Ermənistanda hökumət əleyhinə etiraz aksiyası: 240 nəfər saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda yenidən başlayan hökumət əleyhinə etirazlarda 240-dan çox etirazçı saxlanılıb. 

Sherg.az xəbər verir ki, fəallar baş nazir Nikol Paşinyanın iqamətgahına doğru addımlayıblar. Paşinyanla görüş üçün müraciət edilib, lakin baş nazir bu müraciətə cavab verməyib.

Erməni mətbuatında yer alan xəbərə görə, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hökumət əleyhinə qruplar səhər saatlarından paytaxt İrəvanın bəzi küçələrini nəqliyyatın hərəkətinə bağlayıb.

Müxalifət deputatları da daxil olmaqla, polis qüvvələri ilə fəallar arasında vaxtaşırı toqquşmaların yaşandığı bildirilib.

Bir çox fəalın polis tərəfindən zor tətbiq edilərək saxlanıldığı, saxlanılanların sayının 240-ı ötdüyü bildirilib.

Arxiyepiskop Qalstanyanın rəhbərlik etdiyi fəallar dünən saat 16.00-da Respublika meydanında mitinq keçiriblər.