Şvabe kimilər birbaşa erməni diasporunun təsiri altındadır - RƏY

Onlar Azərbaycanın güclənməsini, söz sahibi olmasını həzm edə bilmirlər


  Azərbaycanın dünyanın ən stabil siyasi sistemlərindən birinə sahib olması, beynəlxalq nüfuzunun durmadan artması və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyması bəzi dairələri narahat edir. Xüsusən, Qərb ölkələrində ayrı-ayrı siyasi qüvvələr və siyasətçilər anti-Azərbaycan əhvali-ruhiyyəsi, Azərbaycanafobiya paranoyasının təsiri altında rəsmi Bakıya qarşı bəzən sistematik, bəzən xaotik qarayaxma kampaniyaları aparır.

 Bu qara piar aksiyaları Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu tədbirlər, musiqi və idman yarışları, beynəlxalq səviyyəli görüşlər ərəfəsində özəlliklə fəallaşır. Bu informasiya diversiyasını və qaralama kampaniyasını Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi, "Forumla 1"in “Bakı Qran-Pri”ləri, Avropa və İslam Həmrəylik Oyunları zamanı hər kəs gördü. Son vaxtlar isə noyabrda keçiriləcək və 2 həftə ərzində Azərbaycanı bütün dünyanın diqqət mərkəzində saxlayacaq COP29 sammiti çərçivəsində anti-Azərbaycan qüvvələr baş qaldırıb. Bu qüvvələrin əsas icraçı simalarından olan Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabe bu mənada xüsusi canfəşanlığı ilə seçilir. AŞPA-dakı sosial-demokratlar qrupunun və Almaniyanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri olan Frank Şvabe siyasi karyerasını anti-Azərbaycan, anti-türk və anti-islam tezislər üzərində qurub. COP29 öncəsi Şvabe Azərbaycanda “siyasi məhbus” probleminin olduğunu iddia edib. Almaniyalı deputat ölkədə siyasi məhbusların olmadığını, onun siyasi məhbus kimi qələmə verdiyi şəxslərin konkret cinayət əməllərində şübhəli olduqlarını bir kənara atıb. "Demokratiya", "insan hüquqları" və "siyasi məhbus" anlayışlarını siyasi manipulyasiya və təzyiq metoduna çevirən bəzi Qərb dairələri kimi, Şvabe də ittihamlarında qeyri-səmimidir və himayədarlarının verdiyi konkret təlimatla hərəkət edir. Şvabe kimi Qərb siyasətçiləri Azərbaycanda insan haqları ilə bağlı situasiyanı mikroskop altında izlədikləri halda, öz regional favoritləri Ermənistanda baş verən özbaşınalıqları, siyasi repressiyaları görməzdən gəlir. Frank Şvabeyə xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətinə qarşı etiraz çıxışları edən kinoprodüser 2022-ci ilin iyulunda vətəndaşları təhqir etməkdə ittiham olunaraq, İrəvanda məhkəmə zalında həyatını itirmişdi. Yaxud, 2019-cu ilin yanvarında jurnalist, Haynews.am saytının təsisçisi Mher Yegiazaryan 44 günlük aclıqdan sonra həbsxanada ölmüşdü. Haqsız həbs olunduğunu bildirən Yegiazaryan eyni zamanda "Erməni qartalları: Vahid Ermənistan" siyasi hərəkatının sədri idi. Nədənsə, Frank Şvabe və Qərbin demokratiya carçıları bu insidentlərlə bağlı bircə dəfə narahatlıq ifadə edən açıqlamalar vermədi. Bundan başqa, keçmişdə iqtidarda olmuş Respublika Partiyasının sədr müavini Armen Aşotyan və daha bir neçə sabiq məmurun, Paşinyanın öz komandasında çalışmış və sonralar müxalif mövqe seçən xeyli şəxsin müxtəlif ittihamlarla həbsə salınması, bəzi siyasi liderlərin (məs. "Çiçəklənən Ermənistan" Partiyasının keçmiş sədri Qaqik Tsarukyan) əmlakının müsadirə olunması ilə bağlı istintaq tədbirlərinin aparılması Qərbin sakit müşahidəsi və susqunluğu fonunda baş verir. Analoji epizodlar Azərbaycanın siyasi arenasında baş versəydi, ölkəmizə qarşı diplomatik hücumun miqyasını təsəvvür etmək çətin deyil. "Frank Şvabe və dostları"nın demokratiya və insan hüquqları prinsipləri ilə riyakar və seçici yanaşmasının daha bir məqamı Qarabağla bağlıdır. 44 günlük müharibə zamanı Azərbaycan ordusunun ardıcıl uğurlarından narahat olan deputat dərhal hərbi əməliyyatların dayandırılmasını tələb edir, Türkiyənin münaqişədə iştirakçı olduğunu iddia edirdi. 2020-ci il oktyabrın 29-da Bundestaqda çıxışı zamanı isə o, münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü barədə danışırdı. Zaman Şvabenin bütün tezis və fikirlərinin iflasa uğradığını göstərdi.

  Millət vəkili Naqif Həmzəyev "Şərq"ə deyib ki, Şvabenin kim olduğunu, hansı mövqeni müdafiə etdiyini, kimlərin əlaltısı olduğunu hamı yaxşı bilir. Deputat vurğulayıb ki, Şvabe kimi çoxlu siyasətçilər var ki, onlar birbaşa erməni diasporunun təsiri altındadır və onlardan dəstək alırlar:

 "Ötən müddət ərzində Şvabe kimilərin erməni mövqeyindən çıxış etmələrinə şahidlik etmişik. Onlar insan haqlarından dəm vururlar, beynəlxalq hüquqdan danışırlar. Təəssüflər olsun ki, hər zaman açıq-aşkar tərəf tuturlar. Ancaq bir dəfə olsun, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyiblər. Xocalı soyqırımını törədən erməni vəhşiləri barədə bəyanat verməyiblər. 4 minə yaxın itkin vətəndaşımızın taleyi haqqında məsələ qaldırmayıblar. Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasından söz açmayıblar. Əksinə, hər dəfə öz havadarlarının, maliyyə dəstəkçisi olan erməni lobbisinin mövqeyindən çıxış ediblər. Bu gün də eyni məqsədlə bizə dil uzadırlar. Azərbaycanın güclənməsinin, söz sahibi olmasının əleyhinə olan Şvabe kimi siyasətçilər öz çirkin üslublarını davam etdirirlər. Əfsuslar olsun ki, Azərbaycana qarşı qarayaxma həyata keçirirlər. Dövlətimiz öz gücü hesabına ərazi bütövlüyünü bərpa edib, suverenliyini təmin edib. Ermənistandan və bir çox ölkədən fərqli olaraq ədalətli, ləyaqətli müharibə aparmışıq. Bir nəfər əli silahsız dinc sakinə zərər dəyməyib. Halbuki bizə qarşı törədilən qətliamların sayı-hesabı yoxdur. Şvabe bir dəfə bunlara reaksiya veribmi? Təbii ki, yox. Çünki onun kimilər haqqı, ədaləti yox, uydurmaları, şər-böhtanları söyləyirlər. Cənubi Qafqazda sülh olmasını istəmirlər. Ona görə ki, regionda sülh və sabitliyin formalaşması nəticəsində bölgəyə müdaxilə imkanlarından məhrum qalacaqlar".

  Parlamentari əlavə edib ki, əgər AŞPA bərabərhüquqlu yanaşmanı təmin edə bilmirsə, ölkəmizin mövqeyi müdafiə olunmursa, bir çox məsələ məqsədyönlü şəkildə əleyhimizə yönədilirsə, Azərbaycan öz suverenliyini, hüquqlarını özü təmin etməlidir: "Vaxt gələcək, Şvabe kimi adamlar dünya siyasətindən ümumiyyətlə silinəcəklər. Bu, xristian-səlib yürüşləri də bitəcək. Biz haqq yolundayıq və tək deyilik. Avropanın özündə çoxsaylı strateji tərəfdaşlarımız var. Mötəbər tədbirlər öncəsi bu kimi halların olması normaldır. Daha doğrusu, belə hücumlara artıq öyrəşmişik. Ancaq hamısı faydasızdır".