"Şuşanın Türk dünyası üçün nə dərəcədə əhəmiyyətli şəhər olduğunun bir daha şahidi olduq".
Bu barədə "Sherg.az"a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə deyib.
F.Hüseynzadə bildirib ki, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünun keçirilməsi Azərbaycanın türk dünyasının birliyi üçün atdığı növbəti töhfəsi oldu:
"TDT üzvləri türk dünyasına, ümumiyyətlə beynəlxalq aləmə səslənərək önəmli mesajlarını verdilər. Bu, eyni zamanda, qardaşlıq və birlik görüşü idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu görüşün Türk Dövlətləri Təşkilatının perspektiv fəaliyyəti üçün çox mühüm rolu var. Qarabağa gələn türk dövlətlərinin rəhbərlərinin Azərbaycan Prezidenti barədə səsləndirdikləri yüksək fikirlər hər birimizi qürurlandırdı. Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə onların hər biri Prezident İlham Əliyevə səmimi-qəlbdən təbriklərini ünvanladılar. Türk dövlətləri başçılarının Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində görüşməyinin dərin siyasi və tarixi mənası var".
Ekspert vurğulayıb ki, Şuşa Qarabağın incisi olmaqla bərabər, dövlətimizin və xalqımızın Şanlı Zəfərinin simvoludur:
"İgidlik və cəsarət rəmzi olan bu şəhərdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün önəmli sənədi olan Qarabağ Bəyannaməsinin imzalanması bütün türk dünyası üçün siyasi əhəmiyyəti var. Bu, Şuşa Bəyannaməsindən sonra burada imzalanan ikinci tarixi əhəmiyyətli sənəddir. Hər iki bəyannamə Türk dünyasının qardaşlığının və birliyinin möhkəmlənməsinə xidmət edir".