Azərbaycanın NATO ilə əməkdaşlığında heç vaxt qaranlıq tərəflər olmayıb
Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşüb. Görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib. Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan dövlətinin NATO ilə əməkdaşlığı uzun illərin təcrübəsinə əsaslanır. Analitik vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqları çərçivəsində aparır:
"Postsovet dövründə inkişaf və yeganə mühüm əməkdaşlıq platforması kimi NATO digər beynəlxalq platformalardan fərqlənib. Azərbaycanın strateji hədəfi avroatlantik məkana inteqrasiya olub. Amma bu inteqrasiya kiməsə qarşı yönəlməyib. Azərbaycan bu əməkdaşlığın kimsəyə qarşı olmadığını bəyan etmək üçün Qoşulmama Hərəkatını önə çəkərək həmin təşkilatın lider ölkəsi statusuna qalxıb. Azərbaycan-NATO əməkdaşlığında heç vaxt qaranlıq tərəflər olmayıb. Azərbaycan bu əməkdaşlıqdan beynəlxalq platforma kimi istifadə etməklə öz reallıqlarını dünyaya çatdırmaq və gələcək proseslər üçün fon hazırlayıb. Gələcək proseslər deyəndə vaxtilə işğalda olan torpaqlarını azad etmək üçün aparılan proses nəzərdə tutulur".
Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan NATO-nun ikinci böyük ordusu olan Türkiyə ilə strateji müttəfiqdir və qarşılıqlı yardım haqda "Şuşa bəyannaməsi" imzalayıb: "Bu, əslində, NATO üzvü olmaq kimi bir şeydir. Amma Azərbaycan bu prosesi elə aparıb ki, bundan kimsə narahat deyil. Azərbaycan Ordusu NATO standartlarına uyğun qurulub, hərbi alyansın bir çox təlimlərində, tədbirlərində iştirak edib. NATO çərçivəsində Kosovo və Əfqanıstanda sülhməramlı kimi iştirak edib. Qeyd edilənlər fonunda NATO Sammitində Azərbaycan XİN başçısı Ceyhun Bayramovun iştirakı mütləq idi, hansı ki belə də oldu. Azərbaycanın bu Sammitə getməyəcəyini iddia edən ekspertlər məsələyə qərəzli və dar çərçivədən baxanlardır. Onlar Azərbaycanın geniş şəkildə siyasi vizyonunun mahiyyətini doğru anlamırlar. Azərbaycan əgər Çinlə, Rusiya ilə müttəfiqdirsə, deməli, Qərblə düşmən olmalıdır məntiqi ilə fikir yürüdürlər. Azərbaycan isə bütün qütblərə eyni səviyyədə əməkdaşlıq edir ki, bu da Azərbaycan siyasətinin nonsenslərindəndir. Bütün qütblərə eyni məsafədə olmaq Azərbaycan siyasi xəttinin prioriteti olmaqla yanaşı, həm də bir unikallığıdlr".