“Birmənalı olan isə odur ki, regiona kənar ölkələri, təşkilatları gətirmək bölgəyə əlavə problemlərin daşınması deməkdir"
Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış edib. Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib. O əlavə edib ki, əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər: "Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər". Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizini nəzərdə tutduğu şübhəsizdir. Çünki məhz onun “3-cü dövlətin nəzarətinə verilməsi” məsələsi var. 10 noyabr 2020-ci il bəyanatına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir. Simonyan “düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər” sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tutur. Yəni heç bir halda nəzarətin Rusiyaya verilməyəcəyini elan edir. Parlament sədri yola nəzarət üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində müvafiq qurum yaradıldığını və bu qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirməklə yanaşı, təhlükəsizliyin təmini üçün "bir təşkilat" müzakirəsinə də açıq olduqlarını qeyd edir. Bəzi şərhçilərə görə, söhbət “Frontex” kimi tanınan təşkilatdan - Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir. Qeyd edək ki, “Frontex” 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib. 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10 min nəfərə çatdırılması planlaşdırılır.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Simonyan, əslində, Zəngəzur dəhlizi məsələsinin Azərbaycanla Ermənistan arasında ikitərəfli həllinin tərəfdarı olduqlarını demək istəyir. Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizdə Rusiya və digər ölkələrin nəzarət funksiyasını yerinə yetirməsinə birmənalı qarşıdır:
"İrəvan hökumətinin niyyəti odur ki, Zəngəzur dəhlizinə nəzarət və yoxlama funksiyası Ermənstan dövlətinin özü tərəfindən həyata keçirilsin. Azərbaycanın isə bu məsələdə mövqeyi, tələbi konkretdir. Bakı dəfələrlə bəyan edib ki, vətəndaşlarımız Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst gedib-gəlməlidir və heç bir dövlət, ya qurum onları yoxlamamalıdır. Dəhlizdə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi kimi təşkilatın olması Azərbaycanın maraqlarına uyğun deyil. Əslində Ermənistan üçün də faydasızdır".
Analitik xatırladıb ki, Avropa İttifaqı, ABŞ və Ermənistan arasında Brüsseldə imzalanmış 5 aprel anlaşması var: "Görünür, İrəvan Zəngəzur dəhlizi ilə bağlı prosesə onları da cəlb etmək niyyətindədir. Ancaq Rusiya bütün vasitələrlə Qərbin Cənubi Qafqaza yerləşməsinə mane olur və olmağa davam edəcək. Ermənistanın Rusiya əngəlini aşaraq, Qərb ölkələrini regiona gətirmək cəhdlərinin reallaşacağı sual altındadır. Ola bilsin, Ermənistan və Azərbaycan belə bir anlaşma əldə etdi ki, Zəngəzur dəhlizindən keçənlər vətəndaşlarımıza gömrük, yoxlama prosedurları tətbiq olunmayacaq. Ancaq dəhlizdən keçəcək digər dövlətlərin vətəndaşları yoxlanılacaq. Məsələ ondadır ki, Ermənistan sonadək bu prosesi həyata keçirə, üzərinə götürdüyü öhdəlikləri icra edə biləcəkmi? Kim qarantiya verəcək ki, İrəvan hökuməti hansısa kiçik gərginlik fonunda dəhlizdə gediş-gəlişə maneçilik törətməyəcək? Hələlik sual doğuran məqamlar çoxdur. Birmənalı olan isə odur ki, regiona kənar ölkələri, təşkilatları gətirmək bölgəyə əlavə problemlərin daşınması deməkdir".