XİN rəhbəri: Gürcüstan-Azərbaycan əməkdaşlığının əhəmiyyəti artır

Gürcüstanla Azərbaycan bir-birinin əhəmiyyətini çox yaxşı anlayır və bu da mövcud dostluq və əməkdaşlığı daha da möhkəmləndirir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, sıx əməkdaşlıq hər iki ölkə üçün vacibdir.

"Gürcüstan üçün Azərbaycanla münasibətlər Asiya ilə əlaqələr, Azərbaycan üçün isə Gürcüstanla münasibətlər Avropa ilə əlaqələr baxımından əhəmiyyətlidir. Bu əlaqələr gələcəkdə daha da genişləndirilməlidir", - Boçorişvili əlavə edib.

XİN rəhbəri Azərbaycanın Gürcüstan üçün çox mühüm ticarət tərəfdaşı olduğunu və ölkələr arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.

"Bu ayın sonunda Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Toplantı çərçivəsində konkret istiqamətlər, konkret nəticələr və gələcək planlar müzakirə olunacaq. Gələcəkdə bir-birimizlə daha yaxşı əməkdaşlıq nümunələri yaratmaq üçün artıq əsas var", - XİN rəhbəri söyləyib.

Nazir birgə investisiyalar sahəsində Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın kifayət qədər sıx olduğunu qeyd edib.

"Azərbaycan Gürcüstana əhəmiyyətli sərmayələr yatıran ölkədir və biz birgə layihələrin olması üçün bu əməkdaşlığı daha da inkişaf etdiririk. Hazırkı hadisələr fonunda biz əminliklə söyləyə bilərik ki, Gürcüstan-Azərbaycan əməkdaşlığının əhəmiyyəti regional səviyyə çərçivəsindən kənara çıxır və qlobal miqyasda baş verən proseslər kontekstində daha geniş əhəmiyyətə malikdir", - nazir əlavə edib.