Ermənistan bunu bir müharibə vasitəsi kimi müəyyənləşdirib

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Mina terroru

“Torpaqlarımızın işğaldan azad edilməsindən 4 il ötsə də, hələ də Azərbaycanın mülki vətəndaşları, hərbçilər mina təhlükəsi ilə üz-üzə qalırlar və çoxsaylı qurbanlar veririk”

Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir. İşğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində avqustun 24-də sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, İkinci Qarabağ müharibəsindən bugünədək 370-dən çox şəxs mina qurbanına çevrilib. Ombudsmanın sözlərinə görə, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir: "Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”. Xatırladaq ki, avqustun əvvəlində Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar. Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar. Həmin kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmışdı. Göründüyü kimi, Ermənistan hətta delimitasiyadan sonra belə öz mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən əl çəkmir. Dəfələrlə qeyd olunub ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də sərhədlərin delimitasiyası prosesinə və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Ona görə də beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Həmin ilin sonuna qədər  280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Ötən il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsinə 110,2 milyon manat yönəldilib. Bu rəqəm “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Bu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da öz əksini tapıb. Həmçinin azad edilmiş ərazilərdəki Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb. Ötən il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. Bunun bir səbəbi də rəsmi İrəvanın daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsidir. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Mina partlayışları Ermənistanın Azərbaycana qarşı dolayısı ilə apardığı terror-təxribat hərəkətlərinin bitmədiyinin göstəricisidir. Ölkəmiz tərəfindən mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün xüsusi işlər aparılır. Azərbaycan bu ilin noyabrında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində minaların ekologiya və ətraf mühitə mənfi təsiri probleminə həsr olunmuş ayrıca tədbir keçirməyi planlaşdırır. Ötənlərdə ANAMA rəsmisi ABŞ nümayəndə heyəti ilə mina problemini müzakirə edib. Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərdə əlaqəli şəkildə həyata keçirilən bərpa-yenidənqurma fəaliyyəti, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr aparıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan işğal dönəmində də, ondan sonra da mina terrorunu bir müharibə vasitəsi kimi müəyyənləşdirib. Deputatın sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən 4 il ötsə də, hələ də Azərbaycanın mülki vətəndaşları, hərbçilər, mina təmizləyənlər, mina təhlükəsi və təhdidi ilə üz-üzə qalırlar və çoxsaylı qurbanlar veririk.

Bu, bir daha onun göstəricisidir ki, Ermənistanda bizə qarşı azərbaycanafobiya var. Azərbaycana qarşı etnik nifrət bəsləyirlər. Bütün mümkün imkanlardan istifadə edərək bir azərbaycanlıya zərər yetirmək Ermənistandakı şovinistlərin həyat qayəsinə, məqsədinə çevrilib. Çox təəssüf ki, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar, insan hüquqlarını öz fəaliyyətlərinin əsas məqsədi kimi müəyyənləşdirən ixtisaslaşmış institutlar ötən illər ərzində bir dəfə olsun Ermənistanı qınamadılar. Sual vermədilər ki, nəyə görə Ermənistan həqiqi mina xəritələrini Azərbaycana vermir? Halbuki reallığı əks etdirən mina xəritələrinin Azərbaycana verilməsi Bakı-İrəvan arasında keçirilən vasitəli-vasitəçisiz görüşlərdə, təmaslarda daim müzakirə predmeti olub. Hətta Ermənistan və Azərbaycan arasında yaradılmış birgə ikitərəfli komissiyanın fəaliyyətində də bu məqam əks olunub. Ancaq əfsuslar ki, mina xəritələri ilə bağlı görüş və müzakirələr heç bir nəticə verməyib. Bu, Ermənistanın beynəlxalq hüquqa qeyri-ciddi yanaşmasının, məhəl qoymamasının, müharibə qanunlarına riayət etməməsinin bariz göstəricisidir".