Vətəndaşlar deputatlardan iş istəyir

Əsas şikayət dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir


"İşəgötürəni məcbur edə, gəmidə oturub gəmiçi ilə dalaşa bilmərik. Orta aylıq əməkhaqqı dinamikdir və dəyişir". 
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Nazir müavini bildirib ki, peşə hazırlığı kursları ilə bağlı hədəflər var: “Çalışmaq lazımdır ki, peşələr əmək bazarının tələbini ödəsin. Sorğular vasitəsilə biz əmək bazarında ən çox tələb olunan peşələri müəyyən edirik. Peşə hazırlığı motivasiya əsaslı olmalıdır, heç kim təqaüdə görə peşə hazırlığına gəlməməlidir. Biz 2018-ci ildən sonra peşə hazırlığına yanaşmanı 90 faiz dəyişmişik. Növbəti mərhələdə peşə hazırlığını bitirənlərin 65 faizinin işlə təmin olması hədəfimizdir. Peşə hazırlığı keçənləri əmək bazarına buraxmaq hədəf deyil. Bizim hədəfimiz odur ki, işə götürənlə işsiz şəxsləri əlaqələndirək, işsizləri peşə hazırlığına cəlb edək və onların işlə təmin olunmasına nail olaq. Hamımız bilirik ki, əmək bazarının lokomotivi işəgötürənlərdir. Biz işəgötürənlərlə əməkdaşlığımızı inzibati model üzərindən deyil, xidmət modeli üzərindən qururuq. Biz işəgötürəni kimisə işə götürməyə məcbur edə bilmərik. Gəmidə oturub gəmiçi ilə dalaşa bilmərik. Yəni işəgötürəni durmadan cərimə etsək, onlara sonra işçi göndərə bilmərik. Biz işəgötürənlərin özlərini bizlə işləməyə həvəsləndiririk”. Nazir müavini dövlət təşkilatlarında olan vakansiyalarla bağlı deyilənlərə münasibət bildirib: “Biz dövlət qurumları ilə işləyirik. Gələn işsizlər dövlət orqanlarında iş istəyəndə, biz onlarla iş aparırıq. Amma dövlət qurumlarında bir çox vakansiyalar dövlət qulluğuyla, imtahanla qəbulla bağlı olur. Onların elan olunmasının da heç bir əhəmiyyəti yoxdur”.

"Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır" 

Deputat Məlahət İbrahimqızı deyib ki, sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır. Çünki iş yerləri kifayət qədər olsa da, peşə hazırlığının olmaması səbəbindən işsizlik yaranır. Deputat bildirib ki, müşahidələrə əsasən sərhəd bölgələrində cavan şəxslər demək olar yoxdur: “İş var, amma peşə hazırlığı ilə bağlı addımlar atılmır. Hətta maraqlandım bir çox qurumların boş vakant yerləri var, amma kənddə olan insanların, orada çalışmaq istəyənlərin peşə hazırlığı yoxdur. Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək istəyənlər ali təhsilli deyil”.

"Məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev peşə hazırlığına cəlb olunanların təqaüdünün azaldılmasına münasibət bildirib. Deputat deyib ki, peşə hazırlığına cəlb olunanların təqaüdü 100 faiz saxlansa da, 50 faiz azaldıla da bilərdi: “Amma əsas məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir”. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq: “Bu təqaüdün məbləğinin aylıq minimum əməkhaqqıya bağlılığı saxlanacaq. Gələcəkdə minimum əməkhaqqı artanda bu təqaüd də artacaq. Beynəlxalq təcrübədə şəxslərə minimum əməkhaqqı məbləğində təqaüd ödənilməsi təcrübəsi yoxdur. Biz təqaüd xərcləri ilə yanaşı peşə hazırlığına cəlb olunmuş şəxslərin nəqliyyat xərclərini də təmin edirik. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədi daşımamalıdır, peşə hazırlığına cəlb olunan şəxs harada işləyəcəyini müəyyən etməlidir”. 
Qeyd edək ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək. Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

"Qurumlarda vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü deputat Aqil Məmmədov deyib ki, seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırlar: "Vətəndaşların əsas şikayəti dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir. Dövlət qurumlarında elə işlər var ki, imtahanla götürülür, amma texniki işlərlə bağlı vakansiyaları Dövlət Məşğulluq Agentliyinə vermirlər. Bura rəhbərlər özləri işçi təyin edirlər. Biz bu mexanizmə yenidən baxmalıyıq. Dövlət qurumlarında vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır. Bu məsələ ilə bağlı yeni mexanizm tətbiq edilməlidir, vakansiya barədə məlumat verməyən qurumlar müəyyənləşdirilməlidir". Aqil Məmmədov bildirib ki, peşə hazırlığından keçən şəxslərin sonrakı taleyi ilə maraqlanılmalıdır: “Yəni 15 minə qədər şəxs gəlir ki, peşə hazırlığından keçir. Bəs onların iş tapıb-tapmaması ilə maraqlanılırmı? Digər tərəfdən, müsabiqə ərəfəsində regionlarda da iş yerlərinin yaradılması diqqətdə olmalıdır. Regionlarda da gənclərin, insanların işlə təmin olunması diqqətdə olmalıdır. Müsabiqələrdə daha çox Bakı və Bakı ətrafı rayonlarda yeni iş yerlərinin yaradılması məsələsi müşahidə edilir”.