ABŞ Prezidenti Donald Tramp Niderland kral cütlüyü ilə Ağ Evdə keçirilən şam yeməyi zamanı İrandakı müharibəyə mümkün qədər tez son qoymaq istədiyini bildirib.
Sherg.az xəbər verir ki, bu barədə Amerikanın Wall Street Journal qəzeti adı açıqlanmayan məmurlara istinadən yazır.
“Tramp Niderland kralı və kraliçasına bildirib ki, İrandakı müharibəyə tez bir zamanda son qoymaq istəyir”, -deyə qəzet yazır.
Yüksək vəzifəli ABŞ rəsmisi həmçinin iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri guya Hörmüz boğazında blokadanı “məhdudiyyətsiz müddətə” davam etdirmək gücünə malikdir. Bununla belə, nəşr Pentaqonda belə bir narahatlığın mövcud olduğunu vurğulayır: blokada ABŞ hərbi gəmilərinə əlavə yük yarada və Amerika donanmasının digər regionlardakı mövcudluğunu zəiflədə bilər.
ABŞ Hərbi Dəniz Qüvvələri 13 apreldə Hörmüz boğazının hər iki tərəfində yerləşən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını bloklamağa başlayıb. Bu boğaz dünya neftinin, neft məhsullarının və maye təbii qazın təxminən 20%-nin daşındığı əsas marşrutlardan biridir. Vaşinqton bildirir ki, İranla əlaqəsi olmayan gəmilər, Tehrana ödəniş etmədikləri halda, Hörmüz boğazından sərbəst keçə bilərlər. İran hakimiyyəti belə bir ödəniş tətbiq etmədiyini desə də, bu barədə planların olduğu bildirilir.