Memar şəhərdə memarlığın və estetik görünüşün milliləşməyə ehtiyacı olduğunu vurğulayıb
Mərhum Prezident Əbülfəz Elçibəyin mühafizəçisi tanınmış memar Zirəddin Quliyev feysbuk səhifəsində Xankəndi ilə bağlı müraciət ünvanlayıb. Memar Xankəndidə işləmək və yaşamaq arzusunu dilə gətirib. Eyni zamanda Xankəndi şəhərində memarlığın və estetik görünüşün milliləşməyə ehtiyacı olduğunu vurğulayıb.
Bu barədə daha ətraflı "Sherg.az"a danışan Zirəddin Quliyev deyib ki, memarlığın insana qəribə psixoloji təsiri var. Onun sözlərinə görə, istənilən yaşayış yeri öz memarlıq üslubu ilə bölgə insanlarının kimliyini, mahiyyətini təcəssüm etdirir:
"Mən Gədəbəy rayonundanam. Bizim rayonda 5-6 rus kəndi var. Ora gedəndə açıq-aşkar hiss olunur ki, kəndi ruslar salıb, çünki rus memarlığıdır. Bizimkilərə baxırsan, biri o dağın başında, biri o biri təpədə, qeyri-milli üslubda inşa ediblər. Hərəsi bir düzdədir və planlaşdırma düz deyil. Hətta evlər elə formada tikilir ki, çox vaxt düz-əməlli kommunikasiya xətlərini çəkmək müşkülə çevrilir. Ermənilərin saldığı şəhər və kəndlərdə bütün tikililər onların məntiqi-psixoloji quruluşlarına, ermənilərə xas şəhərsalma üslublarına hesablanıb. Sadəcə, Xankəndini nəzərdə tutmuram, ermənilər harada yaşayıb, məskunlaşıblarsa, həmin yeri öz mühitlərinə uyğunlaşdırıblar".
Z.Quliyev vurğulayıb ki, memarlıq çox qəlizdir və təəssüflər ki, bizdə belə məsələlərə fikir vermirlər: "Hansısa tikilini təmiz sökməyə, yenisini tikməyə də ehtiyac yoxdur. Mövcud binaların fasadlarını dəyişdirməklə, daxili quruluşlarını saxlamaqla da bunu etmək mümkündür. Yəni tikililəri milliləşdirmək, estetik görünüşünü dəyişdirmək lazımdır. Bunu nə vaxt edəcəyik? Müraciətlərimə cavab, reaksiya verilmir. Mən Azərbaycan Dövlət Baş Layihə İnstitutunun aparıcı memarı olmuşam. Ona görə müraciət etdim ki, lazımdırsa, orada yaşaya, işləyə, bu prosesə bacardığım töhfəni verə bilərəm".
Memar diqqətə çatdırıb ki, son vaxtlar şəhər və kəndlərin bərpasında İsveçrə modeli deyilən yeni evlər tikilir: "Əksər tikililər Avropa modelindədir. Şərq üslubu tamamilə kənarda qalıb. Söhbət təkcə Qarabağdan getmir, digər bölgələrimizdə də vəziyyət eynidir. Milli ornamentlərimizdən istifadə yaddan çıxmaq üzrədir. Bir var daş yaddaşı, bir var qan yaddaşı. Qan yaddaşı kodlarla, daş yaddaşı isə milli ornamentlərimizin əks olunduğu tikililərlə ötürülür. Bir ölkəyə səyahət edənlər həmin bölgəyə, xalqa xas tikililəri, memarlıq üslubunu görmək arzusu ilə gedirlər. Avropadan gələnlər bilmək istəyirlər ki, Azərbaycanda nə var, nə yox? Avropa üslubunda evləri onsuz da öz ölkələrində görüblər. Biz ilk növbədə öz memarlığımızla milli kimliyimizi təqdim etməliyik".