Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir. Seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Saat 08.00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq. Busəfəki seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.
"Şərq" qəzetinin əməkdaşı olaraq prosesi izləmək üçün baş çəkdiyimiz seçki məntəqələrində seçici fəallığını müşahidə etdik. Rəyləri öyrənmək üçün üz tutduğumuz ilk seçki məntəqəsi 161 nömrəli orta məktəbin nəzdində təşkil olunmuş 16 saylı Yasamal II Seçki Dairəsinin 7 saylı seçki məntəqəsi oldu. Günün səhər saatları və bazar günü olmasına baxmayaraq, seçki məntəqəsində aktivlik gözdən qaçmırdı. Vətəndaşların məntəqəyə azyaşlı uşaqları ilə gəlməsi də xoş təəssürat bağışlayırdı. Aydın görünürdü ki, insanlar ilk dəfə bütöv və suveren Azərbaycan ərazilərində, Qarabağda keçirilən seçkilərin tarixi əhəmiyyətini dərk edir, səs hüquqlarının fərqində olaraq məntəqələrə üz tuturdular.
7 saylı məntəqədə həm müşahidəçilər, həm də media təmsilçiləri üçün əlverişli şərait yaradılmışdı. Müxbir kimi prosesi rahatlıqla, maneə ilə üzləşmədən izləyə bildik. Məntəqədə siyasi partiya və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə yanaşı müstəqil müşahidəçilər də var idi. Rəyini öyrəndiyimiz müşahidəçilər seçki məntəqəsində hansısa problemlə üzləşmədiklərini, insanların normal və rahat şəkildə səsvermədə iştirak etdiklərini bəyan etdilər.
16 saylı Yasamal II seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri Rəna Hüseynova da seçicilər, müşahidəçilər və jurnalistlər üçün məntəqədə şərait yaradıldığını, çatışmazlıq olmadığını açıqladı.
Yeni Azərbaycan Partiyasının təmsilçisi və Mədəni İrs və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin direktoru kimi seçkini müşahidə edən Pərvin Gözəlov seçkilərin normal və problemsiz keçdiyini vurğulayıb. Tarix üzrə fəlsəfə doktoru olan Pərvin Gözəlov 2001-ci ildən, tələbəlik dövründən YAP-ın üzvü olan Pərvin Gözəlov 2018-ci ildən seçkilərdə müşahidəçi kimi iştirak etdiyini deyib:
"Aktivlik yaxşıdır. Nəzərə alaq ki, bugün bazar günüdür, yəni insanların istirahət günüdür. Amma ona rəğmən, günün müxtəlif saatlarında vətəndaşlar səslərini vermək üçün məntəqələrə üz tuturlar. O baxımdan bir az seyrəkliyi başa düşmək olar. Amma ümumən seçkilərdə aktivlik gözə çarpır. Hətta dünən bir mənzərənin şahidi oldum, şəhər kənarında yaşayanlar Bakıya gəlirdilər, böyük tıxac da yaranmışdı. Adətən, şənbə-bazar insanlar istirahət üçün Bakıdan kənara, rayonlara üz tuturlar. Ancaq sırf seçkilər olduğuna görə, insanlar səsvermə prosesini qaçırtmaq istəmirlər. Bu da onu göstərir ki, vətəndaşların seçkiyə və onları Milli Məclisdə təmsil edəcək deputatlara inamı güclüdür. Səsvermənin aktivliyi də ona dəlalət edir ki, insanlar öz deputatlarının onların maraqlarını qoruyacağına əmindirlər".
Parlament seçkilərini müşahidə edənlərdən biri də Ələkbərov Qadir Xəlil oğlu iid. Q.Ələkbərov seçkiləri öz təşəbbüsü ilə, yəni müstəqil müşahidəçi kimi izləyirdi. Qəzetimizə danışan müşahidəçi 4-5 saat ərzində heç bir neqativ halla rastlaşmadığını söylədi. İnsanların rahat və sərbəst formada səsvermədə iştirak etdiyini vurğuladı:
"Hamı gözəl qaydada, gülərüzlə qarşılanır və rahat formada yola salınır. Kiminsə ad-soyad, qeydiyyat məsələsində problemlə üzləşdiyini, münaqişə yaşandığını görmədim. Səs-küysüz seçki prosesi gedir. Jurnalistlər də gəlib foto-video çəkib gedirlər. Onlara maneçilik törədilmir. Mən seçkilərdə müstəqil müşahidəçi kimi iştirak edirəm. Çünki ölkədə gedən proseslər hər bir Azərbycan vətəndaşını maraqlandırdığı kimi məni də maraqlandırır. İstəyirəm ki, əhali öz namizədini düzgün seçsin, onu tanısın. Həmin şəxslər bizi Milli Məclisdə, Azərbyacanı dünyada təmsil edəcəklər. Biz də öz hüquqlarımız qarşılığında onların qarşısında tələblər qoyacağıq. Hamı bunun fərqində olmalıdır".
Şair Bayram Aşıqlı (Məmmədov -red) da 16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Mehriban Abdullayevanın təmsilçisi kimi seçkiləri müşahidə edənlər arasında idi. Yazar da gənclərdən tutmuş yaşlılaradək insanların səsvermədə iştirak etdiklərinə diqqət çəkib. B.Aşıqlı qeyd edib ki, xüsusən gənclərin seçkilərdə aktiv olması onun diqqətini çəkir:
"Bazar günü bu qədər fəallığın olması özü sevindiricidir. Deməli, insanlar seçkilərə, onları parlamentdə təmsil edən şəxsin kimliyinə biganə yanaşmırlar. Məsələn, təmsilçisi olduğum Mehriban Abdullayeva öz dairəsindəki evləri bir-bir qapı-qapı gəzib. Hamının dərd-sərini, problemini, istəyini dinləyib. Yəqin ki, seçicilərə söz verənlər seçiləndən sonra sözlərinin üstündə duracaqlar. Ən azından əhalinin səsini lazımi strukturlara çatrıcaqlar".
Digər müstəqil müşahidəçi Elnur Qasımov da seçici aktivliyinin olduğunu qeyd edib. Müşahidəçi bildirib ki, hamı könüllü surətdə səsvermə hüququndan istifadə etməyə gəlir:
"Bu, bütün seçicilərin vətəndaşlıq borcudur. Öz namizədlərini seçsinlər, səsvermədə iştirak etsinlər ki, sabah onlardan nəsə tələb etsinlər, qarşılarında məsələ qaldırsınlar. Parlament seçkiləri ciddi, önəmli marafondur".
Səsverməyə gələn vətəndaşlarımızla söhbət zamanı da insanların seçki əhval-ruhiyyəsinin yüksək olduğu hiss olunurdu. 39 yaşlı Ceyhun Həşimov hər parlament seçkisində iştirak etdiyini deyib.
Bəzi validenylər azyaşlı övladlarını seçki və səsvermə prosesinə alışdırmaq üçün onları da prosesə cəlb edir, bulletenləri şəffaf qutulara uşaqlarının əli ilə atdırırdılar.