ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ətrafında tətbiq edilən dəniz blokadasını yarmağa cəhd göstərən 10 gəminin geri yönləndirildiyini açıqlayıb. İndiyədək blokadanı keçməyə çalışan heç bir gəmi buna nail ola bilməyib.
Teleqraf xəbər verir ki, komandanlığın "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, bazar ertəsi tətbiq olunan blokadadan sonra bütün cəhdlərin qarşısı alınıb.
İlkin mənbəyə istinadən xəbər verilir ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də ABŞ prezidenti iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirib.
Aprelin 11-də isə İran və ABŞ arasında Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar keçirilib. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib.
Sonradan Tehran və Vaşinqton rəsmiləri danışıqlarda uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə olunmadığını açıqlayıb. Yeni məsləhətləşmələrin keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib.