Ancaq ermənilər azərbaycanlılara qarşı dəfələrlə həqiqi soyqırımlar, qətliamlar həyata keçiriblər
Xəbər verdiyimiz kimi, Fransanın başını çəkdiyi Beynəlxalq Frankofoniya Təşkilatı Azərbaycanı növbəti dəfə "etnik təmizləmə"də ittiham edən qətnamə qəbul edib. Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər. Qərbi Azərbaycan İcması da bu uydurma qətnaməyə qarşı sərt mövqe ortaya qoyub. Vurğulanıb ki, əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatı bəzi qərəzli dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilir.
Millət vəkili Naqif Həmzəyev deyib ki, Fransanın birbaşa diktəsi ilə Beynəlxalq Frankofoniya Təşkilatının Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur və faktiki olaraq şər-böhtan əsasında formalaşdırılmış sənəddir. Deputatın sözlərinə gör, İrəvan hökuməti də sözügedən sənədin qəbul edilməsinə xüsusi canfəşanlıq edib: "Ermənistan bir tərəfdən sülhdən danışır, digər yandan isə Azərbaycana qarşı əsassız və qərəzli sənədlərin qəbul olunmasında iştirak edir. Azərbaycan torpaqları işğal altında qalanda, bir milyon insanımız məcburi köçkün və qaçqın həyatı yaşayanda Ermənistana qarşı bu cür qətnamələr qəbul edilmirdi. İrəvan Fransanın diktəsi ilə belə bir qətnamənin qəbul edilməsində müxtəlif maraqlar güdə bilər. Ancaq istənilən halda bu cür qətnamələr kağız parçasından başqa bir şey deyil".
Parlamentari qeyd edib ki, Azərbaycan bütün addımlarında beynəlxalq hüquq və konvensiyalara tam əməl edib: "Azərbaycan nümunəvi siyasət həyata keçirir. 44 günlük müharibə zamanı erməni tərəfdə heç bir dinc sakin zərər görməyib. Ermənilərin Qarabağı könüllü tərk etməsini əks etdirən videogörüntülər var. Onların Qarabağı dinc şəkildə tərk etməsi təmin olunub. Bu baxımdan heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Ancaq ermənilər azərbaycanlılara qarşı dəfələrlə həqiqi soyqırımlar, qətliamlar həyata keçiriblər".