Özünə, gücünə güvənən müxalifət parlamentdə, yerli özünü idarəetmə orqanlarında təmsilçilik hüququ qazana bilər
Ötən həftə Prezident Administrasiyası növbəti addıma imza atdı. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olundu. Görüşdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı gördüyü işlərə nəzər salındı. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndirdilər, ətraflı müzakirələr aparıldı. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyalarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilib. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Sherg.az"a açıqlamasında bildirib ki, iqtidar-müxalifət arasında, eyni zamanda dövlətin dörd strukturunun iştirakı ilə keçirilən bu görüş Azərbaycan tarixində mühüm, əlamətdar yerə malikdir və tarixə də belə düşəcək. Partiya rəhbəri vurğulayıb ki, qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir:
"Seçki öncəsi belə bir görüşün keçirilməsi yeni bir mərhələnin başlanğıcının anonsu idi. İqtidar-müxalifət partiyaları, dövlətin qurumları ilə partiyalar arasında sağlam münasibətlərin, əlaqələrin qurulması, dialoq mühitinin inkişaf etdirilməsi dövlətimiz üçün çox önəmlidir. Hesab edirəm ki, Azərbaycanda dövlət qeydiyyatında olan partiyaların mütləq əksəriyyəti milli dövlətçilik dəyərlərini tamlıqla dərk edən, yetişkin siyasət adamlarının rəhbərliyi altındadır. "Siyasi partiyalar haqqında" qanunun qəbulu partiyaların inkişafına xidmət edib. Fəaliyyətsiz, destruktiv mövqe sərgiləyən və sosial bazası olmayan partiyalar siyasi meydanlardan uzaq qalıblar. Əminəm ki, bələdiyyə və parlament seçkilərində daşlar öz yerinə oturacaq. Dövlətimizə, millətimizə yönəlik düşmənçilik siyasəti yürüdən siyasi dairələrə, beynəlxalq təşkilatlara qarşı iqtidarlı-müxalifətli vahid cəbhədə, səngərdə olması Azərbaycan dövlətini bir qədər də gücləndirəcək. İnanıram ki, parlament və bələdiyyə seçkilərində siyasi partiyalar aktiv və fəal şəkildə iştirak edəcəklər. Xalqdan səs və mandat almaqla bugünədək dövlət idarəetməsində iştirak etməmiş siyasi partiyalar parlament və bələdiyyədə öz fəaliyyətlərini qurmuş olacaqlar. Bu da növbəti yeni mərhələnin başlanğıcı olacaq".
A.Şakiroğlu vurğulayıb ki, hərdən cəmiyyətlər demokratiyaya tam hazır olmur, qismən hazır olurlar: "Təkamül yolu ilə demokratiyaya keçidin zəruriliyi və mütləqliyi bütün sivil dünya tərəfindən qəbul olunur. Azərbaycan cəmiyyəti də demokratiyaya hazırdır. İnqilabi yollarla dəyişikliyə gedilməsi heç də doğru deyil. Dialoq mühiti ilə tədricən müxalifət yerli özünü idarəetmə orqanlarında təmsilçilik hüququ qazanmalıdır. Eyni zamanda parlamentdə də hər bir partiyanın gücünə uyğun olaraq təmsilçiləri olmalıdır. Azərbaycanda mövcud olan siyasi partiyalar dərin tarixi köklərə malikdir. Müxalifətdə təmsil olunan siyasi partiyalar parlamentdə çoxluğa nail olacaqlar. Bunun fonunda Azərbaycanda dövlət qurumları ilə siyasi partiyaların konstruktiv əməkdaşlığından dövlətimiz, xalqımız udacaq. Məğlub olanlar isə xalqımızın, millətimizin düşmənləri olacaq".