Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycan və İtaliya arasında əlaqələrin strateji səviyyəyə qalxması Fransanın təsirini zəiflədir
Sentyabrın 2-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Luka di Canfrançesko ilə görüşüb. Müdafiə Nazirliyindən bildirilib ki, nazir Zakir Həsənov Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib.
2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub. Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən cənab L.Canfrançesko ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Ümumiyyətlə, Azərbaycan və Avropa ölkələri arasındakı əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu kontekstdə İtaliya ilə əməkdaşlığı vurğulamaq vacibdir, çünki bu il hər iki ölkə üçün əlamətdar dövrdür: İtaliya G7-nin, Azərbaycan isə COP29-un sədridir. İtaliya Azərbaycanla strateji tərəfdaşlıq sənədini imzalayan 9 Avropa İttifaqı üzvündən biridir. Uzun bir tarixi olan iki ölkə arasındakı əlaqələr bu gün strateji səviyyəyə yüksəlib və bu münasibətlər gələcəkdə daha da genişlənə bilər. Xüsusilə 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan edilməsi dostluq münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 1-2 sentyabr 2022-ci ildə İtaliyaya etdiyi səfər ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayıb. Həm İtaliya, həm də Azərbaycan bölgələrində strateji əhəmiyyətə malik ölkələrdir və iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəm təməli davamlı tərəfdaşlıq üçün geniş yol açır. 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "Il Sole 24 Ore" qəzetinin müxbiri Roberto Buondjorno ilə müsahibəsində bildirib ki, İtaliyanın şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər: "İtaliyanın şirkətləri tərəfindən həyata keçirilən işlər miqyasına görə Türkiyə şirkətinlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətləri birinci yerdədir və bu təbiidir, çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların tanınmış tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləri qərarlaşır". Bundan əlavə, İtaliya şirkətləri işğaldan azad edilmiş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə yerləşən elektrik stansiyalarını avadanlıqlarla təmin ediblər. İtaliyalı memarlar Şuşada tarixi abidələrin və məscidlərin bərpasına da dəvət olunublar. Həmçinin İtaliya şirkəti Bakıda Zəfər muzeyinin inşasında iştirak edib. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsi milyardlarla dollar təşkil edir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sektordur. Azərbaycan neftinin üçdə birindən çoxu İtaliyaya ixrac olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 5,671 milyon ton neft və neft məhsulları ixrac edib ki, bu da ümumi Azərbaycan ixracının 38,59 faizini təşkil edir. İtalyan şirkətləri Azərbaycanda neft emalı zavodunun bərpası üzərində fəal işləyib. Həmçinin İtaliya Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazının ən böyük idxalçısıdır. TAP boru kəməri vasitəsilə illik 10 milyard kubmetr qazın 8 milyard kubmetri İtaliyaya təchiz edilir. İtaliya Cənub Qaz Dəhlizinin gücünün ikiqat artırılmasını dəstəkləyir. 2024-cü ilin ilk yarısında TAP vasitəsilə Azərbaycandan İtaliyaya 5,17 milyard kubmetr qaz göndərilib (5,5 faiz artım). İtaliyanın Ətraf Mühit və Energetika Təhlükəsizliyi Nazirliyinin məlumatlarına görə, ötən il eyni dövrdə İtaliyaya 4,901 milyard kubmetr qaz daxil olub. Ümumilikdə, 2024-cü ilin yanvar-iyun aylarında İtaliya 31,072 milyard kubmetr qaz idxal edib (4,6 faiz azalma), Azərbaycan qazının payı isə 16,6 faiz olub. Onu da qeyd etmək lazımdır ki, ötən il Azərbaycanın ümumi neft ixracının 43 faizini və Azərbaycanın Avropaya qaz tədarükünün 79 faizini İtaliya təşkil edib. Bundan əlavə, Azərbaycan və İtaliyanın Bərpa Olunan Enerji Mənbələri sahəsində əməkdaşlıq üçün geniş perspektivlərə malikdirlər. İyulun 1-də Milan şəhərində İtaliyanın “Saipem” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə yerüstü və Xəzər dənizində külək enerjisinin inkişafı, habelə "yaşıl" enerji dəhlizlərinin yaradılması imkanları müzakirə edilib. İtaliya, həmçinin Azərbaycan üçün siyasi müstəvidə mühüm tərəfdaşdır və Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı destruktiv mövqe tutan qüvvələri düzgün yola gətirir. Bu kontekstdə İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən Fransanın təxribatçı bəyanatlarına qarşı açıqlama diqqətəlayiqdir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurne tərəfindən Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı səsləndirilən fikirlərlə bağlı narazılığını ifadə edib. Çirielli qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində birbaşa iştirak etməyən dövlətlərin nümayəndələrinin verdiyi açıqlamalar vəziyyəti yalnız pisləşdirə bilər. Azərbaycan ilə İtaliya arasındakı əlaqələr yalnız iki ölkənin iqtisadi inkişafı və təhlükəsizliyinə töhfə vermir, həm də regional sabitlik və inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. İqlim dəyişmələri və enerji keçidi kimi qlobal çağırışlar çərçivəsində Azərbaycan və İtaliya arasındakı tərəfdaşlıq daha da əhəmiyyətli hala gəlib. Bərpa olunan enerji mənbələrinin birgə inkişafı və COP29 kimi beynəlxalq iqlim təşəbbüslərində iştirakları davamlı inkişafa olan marağı vurğulayır.
Politoloq Azər Qasımov "Sherg.az"a vurğulayıb ki, Azərbaycan-İtaliya əlaqələri iqtisadi və humanitar sahələrdə həmişə yaxşı olub. Ekspertin sözlərinə görə, son dövrlər isə bu münasibətlər hərbi sahədə də inkişaf etməyə başlayıb:
"Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarəsi alıb. İkili münasibətlərin əsası Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumunda çıxışından sonra qoyulub. İtaliya hərbi sənaye baxımından güclü inkişaf etmiş Avropa ölkəsidir. Atıcı silahlar, hərbi sursat, Hava Hücumundan müdafiə sistemləri, raketlər, hərbi təyyarələr və s. bunlardan bir hissəsidir. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji səviyyəyə qalxması Fransanın təsirini zəiflədir. Fransa və İtaliya arasında hər zaman müəyyən gərginlik olub.
Bu baxımdan Azərbaycanın İtaliya ilə münasibətləri Fransaya qarşı mesaj daşıyır.
Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli münasibətlər qurması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa İttifaqı ölkələrinin üçdə biri ilə sıx qarşılıqlı əməkdaşlıq edir. Hesab edirəm ki, İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".