Dünya Azərbaycanın Avropanın enerji təhlükəsizlyini təmin etməsindən bəhs edir və bunu yüksək qiymətləndirir
Dünən Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Məlumat üçün bildirək ki, Bakı Enerji Həftəsi iyunun 6-dək davam edəcək. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “CaspianOil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “CaspianPower” və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da, diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir sıra əlamətdar hadisələrə təsadüf edir. Bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Müasir müstəqil Azərbaycanın banisi, Azərbaycanın yeni enerji strategiyasının müəllifi, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın yeni enerji strategiyasının əsası qoyulub. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “CaspianOil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. İlk dəfə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərgi təşkil olunub. Həmin dövrdən etibarən, “CaspianOil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə də zəmin yaradır. Məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında da əks olunub. Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.
Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “CaspianOil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a bildirib ki, Azərbaycan neft və qazı dünya ehtiyatının cəmi 0.4 faizini təşkil edir. Ancaq bununla belə dünya məhz Azərbaycanın karbohidrogen ehtiyatlarından danışır:
"Dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etməsindən bəhs edir və bunu yüksək qiymətləndirir. Çünki Azərbaycan dövlətinin siyasəti düzgün seçilib, prioritetlər düzgün müəyyənləşib. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin sözü ilə fəaliyyəti üst-üstə düşür. Dünyanın aparıcı ölkələri Azərbaycanı özləri üçün ən etibarlı tərəfdaş bilirlər. Azərbaycanla işləməkdən, əməkdaşlıqdan rahatlıq duyurlar. Bilirlər ki, Azərbaycan onları darda, çətin gündə qoymayacaq. Onu da nəzərə alaq ki, Azərbaycan özünü sadəcə təbii ehtiyat ixracatı ilə məhdudlaşdırmayıb. Əldə edilən gəlirlər Azərbaycan iqtisadiyyatının yenidən qurulmasında çox böyük rol oynayır. Ən böyük investisiya insan kapitalına yönəlib. Məhz Azərbaycan öz gücü ilə işğaldan azad etdiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri aparır. Cənab Prezidentin Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı bir daha göstərir ki, Azərbaycan öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir".
Parlamentari bəyan edib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da genişləndirir, öz tərəfdaşları ilə sıx işləyir, təcrübəsini dünya ilə bölüşür: "Ölkəmiz yaşıl enerjiyə böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, COP29-un da səsvermə ilə Azərbaycanda keçirilməsinə qərar verildi. COP-ların keçirilmə tarixi göstərir ki, onlar az-az hallarda qeyri-Avropa ölkələrində keçirilir. Onlardan biri də Azərbaycan olacaq. İşğaldan azad olunan zonalarda alternativ enerji stansiyalarının istifadəsi geniş vüsət almaqdadır. Azərbaycanın energetika sahəsində kifayət qədər təcrübəsi və deməyə sözü var. Şübhə yox ki, qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar".