Makron öz sonunun ortalarındadır - TƏHLİL

Olimpiya Oyunları zamanı qanlı təxribatlar baş verə bilər

Fransanın ağılsız  prezidenti nəinki miqrantların, hətta kasıbların belə paytaxtda yaşamasına imkan vermir

Fransada Makron hökuməti uğursuzluqdan xilas ola bilmir. Müstəmləkələrindən biabırcasına qovulan Fransa baş verənlərdən nəticə çıxarmaq əvəzinə, əksinə, daha da azğınlaşır. Sirr deyil ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olan əsas qüvvədir və öz çirkin məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə edir, onları silahlandırır. Əminliklə deyə bilərik ki, Emmanuel Makronun prezidentliyi ölkə tarixinə ən uğursuz illər kimi düşüb və əksəriyyət də bunu qəbul edir. Makronun uğursuzluğu təkcə xarici siyasətdə deyil, daxildə də davam edir. 

Məlumdur ki, iyulun 26-dan avqustun 11-dək ölkədə Olimpiya Oyunları keçiriləcək. Oyunlar ərəfəsində daxili siyasi gərginlik pik həddə çatıb. Yelisey sarayı ölkəsində miqrantlara qarşı hücuma keçib. Parisin küçələrindən zorla toplanaraq avtobuslara doldurulan miqrantlar paytaxt kənarlarına, hətta daha uzaq şəhər və qəsəbələrə daşınır. Fransa şəhərlərinin merləri hökuməti Olimpiya Oyunları ərəfəsində paytaxtı miqrantlardan “təmizləməkdə” günahlandırırlar. Bildirirlər ki, hakimiyyətin siyasəti şəhərlərə miqrant axının güclənməsinə gətirib çıxaracaq. Orlean şəhərinin meri Serj Qruar bəyan edib ki, hökumət 100 min insanın yaşadığı şəhərə heç bir xəbərdarlıq etmədən 500 miqrant köçürüb. Hər üç həftədən bir Parisdən Orleana 35-50 nəfər gəlir. O vurğulayıb ki, bütün bunlar Olimpiya Oyunları ərəfəsində paytaxtda “qayda-qanun” yaradılmasına yönəlib. Mer söyləyib ki, hər yeni gələn miqrant üç həftə ərzində dövlət hesabına yaşayış yeri, qida ilə təmin olunur. Üç həftədən sonra isə onlar taleyin ümidinə buraxılır. Bu addım Makron hakimiyyətinin insanlara yanaşmasının növbəti təzahürüdür. Qeyd edək ki, bundan əvvəl Lavora meri açıq məktub dərc edərək, miqrantların köçürülməsi siyasətini “məsuliyyətsiz” və “təhlükəli” adlandırmışdı. Sağlar və radikal qüvvələr də Fransa liderinin planını sərt tənqid ediblər. Onlar Makronu icmaları yoxsullaşdırmağa çalışmaqda, cinayətə sürükləməkdə günahlandırıblar. Makron hakimiyyətini beynəlxalq yarış ərəfəsində ciddi sınaqlar gözləyir. Hökumətə qarşı daxildə tənqid və etirazlar durmadan artır. Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) “Paris-2024” Yay Olimpiya Oyunlarının açılışına iki həftə qalmış yarışın ölkəyə mümkün iqtisadi təsirini araşdırıb. İnstitutun fikrincə, televiziya hüquqları, turizm və istehlak Oyunları ölkə üçün yaxşı biznesə çevirir. Həmçinin qeyd edilir ki, Olimpiadalar, xüsusilə də yerli idmançıların qələbəsi inamı gücləndirən mənəvi güc verən müstəsna birlik məqamıdır. İqtisadiyyata güvən çox vacibdir. Ancaq gözlənilən etiraz tətillərinin mənfi təsirləri də ola bilər. Artıq Paris Hava Limanları (ADP) həmkarlar ittifaqı bütün işçilər üçün bonuslar tələb edərək tətil bildirişləri göndərib. Təhlükəsizlik məsələsi də narahatlıq doğurur. Araşdırmaların nəticəsində məlum olub ki, Olimpiadadan sonra ölkədə siyasi qeyri-sabitlik daha gərginləşə bilər. Qeyri-müəyyən gələcəklə üzləşən fransızlar xərclərində daha ehtiyatlı olmalıdırlar. Buna görə də INSEE son rübdə ÜDM-in 0,1faizi qədər azalma ilə fəaliyyətin yavaşlayacağını proqnozlaşdırır. 

Siyasi elmlər doktoru, professoru Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, ümumiyyətlə Emmanuel Makron Fransa prezidenti seçiləndən fransızların qara günləri başlayıb. Professorun sözlərinə görə, adam siyasətdən kifayət qədər uzaqdır:

 "Nə qədər ki, Makron yox idi, Fransa bir növ Avropa İttifaqında diplomatiyanın sükanında əyləşmişdi. Amma görünən odur ki, Makronu hakimiyyətə gətirməklə Avropa İttifaqını dağıtmaq istəyən qüvvələr var. Onların mərkəzi də ABŞ-də cəmləşib. Onların məqsədi Avropanın iqtisadi gücünü azaltmaq, onların sənayesini zəiflətmək idi. Makron sayəsində buna nail oldular. Prezident öz təxribatlarına ilk növbədə xarici siyasətlə başladı. Fransanın bir çox ölkələrlə əlaqələrini gərginləşdirdi. Daha sonra daxildə gərginliyi artıracaq addımlar atdı, qərarlar verdi. Həm Avropa Parlamentinə seçkiləri, həm də daxili parlament seçkilərini uduzdu. Çünki Makron öz ölkəsini, Fransanı tanımır, orada baş verənləri düzgün analiz edə bilmir. Təckə sağçılar deyil, solçular da Makronun siyasətindən narazıdırlar. Onu birmənalı şəkildə hakimiyyəti idarə edə bilməməkdə ittiham edirlər. Yəni bir növ mədəni şəkildə Makronu istefaya çağırırlar". 

C.Nuriyev vurğulayıb ki, iki həftə ərzində Fransaya Olimpiya Oyunlarına görə yüz minlərin axışı baş verəcək: "Makron Fransanın paytaxtı Parisi dünyaya öz xəyalındakı şəhər kimi təqdim etməkdən ötrü hər cür təxribatlara əl atıb. Nəinki miqrantların, hətta kasıbların belə paytaxtda yaşamasına imkan vermir. Onları zorla avtobuslara yığaraq ucqar bölgələrə daşıtdırırlar. Əslində Makron özünə yaraşan şəkildə hərəkətlər edir. Amma problem ondadır ki, bu cür addımlar bütövlükdə Fransa və fransızlar üçün yaxşı heç nə vəd etmir. Fransanı sevən hökumət adamları, nüfuzlu siyasətçilər də Makrona qarşı çıxır, onu anlamadıqlarını etiraf edirlər. Elit fransızlar daha çox mədəni toplum kimi tanınıb. Ancaq yüz il öncə Fransaya köç etmiş makronlar fransız mədənyyətini mənimsəyə bilməyiblər. Ehtimallar odur ki, Olimpiya Oyunları zamanı qanlı təxribatlar baş verə bilər. Makronun sonunun başlanğıcı onun Azərbaycana qarşı atdığı addımlarla başlayıb. İndi Makron öz sonunun ortalarındadır. Olimpiya Oyunları ərəfəsində atdığı addımlar isə onun sonunu yaxınlaşdıra bilər".