Elşad Paşasoy hiddətləndi: "Qurban Qurbanov o köynəyi heç kəsin cibinin puluna almayıb"

"Vaxt vardı "Qurban adına" deyirdik. İndi nə oldu? Güclü komandaya uduzdu deyə, köynəyinin təftişinə başladıq?!"

"Futbolumuzu Avropa futbolu səviyyəsinə qaldıran Qurban Qurbanova bu sayaq ilişmək heç yerinə düşmədi"


"Beyrəyin qanlı köynəyinin xəbərini gətirən Yalıncıqı xatırladım...Şükürlər olsun, Qurban Qurbanov sağ-salamatdır, elə "Qarabağ" da... Qarabağ da bizimdir, min şükür! Amma Azərbaycanın "can üstə" olan futbolunu, uşaq futbolu olmayan futbolunu, futbol akademiyası olmayan futbolunu Avropa futbolu səviyyəsinə qaldıran Qurban Qurbanova bu sayaq ilişmək heç yerinə düşmədi". 

"Sherg.az"ın xəbərinə görə, bunu tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib. 

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanova qarşı ittihamlara münasibət bildirən ekspert vurğulayıb ki, belə yerdə bədii filimimizdəki "nə oldu, bəs, Əlişə "atam" deyirdin" ifadələri yada düşür: 

"Qurban Qurbanov Qarabağa tamarzı vaxtlarımızda, erməni quldurların meydançanın üzərindən separatçılların əski parçasını dronla uçurduğu zamanlarda, hakimlərin belə, Minsk Qrupunun həmsədrlərisayağı "Qarabağ"ın qələbəsini, halalca qolunu əlindən bütün Avropanın gözləri qarşısında aldığı vaxtlarda Qurban Qurbanov əsəbini, qəzəbini, ağrı-acısını içərisində boğub, ürəyində basdırıb sabaha ümidlə yoluna davam edirdi. O zaman "Qurban adına" deyirdik. İndi nə oldu? Qurban Avropanın futbol ölkəsinin güclü komandasına uduzdu deyə, onun köynəyinin təftişinə başladıq?! Bu, nə yalıncıqlıqdır belə?! Bu, ömrünü Azərbaycan adına qurban verənləri pisikdirən təftişçilikdir, unutqanlıqdır. Özünü Azərbaycana QURBAN etmək istəyənlərin çəkindirilməsinə, həvəsdən salınmasına hesablanmış bəlkə də düşünülməmiş gedişdir. Olmaz, heç olmaz! Qurban Qurbanov o köynəyi heç kəsin cibinin pulu ilə almayıb. İllərinin zəhməti hesabına o zirvəyə daşıdığı komandasının futboldan qazandığı vəsaitlərdən ayrılan halal maaşı hesabına alıb, sağlıqla geyinsin! Qurban həmişə qaramı geyinməliydi? Bu, nə qaramatlıqdır belə? "Qarabağ" yenə də təkdir, Avropada bayrağımızı qaldıracaq, mübarizəni davam etdirəcək tək komanda, unutmayaq. Emosiyalarımıza hakim olaq, ədalətsiz hakimlərdən olmayaq!".