Zirvə görüşü Türk Dövlətləri Təşkilatına daxil olmaq istəyən müşahidəçi dövlətlərin də Azərbaycanın yanında olmasının göstəricisi olacaq
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Sammitdə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cövdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib. Prezident deyib ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Ölkə rəhbəri vurğulayıb ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub: “Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi də imzalanıb. Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının daha yaxşı siyasi, iqtisadi və təhlükəsizlik faydaları əldə edə bilməsi üçün yol xəritəsini təqdim edir. Eyni zamanda bəyannamə TDT daxilində institusional səviyyədə inteqrasiyanın baş tutmasını və yarımçıq qalan məsələlərin yoluna qoyulması prioritetlərini əhatə edir. Bu, TDT-nin regional və beynəlxalq siyasətə baxışında, belə demək mümkünsə, hərtərəfli yanaşmalara diqqət yetirir. Qarabağ Bəyannaməsi böyük güclərdən hansınısa regional əməkdaşlıqdan təcrid səylərini istisna etməklə daha geniş əməkdaşlıq formatı üçün ideyalar toplusunu təqdim edir. Bu radiusda TDT-nin yeri bir neçə istiqamətdə bərkiyir. TDT Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirməklə hədəflərinə çatmağı planlayır. Daha geniş desək, bu, Çinin meyilləndiyi fərqli beynəlxalq nizam ideyaları ilə uyğunluq təşkil edir, lakin həm Rusiya, həm də Qərblə münasibətlərdə praqmatik təsirlər yaradır. Bu, TDT-nin uzunmüddətli perspektivdə qlobal və regional təhlükəsizlikdəki mövqelərini gücləndirə biləcək qiymət qazanır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı da özündə bütün məqamları ehtiva edir. Dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda Türk dünyasının birliyinin şahidinə çevrildi. Artıq ilə yaxındır təkcə paytaxt Bakı deyil, işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Ən əsası Şuşadan həm dünya azərbaycanlılarının, həm də bütün Türk dünyasının birliyinin dünyaya çatdırılması qürurverici olmaqla yanaşı, hazırkı dövrün əsas çağırışlarını özündə ehtiva edir. Bu birlik daimidir, sarsılmazdır, bütün türk dövlətləri onun möhkəmləndirilməsi üçün töhfələr verməyə səy göstərirlər. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi olduğunu nəzərə alsaq, həm iyul ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, həm də Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 bu sahədə də birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirəcək. Sözügedən Zirvə görüşündə əsas müzakirə mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması günümüzün reallıqları sırasındadır. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Zirvə görüşündə bütün bu məsələlər geniş müzakirə ediləcək, vahid mövqe ortaya qoyulacaq”.
İyunun 15-də Milli Qurtuluş Günündə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda, dövlət başçısı İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır:
“Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir güc mərkəzinə çevriləcəyi qaçılmazdır. Bu birlik möhkəm təmələ əsaslanır və atılan addımlar onu daha da möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının hər bir qərarı, təşəbbüsü təqdir edilir, birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə töhfə kimi diqqətdədir. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın ev sahibliyi etdiyi ən mötəbər tədbirdir. Ekspertin sözlərinə görə, sammit türk dövlətləri birliyinin bir daha nümayişidir:
"Eyni zamanda Şuşanın Azərbaycan və türk dövlətləri üçün nə qədər böyük əhəmiyyətə malik olmasının göstəricisidir. Sammitin gündəliyində duran əsas məsələ nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı gələcəyin qurulması və iqlim dəyişikliklərinə qarşı mübarizədir. Şübhəsiz, Qarabağ Bəyannaməsinin də qəbul olunması müstəsna haldır. Ümumiyyətlə, TDT çərçivəsində sıx əməkdaşlıq, nəqliyyat əlaqələrinin inkişafı və yeni kommunikasiyaların çəkilməsi türk dövlətləri üçün və bütövlükdə bölgəmiz üçün mühüm əhəmiyyətə malikdir. İlk növbədə Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizin bir hissəsinə çevrilməsi həm Azərbaycan, həm türk dövlətləri, həm də bölgə üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Heç təsadüfi deyil ki, bu günlərdə Azərbaycana səfər edən Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisi Ceyms Obrayen də bu məqamı xüsusi qeyd etdi. Çox təəssüf ki, hələlik Ermənistan bu prosesi ləngidir və onun bu məsələdə yeni kommunikasiyaların açılması məsələsində tutduğu qeyri-konstruktiv mövqe sülh sazişinin də imzalanmasına mane olur".
Analitik vurğulayıb ki, türk dövlətlərinin Şuşa sammiti və imzalanmış Bəyannaməsi həm Ermənistana, həm də ona dəstək verən digər dövlətlərə ünvanlanmış açıq mesaj olacaq:
"Ermənistan qeyri-konstruktiv mövqe tutmaqdan imtina etməlidir. Sülh sazişinin imzalanması üçün zəruri addımlar atılmalıdır. O cümlədən konstitusiyanın dəyişilməsi istiqamətində ciddi işlər görülməlidir. Əks halda bölgədə əmin-amanlığın, inkişafın və sülhün təmin olunması çox çətin olacaq. Şuşa Sammiti eyni zamanda türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatına daxil olmaq istəyən müşahidəçi dövlətlərin Azərbaycanın yanında olmasının göstəricisi olacaq. 2023-cü ildə və ondan əvvəlki illərdə qazandığımız qələbələr və Azərbaycana atılan böhtanlar fonunda şübhəsiz ki, bu dəstək bizim üçün son dərəcə mühümdür".