Baş nazirin seçilməsi, prezident, hökumət və parlament arasında tarazlıq məsələsi havadadır
Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin Aşağı palatası) ötən gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gələrək, 182 yer qazanıb. İkinci yeri 168 mandat qazanan “Respublika Naminə Birlikdə” prezident koalisiyası tutub. Parlamentin Aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə sağçı Milli Birlik olacaq. Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini ala bilməyib ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir.
Fransanın Baş naziri Qabriel Attal bazar ertəsi istefa vermək niyyətində olduğunu bildirib. Fransa Prezidenti Emmanuel Makron isə Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib. "Frans-Press" agentliyinin məlumatına görə, E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib. Qeyd edək ki, Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.
Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, Fransada ikinci tur birinci turdan fərqli keçib. Onun sözlərinə görə, Fransa parlamentinin Aşağı palatasında 577 yer var: "Seçkilərin nəticələrinə görə, heç bir koalisiya və ya partiya mütləq parlament çoxluğuna (289 yer) sahib olmadı. Birinci turdan sonra Makron və solçular sağçılar qarşısında pis göstəricilərini nəzərə alaraq ikinci turda birgə taktiki gedişdən istifadə etdilər.
Səslərin səpələnməsinin qarşısını almaq üçün onları daha güclü iştirakçılara vermək üçün namizədlərini geri çəkdilər. İkinci turdakı göstəricilər həm də ondan xəbər verir ki, ilk turda seçicilərin bir hissəsi sağ radikallara səs verərkən onların proqramlarına deyil, sırf Makrona etiraz səbəbi ilə bunu ediblər. Yəni Makronun əleyhinə olduqları üçün Le Penin adının qarşısına işarə qoyublar. İfrat sağçıların hakimiyyət perspektivini görən "kölgə"dəki idarəçilər cəld şəkildə onların qalib gəlməmələri üçün səylərini koordinasiya etdilər. Bir çox məsələlər yarımçıq qalmaqdadır. Baş nazirin seçilməsi, prezident, hökumət və parlament arasında tarazlıq məsələsi havadadır. Əminliklə deyə bilərik ki, yaxın 1 ildə Fransa siyasi arenasında qeyri-sabitlik daha da şiddətlənəcək. Əsas məsələlər isə növbəti seçkilərdə həllini tapacaq".