Prosesin gecikməsi Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanması ilə nəticələnə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuat konfransı təşkil edib. Jurnalistlərin suallarını cavablandıran Ərdoğan REAL TV-nin “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” sualına belə cavab verib: “Onun qərarını mən deyil, İlham bəy verəcək. Təbii ki, biz sazişin imzalanmasını və Ermənistanla Azərbaycan arasında sülhün hökm sürməsini arzulayırıq. Ermənistanın baş naziri ilə görüşlərimizdə görürük ki, müsbət addımlar atılır. Qardaşım İlhamla görüşlərimdə də “Biz müsbət addımların atılmasının tərəfdarıyıq” demişdi”. Ermənistan parlamentinin spikeri Alen Simonyan da deyib ki, onilliklərdir davam edən münaqişəyə son qoyulacağına ümid edir. O vurğulayıb ki, Almatı Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır: “Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Azərbaycanla Ermənistan arasında COP29 tədbirinə kimi çərçivə sazişinin bağlanması mümkünlüyü sual altındadır. Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistanın NATO sammitində iştirakına sərt mövqe bildirməsi ikitərəfli siyasi əlaqələrin getdikcə böhrana yuvarlanması ilə nəticələnir:
"Ermənistan hakimiyyətinin avrointeqrasiya siyasəti, ABŞ ilə müdafiə-hərbi əlaqələri inkişaf etdirməsi, iki ənənəvi müttəfiqində - İran və Rusiyada çaşqınlıq yaratmağa başlayıb. Məhz bu iki ölkə Ermənistanın Azərbaycana qarşı işğalına uzun illər dəstək verməklə, Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsinə imkan verməyiblər. Artıq yeni geosiyasi reallıqlar yaranıb. Türkiyə və ABŞ kordinasiyalı olaraq Cənubi Qafqazda sülhün əldə edilməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində intensiv iş aparırlar. Məhz Azərbaycan və Ermənistanla aparılan danışıqlar nəticəsində ciddi irəliləyişlər əldə edilib. Rusiya Cənubi Qafqazda dəyişən vəziyyətə görə günahı Ermənistanın Baş naziri Nikol Paşinyanın anti-Rusiya siyasətində görür. Moskva Paşinyanı cəzalandırmaq üçün müəyyən metodlara əl ata bilər. Xüsusilə, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalı dayandırıla və enerji sahəsində əməkdaşlıq aşağı salına bilər. Kremlin yaxın perspektivdə bu istiqamətdə addımlar atacağı istisna deyil".
Analitik hesab edir ki, hazırda Rusiya çalışır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmasın: "Rusiya Ermənistana dəstək verəcəyinin mesajlarını verir. Bu dəstəyi NATO-da axtarmaqla səhv etdiyi vurğulanır. Təhlükəsizlik təminatı və digər vədləri gündəmə gətirir. İrəvanı Qərblə əlaqələrini aşağı salmağa çağırır. Regionda siyasi proseslər çox ciddi şəkildə inkişaf edir. Noyabra kimi Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin bağlanması ümidləri var idi. Görünür, müəyyən mərkəzlər bunun qarşısını almağa çalışır. Müəyyən dərəcədə nail olurlar. Əgər rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişməsini gözləyəcəksə, bu, vaxt apara bilər. Paşinyan konstitusiya dəyişikliyinə gedəcəyini elan edib. Bu proses üç il çəkə bilər. Amma üç ilə Paşinyanın hakimiyyətdə qalmasına zəmanət yoxdur. Sülh müqaviləsinin gecikməsi, Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanması ilə nəticələnə bilər. Hazırda ABŞ prosesin dinamikliyinə dəstək verir. Əgər sülh müqaviləsi bağlanmasa, müharibə ehtimalı yüksək olaraq qalacaq".