Mina xəritələri hər zaman gündəmdə olacaq -RƏY

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Bu məsələdə beynəlxalq təşkilatlar Azərbaycan insanının hüquq və azadlıqlarına dəstək verməlidir


  Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı növbəti dəfə Ermənistanın mina terrorundan söz açıb. Nümayəndəmiz bildirib ki, münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir. Səfir qeyd edib ki, bununla da, Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir: "Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış, çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır". Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövrdə mina qurbanlarının sayı 360-a çatıb, onlardan 68-i həyatını itirib, 292-si isə ağır yaralanıb. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da mütəmadi bu məsələni gündəmə gətirir. Ombudsman Ermənistanın mina terrorunun vətəndaşlarımızın hüquqlarının tam təminatına mane olduğunu bildirir. O, diqqət çəkib ki, Füzulinin əhalisi işğaldan öncə 120 min olub və təkcə Füzulidə 90 min mina basdırılıb: "Digər ərazilərimizdə də bu cür mina terroru törədilib. Təbii ki, bu, böyük ziyandır". Torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması zamanı vandallıq aktları törədilməsi ilə yanaşı, ərazilərimiz minalarla da çirkləndirilib. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insan mina qurbanı olub. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk edərkən əraziləri minalayıblar. Onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin bir qismində məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib, digər mina xəritələri isə ümumiyyətlə qeyri-dəqiq olub. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuvalarına təhlükəsiz dönməsini təmin etməkdə aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur. Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə ANAMA ilə yanaşı, müxtəlif qurumlar da cəlb olunur. Bu işdə qadın minaaxtaranlar da yaxından iştirak edirlər. Ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 299, tank əleyhinə 114 mina və 1 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mart ayı ərzində 6094.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. 2023-cü ildə azad edilmiş ərazilərdə 8 min 529 mina zərərsizləşdirilib. Onlardan 3 min 495-i piyada əleyhinə, 5 min 34-ü tank əleyhinə minadır. Bundan əlavə, 23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2023-cü ildə 53081,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə pozmasıdır. Minalar insanların həyatına təhdid törətməklə yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına da maneələr yaradır. Azərbaycan öz daxili imkanları hesabına mövcud təhdid və maneələrin aradan qaldırılması istiqamətində genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları həyata keçirir. Təbii ki, aşkarlanan hər bir mina xilas edilən insan həyatıdır. Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı addımlar atmır. Bu laqeydlik səbəbindən bölgədə daha şox insanın mina qurbanı olmaq riski də qalır. Buna baxmayaraq, hələ də azərbaycanlılara qarşı davam edən mina terroru barədə Ermənistana qarşı beynəlxalq təşkilatlardan hər hansı qınama, adekvat cavab gəlmir. Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında sözügedən məsələ barədə danışıb və beynəlxalq təşkilatları bu ərazilərə dəvət edib ki, Ermənistanın törətdiyi cinayətləri öz gözləri ilə görsünlər. Təəssüf ki, məhz elə həmin beynəlxalq təşkilatlarda kök salmış erməni lobbisi və yaxud onun maliyyə dəstəyindən istifadə edən məmurlar bu vəhşiliyə göz yummağa davam edirlər. Əlbəttə, bu, birbaşa insan hüquqlarının pozulmasıdır və dünya birliyi buna susmamalıdır. Azərbaycan bu gün qardaş Türkiyənin də dəstəyi ilə öz gücü hesabına əraziləri minalardan təmizləyir. Bu isə çox ciddi maliyyə vəsaiti və texnika tələb edən bir məsələdir. Ermənilərin illərlə tarixi torpaqlarımızı minalamasının əsas məqsədi isə azərbaycanlıların öz yurdlarına qayıtmasını ləngitmək və insanlarda qorxu hissi yaratmaq olub. Artıq bütün dünyaya məlumdur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 1,5 milyondan çox mina basdırılıb. Beynəlxalq insan hüquqları mexanizmi işə salınmalı, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminat ödənilməlidir.

Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, ərazilərimizin ermənilər tərəfindən minalanması son 30 ildə dövlətimizə külli miqdarda, maddi-mənəvi, fiziki ziyan vurub. Ekspert bildirib ki, mina terroru nəticəsində yüzlərlə insanımız həyatını itirib, yaralanıb:
 "2020-ci il Qarabağ müharibəsindən sonra əldə edilmiş üçtərəfli razılığa görə, Ermənistan mina xəritələrini Azərbaycana təhvil verməli idi. Amma təhvil verdiyi xəritələrin heç 25 faizi həqiqəti əks etdirmirdi. Bu, bir daha Ermənistanın əməkdaşlıqda maraqlı olmadığını və mina xəritələrini Azərbaycana doğru-dürüst vermək istəmədiyini göstərir. Bu gün iki ölkə arasında aktiv şəkildə delimitasiya və demarkasiya məsələləri müzakirə olunur, tərəflər sülh prosesinə yaxınlaşır. Hətta belə vəziyyətdə də Ermənistan mina xəritələri məsələsində konstruktiv mövqe nümayiş etdirmir. Halbuki əminliklə deyə bilərik ki, dəqiq mina xəritələri Ermənistanda var və onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi. Bu, bir daha onu göstərir ki, ermənilər hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər və öz təhlükəsizlikləri üçün bu mina xəritələrinin dəqiq yerlərini təsbit edərək təmizləyirlər. Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, reallığı əks etdirmir". 

  Ə.Şahidov bəyan edib ki, Ermənistan mina xəritələri üzərindən də siyasi oyun quraraq müharibə cinayəti törətməyə davam edir: 
"Düşünürəm ki, mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlarda mina xəritələri məsələsini gündəmə gətirməliyik. Beynəlxalq təşkilatların Ermənistana bu məsələdə təzyiq göstərməsinə çalışmalıyıq. Amma beynəlxalq təşkilatlarda, xüsusən xristian Avropasında ikili standartlar artıq həyat tərzinə çevrilib. Qərbin marağında olan məsələlərdə qısa müddət ərzində qərarlar çıxarılır və həyata keçirilir. Amma Azərbaycan, Türkiyə, müsəlman-türk dünyası ilə bağlı məsələlərdə, təəssüflər olsun ki, bu operativliyi müşahidə edə bilmirik. İstənilən halda Azərbaycan mina xəritələri məsələsini hər zaman gündəmdə saxlayır. Bu məsələ hər zaman Azərbaycan dövlətinin gündəmində olacaq".