“Bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda sülh və qarşılıqlı hörmət formalaşar”
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilib. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri var. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Azərbaycanda tarixən müxtəlif məzhəblər və dinlər arasında qarşılıqlı hörmət və həmrəylik mövcud olub. Heç vaxt dini və məzhəbi zəmində qarşıdurmalar, dini çəkişmələr baş verməyib. Bu, onu göstərir ki, Azərbaycanda məzhəblərarası tolerantlığın dərin tarixi kökləri var. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda, aydın şəkildə görürük ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində və milli dövlətçiliyin bərqərar edilməsi istiqamətindəki fəaliyyətində müxtəlif məzhəbə mənsub ziyalılar, maarifçilər və ictimai xadimlər birgə fəaliyyət göstərmiş, din və məzhəb fərqliliyini nəzərə almadan azərbaycançılıq ideyaları ətrafında birləşiblər. Günümüzdə aydın nəzərə çarpır ki, dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindən biridir. Azərbaycanın dinlərarası və məzhəblərarası münasibətlər modelinin dünyanın bir çox müsəlman ölkəsi üçün nümunə təşkil etdiyi vurğulanır. Nəticə olaraq, bir daha vurğulanmalıdır ki, Azərbaycanda həyata keçirilən din siyasətinin prioritetlərini, bir tərəfdən, bütün vətəndaşların, o cümlədən dini azlıqların dini etiqad azadlığını təmin etmək, digər tərəfdən, dini təhlükəsizliyin tərkib hissəsi olan dini tolerantlığın bərqərar edilməsi təşkil edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov da “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransda çıxışında deyib ki, bu gün Azərbaycanda dinlərarası harmoniya ən yüksək səviyyədədir. Bu, dünyada analoqu olmayan ən yüksək formadadır. O bildirib ki, ölkəmiz buna bir günə nail olmayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qarabağ müharibəsi zamanı da biz bu harmoniyanın hansı səviyyədə olduğunu gördük. Biz bu harmoniyanı dünyaya ixrac etməliyik: “Deyirlər ki, sivilizasiyaların toqquşması labüddür. Necə edə bilərik ki, sivilizasiyalar toqquşmasın, qovuşsun, təkamül, inkişaf üçün bir-birinə dəstək versin. Biz xəstə dünyamızın sağalması üçün yol xəritəsinin müəyyənləşdirilməsinə çalışmalıyıq”. S.Heydərov əlavə edib ki, istər müsəlman ölkələri tərəfindən, eləcə də bəzi xristian yönümlü, yəni Qərb ölkələri tərəfindən bu təhdidlər görülür. Sədr müavini dinin siyasiləşdirilməsi formatında, eləcə də məzhəbçiliyin təbliğatı formatında bunları gördüklərini deyib: "Din öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə çevriləndə, maraqların icrasına yönələndə, əlbəttə ki, din təhlükəli meyara çevrilir". Səyavuş Heydərov arxayınlaşmanın əleyhinə olduğunu qeyd edib: "Çünki təhdidlər ciddi və təhlükəlidir. Bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz həmişə ayıq olmalıyıq. Bu məsələ həm ictimaiyyətin diqqətində olmalıdır, həm də dövlət bunu öz nəzarətində saxlayır".
Prezident İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına məktubunda vurğulayıb ki, fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib. Tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir. Azərbaycanda tarix boyu İslam dininə böyük hörmətlə yanaşılıb, islami dəyərləri təbliğ edilib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə beynəlxalq konfranslar, müxtəlif dini konfensiyaları bir araya gətirən tədbirlər keçirilib. Bütün bunlar göstərdi ki, Azərbaycan müasir dünyanın uğurlarını, inkişafını qəbul edir, bütün dinlərə hörmətlə yanaşır və tolerant ölkə olaraq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizdə təkcə müsəlmanlar deyil, xristianlar, yəhudilər də sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu tolerantlıq bütün dünya üçün nümunədir". Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Bildirilib ki, bütün səmavi dinlərin əziz tutduğu bu müqəddəs gün əsrlər boyudur dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır: "Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər abu-havasında - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir".
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda dinlərarası xoş münasibətlər mövcuddur. İlahiyyatçı-alimin sözlərinə görə, dünyanın heç bir yerində belə təcrübə yoxdur:
"Müsəlmanlar yaşayan bir çox ölkələrdə məzhəb qarşıdurmaları, müxtəlif xüsusiyyətli dini məzhəblərin dözülməz tendensiyasını müşahidə etməkdəyik. Ancaq Azərbaycanda biz sistemli şəkildə təşkil olunan dinlərarası dialoqların və dinlərarası xoş münasibətlərin təzahürünü görməkdəyik. Birinci və İkinci Qarabağ döyüşlərində ən çox istədiyimiz o idi ki, ilk növbədə müsəlman ölkələri tərəfimizdə dursunlar. Yəhudi ölkəsi İsrail bizi müdafiə etsə də, Fələstin hökuməti ermənilərin tərəfində durdu. Bir müsəlman ölkəsi kimi Səudiyyə Ərəbistanı bizim mövqeyimizi müdafiə etdi. Türkiyə həm dost, həm qardaş dövlət kimi daim yanımızda oldu. Biz bunu İrandan da gözləyirdik. Torpaqlarımız işğal altında olanda İran prezidenti dəfələrlə Ermənistana səfərlər edirdi və mövqeyimizi müdafiə etmirdi. Ya da zəif müdafiə edirdi. Amma biz bütün ölkələrə normal münasibətlər, əməkdaşlıq təklif etmişik".
Ə.Həsənov bəyan edib ki, Azərbaycanda müxtəlif xalqlar həyat sürür, fərqli dinlərin nümayəndələri yaşayır:
"Hamısı dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda sülh və qarşılıqlı hörmət formalaşar. Prezident İlham Əliyev deyib ki, son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir: "Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk".