Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmalarıdır
"Bu, Zəngəzur yox, Türkiyə və Qərbə lazım olan Turan dəhlizidir". Bunu Ermənistanın Respublikaçı Partiyası sədrinin müavini Edurad Şarmazanov deyib. Siyasətçi ABŞ-nin ciddi-cəhdlə Zəngəzur dəhlizinin açılması ilə məşğul olduğunu iddia edir: “İyulun sonunda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın açıqlaması dərc olunmuşdu. Həmin açıqlamaya görə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa çalışır. ABŞ rəsmisi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində söyləyib ki, bu da Moskvanın strateji məğlubiyyətinə gətirib çıxarmalıdır. Heç kimə sirr deyil ki, Qərb əvvəldən Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, amma gürcülərin rədd cavabını aldıqdan sonra diqqətini Ermənistana yönəldib. Qərb açıq şəkildə Paşinyana “Rusiyadan ayrıl və cəsarətli addımlar at” siqnalını verir. Nə Paşinyan, nə də hər hansısa məmur açıq şəkildə Obraynın direktivlərinə qarşı çıxmadı”. Şarmazanovun fikrincə, Baş nazir Nikol Paşinyandan razılıq alan Qərb artıq xarici siyasətdə Ermənistan hakimiyyətini istiqamətləndirməyə başlayıb. Zəngəzur dəhlizinə gəlincə, erməni siyasətçi qeyd edib ki, Obrayn ABŞ-nin bununla bağlı planını açıq mətnlə bəyan edib: "Turan dəhlizinin açılması Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir. Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi qeyri-mümkün idi. Amma Qarabağın Azərbaycana təhvil verilməsindən (azad edilməsindən – red.) sonra Orta dəhliz layihəsini reallaşdırmaq üçün Qərbin qolları geniş açılıb”. Partiya rəsmisi hesab edir ki, Qərblə yanaşı, Türkiyə də onun türk dünyası ilə birbaşa quru əlaqəsini təmin edəcək Turan dəhlizinin açılması üçün çalışır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan arasında ən mübahisəli məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlıdır. Ekspertin sözlərinə görə, məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmalarıdır:
"Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edir. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-də baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edildi. Rusiya üçtərəfli bəyanatda göstərildiyi kimi özü tərəfindən yola nəzarət edilməsini istəyir. Rusiya rəsmisi Sergey Şoyqunun Bakıda "kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz" kimi ismarıcları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağlı təklifə cavab olaraq verilib".
Z.Məmmədova görə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alaraq, sülh danışıqlarında nəqliyyat mövzusunun çıxarılması tam başadüşüləndir: "Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya - nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır. Hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları durmaqdadır. Nikol Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir".