Ermənistan hökuməti Azərbaycanla imzalanacaq sülh sazişində əlinin güclü olmasını istəyir
Ermənistanda bir sıra qüvvələrin revanşist fikirləri, təxribatçı hərəkətləri səngimir. Aydın görünür ki, müəyyən kəsimlər Azərbaycanla sülh müqaviləsi imzalayıb, bizimlə dinc-yanaşı yaşamaq deyil, yenidən separatizmə, işğalçılıq siyasətinə hazırlaşırlar. Ləğv edilmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyanın təxribat xarakterli fikirləri də bunu deməyə əsas verir. Separatçı lider sonuncu açıqlamasında yenidən öz bədnam niyyətini sərgiləyib, Qarabağa qayıdacaqlarının anonsunu verib. Şahramanyan bir qədər də irəli gedərək deyib ki, Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmdədir:
"Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq". Maraqlıdır ki, separatçı Şahramanyanın təxribat xarakterli açıqlamalarına Ermənistan rəhbərliyi ciddi əks reaksiya sərgiləmir. Bu isə Ermənistan rəhbərliyinin öz maraqları çərçivəsində separatçıları dəstəkləməsindən xəbər verir. Əks təqdirdə İrəvan hökuməti Azərbaycanla sülh müqaviləsinin detallarının müzakirə edildiyi bir ərəfədə bu kimi təxribatçı, pozuculuğa hesablanmış fikirlərin ictimailəşdirilməsinə qarşı adekvat addım atar, separatçıların sonuncu “lideri” haqqında lazımi ölçü götürərdi. Ancaq Şahramanyan və onun təhlükəli ideyasına şərik olanlar bilməlidirlər ki, bu cür əməllər Ermənistanı acı sonluğa sürükləyir. Xatırladaq ki, “Artsax məsələsi üzrə beynəlxalq komissiya” adlı separatçı və təxribatçı qurum yaradan Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Avropada görüşlər keçirir. “Hraparak” qəzeti məlumat yayıb ki, Oskanyan ötən aylarda da dəfələrlə xaricdə olub, Ermənistan və Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların təmsilçiləri, o cümlədən Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla çoxsaylı görüşlər keçirib. Keçmiş xarici işlər nazirinin rəhbərlik etdiyi separatçı qurum “Qarabağ ermənilərinin geri qayıdışı məsələsi” ilə məşğuldur. Klaara gəlincə, o da bu günlərdə Qarabağ ermənilərinin mümkün qayıdışını “xüsusi hal”, Qərbin Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına dönüşünü “ayrı məsələ” adlandırmışdı.
Son günlər aktivləşən məsələni "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, separatçılar və onlara dəstək verənlərin Qarabağa qayıdış məsələsini gündəmə daşıması təsadüfi deyil. Keçmiş XİN başçısı vurğulayıb ki, separatçılar "Qarabağa qayıdış" mövzusunu daha çox təbliğat məqsədi ilə qabardırlar:
"Rəsmi Bakı birmənalı vurğulayıb ki, ermənilərin Qarabağa qayıdışına, Qərbi azərbaycanlıların öz yurdlarına geri dönüşü çərçivəsində baxıla, müzakirə oluna bilər. Əgər ermənilər Xankəndiyə qayıtmaq istəyirlərsə, vaxtı ilə bolşeviklərin Azərbaycandan alıb zorla ermənilərə verdiyi tarixi yurdlarımıza azərbaycanlıların geri dönüşünü də həyata keçirməlidirlər. Qərbi azərbaycanlılar öz evlərinə qayıtdıqdan, onların təhlükəsizliyi təmin edildikdən sonra biz də Qarabağa qayıdış məsələsinə baxa bilərik. Separatçıların arxasında müxtəlif dairələr ola bilər. Amma istisna etmirəm ki, Paşinyan hökuməti də bu mövzudan istifadə edəcək".
T.Zülfüqarovun fikrincə, Paşinyan hökuməti Azərbaycanla imzalanacaq sülh sazişində əlinin güclü olmasını istəyir:
"Hazırda tərəflər arasında müzakirə olunan sülh sənədinin əsasını Bakı qoyub. Azərbaycan 2021-ci ildə 5 prinsipi gündəmə gətirib və İrəvana təklif edib. Daha sonra Ermənistan təklif etdi ki, müzakirə olunan ilkin sənəd çərçivə sazişi olsun. Bakı buna da etiraz etmədi və danışıqlar davam etdirildi. Görünən odur ki, İrəvan müəyyən poseslərdən yararlanmaqla sülh danışıqları yubatmaq niyyətindədir. Xatırlayırsızsa, ATƏT-in Minsk qrupu da 30 il ərzində ancaq prinsiplər ətrafında müzakirələrlə məşğul olurdur. Ortada nəinki saziş yox idi, heç ortaq nöqtəyə gəlinmiş prinsiplər də mövcud deyildi. İndi Paşinyan hökuməti deyir ki, razılaşdırılmış 13 maddəni əks etdirən sülh sazişi imzalansın, onların razı olmadığı 4 maddə isə saziş mətnindən çıxarılsın. Bu da tərəflər arasında sülh sazişi yox, ümumi bir bəyanatın qəbul olunması anlamına gəlir. Paşinyan 2027-ci ildə Konstitusiya dəyişikliyinə gedəcəyini deyir. O halda Ermənistanın konstitusiya dəyişikliyinə gedəcəyi ən azından qəbul olunacaq bəyanata, ilkin sənədə mütləq əlavə olunmalıdır. Ermənistan tərəfi təklif edir ki, gəlin, bir-birimizin sərhədlərini tanıyaq. Halbuki delimitasiya və demarkasiya prosesi tam yekunlaşmayıb. Qeyri-müəyyən sərhədləri necə tanımaq olar?!".
Keçmiş XİN başçısı qeyd edib ki, Ermənistanın əvvəlki taktikası fərqli idi:
"İrəvan hökuməti əvvəllər israrla tələb edirdi ki, görüşlərdə, müzakirələrdə üçüncü tərəf, vasitəçilər olsun. Zənn edirdilər ki, vasitəçilər Bakıya təzyiq göstərəcək, İrəvanın xeyrinə qərarlar alınacaq və s. Amma gördülər ki, alınmır. Azərbaycan heç bir vasitəçini qəbul etmədi. Nəhayət, erməni tərəfi gec və məcburi də olsa başa düşdü ki, ikitərəfli görüşlərdən başqa çıxış yolu yoxdur. İndi Paşinyan özünü "sülhpərvər" göstərmək üçün sərhəddə ikitərəfli görüş niyyətini açıqlayır. Baxmayaraq ki, bir müddət əvvəl məhz Paşinyan Londonda Prezident İlham Əliyevlə görüşdən boyun qaçırmışdı".