Van və Qarsda Qərbi Azərbaycana qayıdışa dair konfranslar keçirilib - FOTOLAR

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin icra etdiyi "Türkiyədə yaşayan Qərbi Azərbaycan əsilli əhalinin yurdlarına geri dönüş mübarizəsi” adlı layihə çərçivəsində Türkiyənin Van və Qars şəhərlərində konfranslar keçirilib.

"Sherg.az" xəbər verir ki, Van Yüzüncü Yıl Universitetində və Qars şəhərində yerləşən Qafqaz Universitetində keçirilən konfranslarda Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri, müvafiq media təmsilçiləri, müəllim və tələbə heyəti bir araya gəlib, müzakirələr aparıb.
İctimai Birliyin sədri Qafar Mehdiyev və digər çıxışçılar Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıdış mübarizəsinin perspektivlərindən, siyasi və hüquqi aspektlərindən, beynəlxalq normalara uyğunluqlarından bəhs ediblər. Onlar indiki Ermənistan Respublikasının tarixi Azərbaycan torpaqlarında yaradıldığını və Ermənistan hakimiyyətinin bu yerlərdə Azərbaycan xalqının maddi-mədəni irsini talan etdiyini, UNESCO və digər təşkilatların buna göz yumduğunu bildiriblər. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.