Azərbaycanda heyvan bazarında qiymətlər artıb, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində artım hiss olunur. Bunun isə iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı ilə bağlı olduğu deyilir.
Bəs görəsən qiymət artımı yalnız Qurban bayramının yaxınlaşması ilə əlaqədardır? Bayramdan sonra ətin qiyməti azala bilər?
Məsələni dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, heyvanların qiymətinin bahalaşmasının ən birinci səbəbi Qurban bayramının yaxınlaşmasıdır:
"Hər il bayramdan öncə xırdabuynuzlu heyvanlara təlabat artır. Bu isə mövsümü faktordur. Həmçinin, ölkədə xırdabuynuzlu heyvanların sayı azalıb. Məsələn, 2015-2016 cı ildə ölkədə 8.7 milyon keçi-qoyun vardısa, bu rəqəm azalaraq 7,8 milyon olub. Yəni, xırdabuynuzlu heyvanların sayı 10 faiz azalıb. Bu müddətdə isə qoyun-keçi istehlakı 20 faizədək artıb. Bunun əsas səbəbi insanların sayının və təlabatın çoxalması ilə bağlıdır. Bir sözlə, istehlak çoxdur, saxlanan heyvanların sayı isə azdır. Ötən il bu fərqi idxal hesabına bağlamağa çalışırdıq. 2022-ci illə müqayisədə keçən il diri qoyun idxalı 192 mindən 312 minə qalxdı. Bu ilin əvəlində Gürcüstanda qoyun ixracına məhdudiyyətlər qoyuldu. Təbii ki, bu amil də qiymətə təsir edir. Şübhəsiz ki, yaxın vaxtlarda da qiymətin artma tendensiyasını müşahidə etməyə davam edəcəyik".