Dövlət Neft Fondu -Gələcəyə qoyulan sərmayə

Neft gəlirlərinin insan kapitalına çevrilməsi əsas prioritetdir 


  Azərbaycanın hazırda dünyada söz sahibi olması, ABŞ və inkişaf etmiş Qərb dövlətlərinin ölkəmizlə əməkdaşlıqları daim genişləndirməyə çalışması iqtisadi qüdrətimizin təzahürüdür. Azərbaycanın iqtisadi yüksəlişinin təməlində isə karbohidrogen ehtiyatlarından səmərəli istifadə dayanır. Təbii resurslarımızın ölkəmizin inkişafı, rifahı naminə istifadəsi isə əlbəttə, Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır. 

“Şokolad kimi...”

  Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin noyabrında, o zaman ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyevlə birlikdə “Çıraq”  yatağından ilk neft  hasilatının əldə olunmasına şahidlik etməsi və neftli əlini sevinclə üzünə çəkməsi səhnəsi “Bəxtiyar” filmini qeyri-iradi yada salır. Filmdə, hələ ki neftçi olan ecazkar səsə malik  Bəxtiyar neftin çıxmasını özünəməxsus ifa ilə xəbər verir: “Şokolad kimi.... “. O zaman sovet dövrü idi və Azərbaycan min bir əziyyətlə neftçilərin əldə etdikləri “şokolad kimi” nefti - təbii ehtiyatlarını öz xalqının rifahı naminə tam istifadə edə bilmirdi. Azərbaycan neft və qaz ehtiyatlarını yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə ölkəyə rəhbərlik etməyə başladıqda milliləşdirə bildi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti - ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta – arasında “Əsrin müqaviləsi” imzalandı. Bununla da, "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.  Ulu Öndər Heydər Əliyevin "neft Azərbaycanın milli sərvətidir" sözləri, sadəcə şüar deyildi, bu, ölkənin və xalqın gələcəyinə ünvanlanmış and idi. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz neft sənayesinin bərpası və inkişafı mərhələsinə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin illərdə ARDNŞ-nin birinci vitse-prezidenti olaraq elə ilk günlərdən yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi yüksəliş və daxili sabitlik əldə etdi. Regionda söz sahibinə çevrildi. Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev də təməli qoyulmuş iqtisadi inkişafı dayanıqlı etdi. Ümummilli Lider tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası 3 mühüm komponentdən ibarətdir; xarici sərmayə və təcrübənin ölkəyə cəlb edilməsi, çoxvariantlı ixrac sisteminin qurulması, təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə edilməsi. Neft strategiyasının uğurlu icrası son 30 ildə Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışını təmin edib. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsi kimi bəyan edib. Bu, Azərbaycanın nail olduğu iqtisadi yüksəliş, icitmai-siyasi sabitliyin göstəricisidir. 



Milli neft strategiyasının hədəfləri  
  İmzalanmış neft-qaz müqavilələri, “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi. Nəticədə Ümummilli Lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. Dövlət Neft Fondu neft gəlirlərini iri investisiya layihələrinin maliyyələşməsinə sərf edən başlıca qurumdur. ARDNF Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı, bundan sonra isə həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı maliyyələşdirib. Fondun 2024-cü il üçün investisiya siyasətinin məqsədi əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirməkdir. 2024-cü ildə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər götürülür. ARDNF-nun investisiya layihələri, əlbəttə ki, təkcə təhsillə məhdudlaşmır. ARDNF sosial-iqtisadi inkişafın bütün sahələrinə əsaslı maliyyə dəstəyi verir. Bu sırada Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi layihələrinin icrasında iştirak, Ermənistanın ərazilərimizi işğalı nəticəsində yurdundan didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin, yaşayış massivlərinin salınması, Oğuz-Qəbələ-Bakı su kəməri, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi və daha neçə-neçə investisiya layihələri həyata keçirilib. Neft gəlirlərinin insan kapitalına çevrilməsi isə əsas prioritetdir. 

Neft Fondu ölkənin gələcəyinə sərmayə yatırır

  İqtisadçı Pərviz Heydərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr ölkənin gələcəyinə hesablanıb: 
" Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycanın neft sektoruna xarici investorları cəlb elədi və “Əsrin müqaviləsi”nin imzalanmasıyla ölkəyə ilk xarici sərmayələrin daxil olmasına şərait yaratdı. Azərbaycana xarici valyuta axmağa başladı və ölkəmiz hazırkı iqtisadi inkişaf səviyyəsinə çatdı. Neftdən əldə edilən gəlirin səmərəli istifadəsinin təmin edilməsi məqsədilə də Dövlət Neft Fondu yaradıldı. Yəni Dövlət Neft Fondu məhz bu məqsədlə yaradılıb ki, neft gəlirləri ölkənin gələcəyinə sərf edilsin. Bu günədək Neft Fondunun icrasında iştirak etdiyi layihələrə baxsaq, bu layihələr ölkə iqtisadiyyatının inkişafında, həmçinin neft gəlirlərinin insan kapitalına çevrilməsində çox böyük dəyər və əhəmiyyət daşıdığının şahidi olarıq. Dövlət Neft Fondu qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2001-ci ildən etibarən iri layihələr icrasını maliyyələşdirib. Sonrakı dövrlərdə də bir sıra infrastruktur layihələrinin icrasında Fondun vəsaitlərindən istifadə olunub. Həmin layihələr böyük strateji, iqtisadi əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda Fondun vəsaitləri təhsilin inkişafına, xaricdə təhsilə, ixtisaslı kadr hazırlığına sərf olunur ki, bu da ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli layihələrdir. Dövlət Neft Fondu dövlət büdcəsinə böyük transferlər həyata keçirir. Qarşıya qoyulan strateji məqsəd qeyri-neft və qaz sektorunun inkişafı sayəsində Neft Fondundan dövlət büdcəsinə transferlərin məbləğini aşağı salmaq və neft gəlirlərinin insan kapitalına çevrilməsidir. Cənab Prezident İlham Əliyev də bu əsas strateji məqsədləri daim vurğulayır.  Bildirir ki, biz daim neft gəlirlərindən asılı qalmamalıyıq. Ölkə iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı elə bir səviyyəyə çatmalıdır ki, neft gəlirlərindən asılılıq minimuma ensin. Bu isə həm də ixtisaslı kadrların mövcudluğu ilə mümkün olacaq. Bu gün Neft Fondu ölkənin təhsilinə, tələbələrin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını maliyyələşdirirsə, cənab Prezident tərəfindən imzalanan dövlət proqramlarının icrasına vəsait ayırırsa, bu, ölkənin gələcəyinə qoyulan sərmayədir. Təhsilə qoyulan sərmayə heç vaxt itmir, hədər getmir. Məqsəd Azərbaycan təhsilinin beynəlxalq rəqabət qabiliyyətini artırmaq, təhsil, eyni zamanda xaricdə təhsillə bağlı dövlət proqramlarının icrasını yerinə yetirməkdir. Son 2 ilin əsas prioriteti budur. Dövlət Neft Fondunun maliyyələşdirdiyi uğurlu layihələr çoxdur. Sosialyönümlü layihələri qeyd etdik. Su kəmərlərinin çəkilişi, suvarma sistemlərinin yenidən qurulmasının maliyyələşdirilməsi və sair. Əhəmiyyətli layihələrdən biri də qardaş Türkiyədə "Star" neft emalı kompleksinin tikintisində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsidir ki, Dövlət Neft Fondu bunu öz üzərinə götürdü. Xatırladım ki, layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edir və zavodun əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edir.  Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığı azalacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. Dövlət Neft Fondunun həm ölkə daxilində, həm də ölkə xaricində maliyyələşdirdiyi layihələr ümumilikdə iqtisadiyyatın inkişafını təşviq etməklə yanaşı, gələcəyə atılan möhkəm təməllərdir".

Məlahət Rzayeva

Yazı Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mətbuat Şurasının ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.