Azərbaycan heç vaxt etnik təmizləmə aparmayıb

Beynəlxalq Frankofoniya təşkilatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil

  Beynəlxalq Frankofoniya Təşkilatı Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib. Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyib. Qeyd olunub ki, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər: "Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır".
  Politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransızdilli ölkələri özündə birləşdirən və Parisin təsirində olan təşkilatdır. Ekspertin sözlərinə görə, bu təşkilatın yaranması da Parisin təşəbbüsü və təşkilatçılığı ilə yaranaraq Fransanın maraqlarının qorunmasına xidmətə cəlb edilib:

"Frankofoniyanın Azərbaycanı etmənik təmizləmədən ittiham etməsi absurddur. Bu qətnamə Fransanın diktəsi və təzyiqi ilə qəbul edilib. Fransa əlindəki vasitələrdən və təsirində olan təşkilatlardan sui-istifadə edərək onları Azərbaycana qarşı qərəz və qarayaxma kampaniyasına yönəldir. Makron hökuməti yanlış olaraq hesab edir ki, Bakıya qarşı davamlı düşmənçilik etməklə məqsədlərinə nail ola, Azərbaycanı müstəqil siyasət yürütməkdən çəkindirə biləcək. Yaxud regionda maraqlarını təmin etməyi bacaracaq. Bütün cəhdlərin uğursuz olması Parisi daha da çılğınlaşdırır. Kobud səhvlər buraxmağa vadar edir. Azərbaycanın mövqeyi və atdığı addımlar beynəlxalq hüquqa və prinsiplərə tam uyğundur. Fransa isə özünün də Təhlükəsizlik Şurasının daimi üzvü olduğu BMT nizamnaməsini kobud surətdə pozaraq müstəmləkəçilik siyasəti yürüdür".
  Analitik vurğulayıb ki, Azərbaycan heç vaxt etnik təmizləmə aparmayıb: "Etnik təmizləməni məhz Ermənistan dəfələrlə həyata keçirib. 300 min azərbaycanlını 1988-ci ildə silah gücünə qovaraq monoetnik dövlətə çevirib. Etnik təmizləmə siyasətini Azərbaycan ərazilərində də reallaşdırıb. Bir milyon azərbaycanlı məcburi köçkün halına salınıb. Fransa bu həqiqətləri bilir, amma görməzdən gəlir. Parisin yürütdüyü siyasətin qərəzi və qeyri-obyektivliyi reallıqları doğru-düzgün qəbul etməyə imkan vermir. Makron iqtidarı reallıq hissini itirib. O təkcə Azərbaycanla bağlı deyil, beynəlxalq və daxili siyasətində də uduzur, mövqelərini itirir. Ona görə, hesab edirəm ki, Beynəlxalq Frankofoniya təşkilatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. Bakının haqlı mövqeyinə, həmçinin dünya siyasətinin tənzimlənməsinə təsiri yoxdur".