Füzulidə genişmiqyaslı bərpa işləri həyata keçirilir

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";

Bu, bütövlükdə rayonda daha intensiv məskunlaşmanın həyata keçirilməsinə imkan yaradacaq

  “Böyük Qayıdış” prosesi çərçivəsində Azərbaycan dövlətinin daim diqqətdə saxladığı məsələlərdən biri doğma yurdlarına qayıtmış vətəndaşlarımızın işlə təminatıdır. Buna görə məskunlaşmanın mütəmadi həyata keçirildiyi yerlərdə - Füzuli şəhərində, Laçında və Zəngilanda əmək yarmarkaları təşkil olunur və bu, davamlı həyata keçirilir. Vətəndaşların bir qismi dövlət sektorunda işlə təmin olunur. Digər tərəfdən, onlara özəl sektorda yer verilməsi, keçirilən layihələrdə iştirakları da çox vacibdir. Bu istiqamətdə də dövlət tərəfindən dəstək göstərilməkdədir. Çünki Qarabağda məskunlaşmış vətəndaşlarımızın işlə təmin olunması prioritetdir. Həmin məqsədə azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin edilir, ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilir, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılır. Dövlət bütün imkanlarını səfərbər edərək çalışır ki, azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilsin, müasir infrastruktur qurulsun, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olsun. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilsin. Artıq bu istiqamətdə işlər uğurla davam etdirilir.
  Maliyyə Nazirliyinin məlumatına görə, cari ildə "Böyük Qayıdış" proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard manatı ötəcək. Bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1085,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5085,8 milyon manata çatdırılması nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib ki, Füzulidə növbəti əmək yarmarkası təşkil olunub. Bildirilib ki, işsiz və işaxtaran şəxslərə 20 müəssisədən 300-ə yaxın vakansiya təqdim olunub: "Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Agentlik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə növbəti əmək yarmarkası təşkil olunub. Tədbir çərçivəsində işəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirləri, işəgötürənlərə dəstək layihələri barədə ətraflı təqdimat edilib. Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat çatdırılıb.
"Böyük Qayıdış" çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi də davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi gedir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub. Onun sözlərinə görə, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq. O bildirib ki, həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır. Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib. Agentlik direktoru, həmçinin 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb.
  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda daha bir təlim keçirilib. Təlim Füzuli rayonuna köçürülmüş və dayanıqlı məskunlaşması təmin edilən sakinlər arasında olub. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir. AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət Füzuli şəhərinə səfər edib. Təlimçilər “Qapı-qapı” sessiyası çərçivəsində mənzillərə gedərək hər bir ailəyə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb. Xatırladaq ki, ilk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəb yaşlı şəxslər üçün təşkil olunub. Daha sonra bu proses yataqxana, inzibati bina və yarımtikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün davam etdirilib. Füzuli şəhərində iyul ayı ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə həftəsində ümumilikdə 500-dən çox şəxs məlumatlandırılıb. Ümumilikdə, mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 20 000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. "Azərbaycan Hava Yolları" QSC (AZAL) də Füzuliyə müntəzəm reyslərlə bağlı media-tur təşkil edib. Media-tur zamanı jurnalistlər Füzuli ilə yanaşı Şuşa və Laçına da səfər ediblər. Artıq iyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. Bu, iftixar hissi doğuran böyük hadisədir, çünki milli aviadaşıyıcı tarixində ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyə uçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasının inkişafında yeni mərhələdir. Reyslər vətəndaşlarımıza Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahat şəkildə səfər etməyə imkan yaradacaq. Füzuliyə müntəzəm uçuşlar “Böyük Qayıdış” dövlət proqramının həyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm və iqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq. Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25 faiz, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90 faiz güzəştlər nəzərdə tutulub.
Bu arada Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib. “Böyük Qayıdış” proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürüləcək sakinlər üçün peşə kurslarının təşkili işlərini davam etdirir. ƏƏSMN-dən verilən xəbərə görə, agentlik tərəfindən “Azəriqaz” İstehsalat Birliyi və “Technolearn” MMC ilə birgə “yardım masası (Help Desk)” mütəxəssisi və “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” peşələri üzrə hazırlıq kursuna start verilib. Kurslara Kəlbəcər rayonu üzrə 23 keçmiş məcburi köçkün cəlb olunub. Həmin şəxslərə kurslarda seçdikləri peşələr istiqamətində bilik və bacarıqlar öyrədilir. Kursları uğurla bitirənlərin işlə təminatına dəstək göstəriləcək.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Füzuli şəhərində bərpa-quruculuq işləri əsas sahələr istiqamətində aparılır. Deputatın sözlərinə görə, onlardan biri infrastrukturun bərpasıdır: 

"Yolların, su təchizatının, kanalizasiya sistemlərinin, elektrik şəbəkəsinin və kommunikasiya infrastrukturunun bərpası əsas prioritetlərdən biridir. İşğal vaxtında zərər görmüş və ya məhv edilmiş bu infrastrukturun yenidən qurulması, insanların gündəlik həyatının normal olaraq bərpa olunmasına kömək edir. Digər istiqamət mədəni və ictimai binaların bərpası ilə bağlıdır. Çünki məktəblər, xəstəxanalar, məscidlər və digər mədəni və ictimai obyektlər də işğal vaxtında zərər görmüş və ya tamamilə məhv edilmiş vəziyyətdə idi. Bu obyektlərin bərpası, ictimaiyyətin yenidən inkişafına və mədəni həyatın bərpasına kömək edir". Parlament üzvünün sözlərinə görə, yaşayış binalarının və mənzillərin də bərpası bu prosesə daxildir: “İşğal dövründə bu ərazilərdə evlər də zərər görmüş və ya tamamilə məhv edilmişdi. Həmin evlərin yenidən tikintisi və bərpa edilməsi, doğma yurdlarına qayıdan insanların bərpa prosesinə inteqrasiyasına yardım edir. Bununla yanaşı bölgədə perspektivli iş sahələri yaradılır. Füzuli şəhərində iş yerlərinin yaradılması və iqtisadiyyatın bərpası, yerli əhaliyə sürətli bərpa və uzunmüddətli inkişaf perspektivləri yaratmağa kömək edir”.
  V.Bayramov bildirib ki, bərpa işləri dövlətimiz tərəfindən həyata keçirilir və inkişaf proqramları ilə dəstəklənir: "Proses işğaldan azad edilmiş bölgələrdəki həyat şəraitinin normala çatdırılması və yaşayan əhali üçün münbit şəraitin yaradılması məqsədi daşıyır. Füzuli şəhərinin bir hissəsində artıq üç minə yaxın vətəndaşımız məskunlaşıb. Bərpa və yenidənqurma işləri davam etdirilir. Yeni binaların inşaatına başlanılması 2025-ci ildə Füzuli şəhərində məskunlaşmanın davam edəcəyindən xəbər verir. Eyni zamanda şəhərlə yanaşı, rayonun bir sıra kəndlərində təməlqoyma mərasimləri həyata keçirilib. O cümlədən Dövlətyarlı kəndində ikinci ağıllı kəndin qurulması nəzərdə tutulub və digər bir sıra kəndlərdə bərpa, yenidənqurma işlərinə yaxın zamanda başlanılacaq. Bununla yanaşı, bütövlükdə nəqliyyat və logistik infrastrukturun yenidən qurulması, parkların salınması, o cümlədən Köndələn gölü ətrafında yaşıllaşma və park salma işlərinin genişləndirilməsi də həyata keçirilməkdədir. Füzuli rayonunda da genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirilir ki, bu da bütövlükdə rayonda daha intensiv məskunlaşmanın həyata keçirilməsinə imkan yaradacaq".