Ərdoğan: Son 22 ildə Türkiyənin müdafiə sənayesi  sahəsində  inqilab etdik


“Son 22 ildə Türkiyənin müdafiə sənayesi sahəsində bir inqilab etdik. 2002-ci ildə 62 müdafiə sənayesi layihəsi 1031-ə, 56 şirkət sayı isə 3500-ə yüksəldi. Ölkə üzrə müdafiə sənayesi layihələrinin ümumi həcmi 96 milyard dolları keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla şəhərində keçirilən Aksaz Gəmiqayırma Zavodu Komandanlığının açılışı mərasimində çıxışı zamanı bildirib.

Prezident Ərdoğan deyib ki, Ordu üçün vacib əhəmiyyət kəsb edən “Pirireis” sualtı qayığı və üç yanacaq gəmisi ilə 3 min tonluq sualtı hovuz da istifadəyə verilir.

Layihəyə daxil edilən bütün sualtı qayıqların 2029-cu ilə qədər istifadəyə veriləcəyini qeyd edən Türkiyə Prezidenti deyib: “Hazırda öz döyüş gəmilərini layihələndirən, inşa edən və texniki xidmət göstərə bilən azsaylı ölkələr sırasındayıq. Təbii ki, bu bizi qane etmir. “MİLDEN” layihəsi ilə təxminən 138 ildir arzusunda olduğumuz sualtı qayığımızı hazırlayacağıq. “MİLDEN”i milli sistem və cihazlarla təchiz etməyi və onu tamamilə milli silahlarla istifadə etməyi hədəfləyirik. Beləliklə, biz dünyanın öz sualtı qayıqlarını dizayn və inşa edə bilən qabaqcıl ölkələr sırasında olacağıq. Tezliklə İstanbul Gəmiqayırma Zavodunda tikintisinə başlanacaq “TF 2000” Hava Hücumundan Müdafiə Döyüş Gəmisi ilə ölkəmizin hava hücumundan müdafiəsini mərhələli şəkildə dənizdən təmin edəcəyik” - deyə Ərdoğan bildirib.

Qeyd edilib ki, gələcəkdə Mersin vilayətində də gəmiqayırma zavodu inşa ediləcək. Bununla da İstanbul və Gölcük gəmiqayırma zavodları ilə yanaşı, Egey və Aralıq dənizi sahillərində dəniz vasitələrinin hər cür təmiri həyata keçiriləcək.

Qeyd edək ki, Aksaz Gəmiqayırma Zavodu Komandanlığı 13 min kvadratmetri bağlı olmaqla ümumilikdə 113 min kvadratmetr sahədə inşa edilib. Bu zavod Egey və Aralıq dənizinin kəsişməsində yerləşməklə strateji əhəmiyyət kəsb edir.