Abutalıb Səmədov: “Mürəkkəb vəziyyət yaranıb. Belə şəraitdə ən yaxşı variant çərçivə sənədinin imzalanması və əsas prinsiplərin tərəflər tərəfindən təsdiq olunmasıdır”
"Biz Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq. Dövlət katibi Antoni Blinkenin də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü zamanı açılışda dediyi kimi tərəflər inanılmaz irəliləyiş əldə ediblər və uzun yol qət ediblər”. Bu sözləri Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib. O bildirib ki, ABŞ-nin davam edə biləcək işi onları irəli addımlamağa sövq etməkdir: "Sülh sazişi hər iki xalq və ümumilikdə regionda sülh, stabillik və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh mümkündür, lakin bu, tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə təkan verməyə davam edəcəyik". ABŞ rəsmisi hesab edir ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir: "Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik".
Politoloq Abutalıb Səmədov deyib ki, sülh müqaviləsinin imzalanmasının qarşısında əsas əngəl Ermənistan konstitusiyasıdır. Analitikin fikrincə, əslində, beynəlxalq müqavilələr konstitusiyalardan daha ali statusa malikdir. Ancaq sazişlər, müqavilələr konstitusiyaya uyğun gəlməzsə, birmənalı olaraq daxili qanunvericilikdə dəyişiklik edilməlidir:
"Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiaları var. Bütün hallarda referendum keçirilməlidir. Bu, ilkin sülh sazişindən əvvəl də ola bilər, sonra da. Ancaq məsələ ondadır ki, çərçivə sənədi imzalanandan sonra həmin sənədin Ermənistan konstitusiyasına uyğun olmadığı ortaya çıxacaq. Konstitusiya Məhkəməsi də sülh sənədinə rəy verməlidir. Bu da problem yarada bilər. Konstitusiya Məhkəməsi müsbət rəy verərsə, sülh sazişi parlamentdə təsdiq olunarsa, İrəvan hökuməti mütləq konstitusiyada dəyişiklik etməlidir. Çünki konstitusiya beynəlxalq müqaviləyə uyğunlaşdırılmalıdır. Bu da referendum tələb edir".
A.Səmədov bir məqama da diqqət çəkib və qeyd edib ki, hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi əvvəlkindən çox aşağıdır, təqribən 14 faiz səviyyəsinə düşüb: "Düzdür, digərləri ilə müqayisədə kifayət qədər yuxarıdır. Ancaq hər halda Ermənistan cəmiyyətində Paşinyana dəstək kifayət qədər deyil. Referendum keçirəcəyi təqdirdə Paşinyan istəyinə nail olmaya bilər. Mürəkkəb vəziyyət yaranıb. Belə şəraitdə ən yaxşı variant çərçivə sənədinin imzalanması və əsas prinsiplərin tərəflər tərəfindən təsdiq olunmasıdır. Ancaq bütün hallarda gələcəkdə Ermənistan konstitusiyasının dəyişdirilməsi labüddür və bundan imtina etmək mümkünsüzdür. Ermənilər həm bizim, həm də özləri üçün ciddi problem yaradıblar. Problemdən çıxmağın yolunu da tapa bilmirlər. Ümid edək ki, böyük dövlətlərin, ilk növbədə ABŞ-nin müdaxiləsi ilə çıxış yolu tapmaq mümkün olacaq və noyabr ayına qədər ən azı çərçivə sənədi imzalanacaq".