Azərbaycan- İtaliya əməkdaşlığı ətraf regionlara da rifah gətirir - TƏHLİL

Prezident İlham Əliyevin İtaliyaya səfəri, görüşləri və çıxışının əsas məqamlarının müzakirəsi maraq dairəsində qalmaqdadır. Çernobbio formunda iki dövlətin güclü tərəfdaşlığa, əlaqələrə  sahib olduğunu diqqətə çatdıran İ.Əliyev əlavə olaraq Ermənistan- Azərbaycan, Cop29, Ukrayna- Rusiya və digər bu kimi mövzularda da Azərbaycanın mövqeyini dilə gətirib.

Politoloq Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında Prezident İlham Əliyevin İtaliyaya səfərinin əhəmiyyətindən  və dövlət başçısının verdiyi mesajlardan danışıb:


"İtaliya- Azərbaycan münasibətləri tarixi köklərə və ənənələrə malikdir. Biz son dövrlərdə iki dövlət arasında xüsusilə iqtisadi müstəvidə əməkdaşlığın yüksəldiyinin şahidi oluruq. Azərbaycan- İtaliya əməkdaşlığı eyni zamanda ətraf regionlara da rifah gətirir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu faktor iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu sübuta yetirir. Əməkdaşlığımız sadəcə olaraq enerji sektoru ilə məhdudlaşmır, digər sahələri də əhatə edir. Təhsil, mədəniyyət, bərpa olunan enerji və digər istiqamətlərdə biz İtaliya- Azərbaycan münasibətlərinin getdikcə daha da inkişaf etdiyinin şahidi oluruq. Təbii ki, bu ölkə bizim strateji tərəfdaşımızdır. Eyni zamanda Azərbaycan Prezidenti ilə yanaşı İtaliyanın rəhbər şəxsləri də tez- tez qarşılıqlı səfərlər həyata keçirirlər. Hər dəfə qarşılıqlı səfərlər zamanı yeni sənədlərin imzalandığının və iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində addımların atıldığının şahidi oluruq. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra həmin ərazilərə ilk səfər edənlər də məhz İtaliya parlamentariləri oldular. Onlar ölkəmizdə bununla bağlı bəyanatlar verdilər, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində prinsipial bir mövqe nümaiş etdirdilər. İtaliya Azərbaycanın ərazi bütövlüyünə münasibətdə də hər zaman ədalətli mövqe tutub və bunu obyektiv şəkildə beynəlxalq tribunalardan hər zaman ifadə edib. Bu aspektdən düşünürəm ki, İtalya- Azərbaycan münasibətləri iki ölkə arasında əlaqələri ifadə etməklə yanaşı fərqli regionlarda yerləşən iki xalqın, dövlətin qarşılıqlı maraqlar əsasında necə əməkdaşlıq edə biləcəyinin nümunəsi kimi də özünü biruzə verir"

Ekspert İlham Əliyevin İtaliyaya olan səfərlərinin hər zaman beynəlxalq media tərəfindən gündəmdə saxlanıldığını da bildirib:

"Onu da xüsusi qeyd edim ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri hər zaman beynəlxalq medianın, dünya gündəminin diqqət mərkəzində olub. 2022- ci ildə dövlət başçısının İtaliyaya səfəri zamanı forumda etdiyi çıxış uzun müddət qlobal medianın gündəmində oldu və istinad mənbəyinə çevrildi. Bu dəfəki çıxışında da o bir sıra mühüm istiqamətlərə diqqət çəkdi. Eyni zamanda Ermənistanla sülh müqaviləsi, enerji layihələri, Cop29 və digər məqamlarla bağlı çox mühüm mesajlar verdi. Burada ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Prezidenti öz çıxışında qeyd etdi ki, hazırda enerji təhlükəsizliyi həm də milli təhlükəsizlik məsələsidir. Bu aspektdən əgər Azərbaycanın enerji təhlükəsizliyində oynadığı balanslaşdırıcı rolu nəzərə alsaq prinsip etibarı ilə o hazırda Avropanın 10 dövlətinin milli təhlükəsizliyinin təmin olunmasında aktiv rola malik olan mühüm bir ölkə kimi xüsusi olaraq qiymətləndirilməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, "Cənub Qaz dəhlizi" vasitəsilə ötürülən qaz Şərqi Avropa ölkələrinə çatdırılır. Bu ölkələr bəlli olduğu kimi Avropa İttifaqına SSRİ- nin süqutundan sonra üzv olan dövlətlərdir. Hazırda onların Avropa İttifaqının bəzi dövlətləri tərəfindən təziq və basqılara məruz qaldığını nəzərə alsaq həmin ölkələrə Azərbaycanın enerji təchizatında oynadığı rolu onların suverenliyinin qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini də xüsusi olaraq qeyd etməliyik. Azərbaycan dünyaya açılır. Bir çox sahələrdə biz İlham Əliyevin diplomatik, birləşdirici faktor kimi geniş bir miqyasda çıxış etdiyinin şahidi oluruq.
Azərbaycanı adətən Avropa- Asiya arasındakı körpü kimi qiymətləndirirdik. Amma bu gün Azərbaycan bütövlükdə Avrasiyada təkcə körpü rolunu deyil, eyni zamanda birləşdirici xalq, siyasi mərkəz rolunu oynayır ki, bu da onun siyasi liderinin beynəlxalq nüfuzunun nəqədər yüksək olduğunun göstəricisi kimi qiymətləndirilə bilər. İstər Asiya istiqamətində, istər yaxın Şərq və digər istiqamətlərdə ölkəmizin mühüm əlaqələrə sahib olması, Türk Dövlətləri Təşkilatının formalaşmasında oynadığı rolu, Qoşulmama Hərəkatının qlobal miqyasda öz mövqeinin daha da gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Zaman da sübuta yetirir ki, ölkəmizin olduğu hər yer uğur qazanır, çiçəklənir və təhlükəsiz məkana çevrilir. Bu da Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin qlobal əhəmiyyət daşıdığının göstəricisidir".