurətə çevrilib. Xarici KİV-də mütəmadi olaraq məqalələr işıqlandırılmalıdır. Bu məsələ ilə Azərbaycan rəhbərliyi dəfələrlə cağırış edib. Vətən müharibəsi dövründə ölkə başçısının şəxsən xarici KİV-ə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq mediada yayılmasının nə dərəcədə zəruri olmasının bariz nümunəsidir. Göründüyü kimi, bu fəaliyyət istiqaməti hər zaman prioritetdir. Xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə təbliğat və təşviqatlarını aparmalıdırlar. Hər şeydən öncə təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir. Sirr deyil ki, erməni lobbisi Azərbaycana və Türkiyəyə qarşı təbliğatını davam etdirir. Bu baxımdan Şuşa Bəyannaməsində Türkiyə diasporu ilə Azərbaycan diasporu arasında sıx əlaqələrin formalaşması məsələsinə dayanaraq fəaliyyət göstərilməlidir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqisadi inkişafı ilə bağlıdır. Dünyada təmsil olunmaq, ölkəni layiqincə təmsil etmək əsas vəzifədir. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Ancaq bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə uyğunlaşmalıdır.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində hərbi-siyasi, psixoloji qələbə qazandı. Bununla Azərbaycan, eyni zamanda erməni mifini yox etdi. Ekspertin sözlərinə görə, buna rəğmən, müharibədən sonrakı dövrdə erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti daha da aktivləşib:
"Xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə informasiya müharibəsi aparmalı, təbliğat və təşviqatlarını gücləndirməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, biz müşahidə edirik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var. Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədərdir. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır. Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasına ciddi diqqət yönəldilməlidir. Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləməli və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimilyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevrilməlidirlər”.
Fuad Hüseynzadə diqqətə çatdırıb ki, atıq ikinci nəsil diaspor üzvləri yetişir və bu gənclərin əksəriyyətinin valideynləri fəal diaspor üzvləridir. Yəni onlar diaspor ailəsində böyüyüblər: "Belə gənclərin bir növ diaspor təcrübəsi var və onların intellektual potensialından daha çox yararlanmaq olar. Ümumiyyətlə, diaspor gənclərini mahiyyət etibarilə düzgün qruplaşdırıb informasiya müharibəsində səmərəli fəaliyyətlər göstərmək olar. Beləcə, onların fəaliyyət dairəsini də genişləndirmək mümkündür. Çünki xaricdəki gənclər hələ ki, yenilikçi ideyalarını lazımi səviyyədə tətbiq edə bilmir. Bu gənclər bütün sahələri əhatə edən çoxşaxəli təşəbbüslərlə çıxış etməlidirlər. Onların Azərbaycanın milli maraqlarını xaricdə müdafiə etməsi üçün virtual platformalarda səmərəli fəaliyyətinin şahidi ola bilərik. Bu baxımdan informasiya müharibəsi üçün belə gənclərdən ibarət “Mobil qruplar” hazırlamaq olar. Bir neçə region üzrə yaradılan “Mobil qruplar”ı bir mərkəzdən koordinasiya etmək mümkündür. Belə gənclərdən ibarət qruplar yaradılıb, daimi hazır vəziyyətdə saxlanılmalıdır. Bu gənclər bir növ informasiya müharibəsinin xüsusi təyinatlıları olaraq hazırlanmalıdır”.