80 mindən çox insan Bakını ziyarət edəcək

Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq

COP29 tədbirinin ölkəmizdə keçirilməsi qarşımızda mühüm prioritetlər formalaşdırır

  COP29 tədbirinin 2024-cü ildə ölkəmizdə keçirilməsi qarşımızda mühüm prioritetlər formalaşdırır. Torpaqlarımızın işğaldan azad olunduğu bir vaxtda xarici investorların, sərmayəçilərin cəlb edilməsi baxımından bu qəbil tədbirlərin ölkəmizdə keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Bundan əlavə, 80 mindən çox insanın iştirak edəcəyi bu böyük tədbirin ölkəmiz barədə yalan məlumatlar dərc edən, dövlətimizi təcavüzkar kimi təqdim etməyə çalışan qərb mediası və digər qüvvələrin təsirlərinin qarşısını almaqda çox böyük rolu olacaqdır.
COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
  Tədbir çərçivəsində Azərbaycan da daxil olmaqla, iştirakçı ölkələr iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görəcək. Bu tədbirlər təmiz enerji mənbələrinin istifadəsini təşviq edəcək və ölkəmizin ekoloji şəraitini yaxşılaşdıracaq. COP29 zamanı bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və neft-qazdan asılılığın azaldılması üzrə müzakirələr əhalimiz üçün daha təmiz və ekoloji cəhətdən təhlükəsiz enerji təchizatı imkanları yaradacaq.
  Su ehtiyatlarının qorunması - İqlim dəyişikliyi Azərbaycan kimi yarıquraq iqlimi olan ölkələr üçün su çatışmazlığı risklərini artırır. COP29-da su ehtiyatlarının idarə olunması üzrə tədbirlərin müzakirəsi əhalimizin su təchizatının təhlükəsizliyini təmin edəcək.
  Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisinin direktoru Elşad Əsgərovun “Sherg.az"a açıqlamasına görə, COP29 tədbirinin 2024-cü ildə ölkəmizdə keçirilməsi qarşımızda mühüm prioritetlər formalaşdırır. Bizimlə söhbətində COP29-un Azərbaycanda keçirilməsi və bu tədbirin faydaları barədə danışan WWF Azərbaycan ofisinin direktoru deyib ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq: 

“Sənaye inqilabından bəri, qalıq yanacaqların yandırılması, meşələrin kəsilməsi və bəzi heyvandarlıq növləri kimi insan fəaliyyəti atmosferə karbon qazı və digər istilik saxlayan istixana qazlarını buraxıb. Bu, artıq orta qlobal temperaturun 1°C-dən çox artmasına səbəb olub, atmosferdəki istixana qazlarının səviyyəsi insan mövcudluğunun istənilən anında olduğundan artıqdır.
  Fikrimcə, qlobal iqlim dəyişmələrin təsirləri və onlara qarşı təxirəsalınmaz tədbirlərin görülməsi məsələsində əsas böyük rolu, sənayesi güclü olan dövlətlərin üzərinə düşür. Azərbaycan kiçik bir ölkədir, elə bir böyük sənayesi yoxdur ki, onun atmosferə buraxdığı istixana qazları hansısa bir rol oynasın bu qlobal istiləşmədə. Amma bu böyük ölkələr razılaşmaya gəlirlər, hər növbəti il hansısa bir sənədlərdə öhdəlik qoyulur və imzalanır. İndi bu böyük, atmosferi daha çox çirkləndirən ölkələrin iqlim dəyişmələrdən əziyyət çəkən, lakın imkanı olmayan dövlətlərə dəstəkləri gözlənilir”.
  E.Əsgərovun sözlərinə görə, WWF-nin Bakıda keçirilən COP29-dan və Bakıdakı Qlobal reaksiyadan və iqlim böhranına qlobal reaksiyadan WWF-nin gözlədiyi əsas nəticələr aşağıdakılardır:
*1,5°C-yə uyğun planlar təqdim etmək və iqlim dəyişikliyinin təsirlərini həll etmək üçün yeni qlobal maliyyə məqsədi haqqında saziş.
*Ölkələrdən yeni maliyyə öhdəlikləri, xüsusən uyğunlaşma, itki və zərər və mövcud maliyyə öhdəliklərinin çatdırılması.
*Yeni Milli Qərarlılığa doğru nümayiş etdirilə bilən tərəqqi
*İstiləşməni 1,5°C-ə qədər məhdudlaşdıran, iqlim ədalətini təmin edən və qalıq yanacaqlardan sürətli və ədalətli keçid təmin edən töhfələr (NDC).
*Əvvəlki qərarları həyata keçirmək və Qlobal Biomüxtəliflik Çərçivəsinə uyğunlaşmanı təşviq etmək üçün İqlim və Təbiət İş axınının yaradılması.
*G20 və BMİ kimi digər forumlardan iqlim dəyişikliyi ilə mübarizənin əsas qlobal prioritet olduğuna dair siyasi siqnallar.
Ümid edirik ki, Bakıda keçiriləcək COP29 ölkəmizin qlobal səviyyəli ekologiya, energetika, geologiya, kənd təsərrüfatı, beynəlxalq əlaqələr, media, İKT və s. sahələri əhatə edən tədbirin yüksək səviyyədə keçirilməsi, ölkəmizin iqlim dəyişmələrin təsirinin yumşaldılmasına verdiyi tövfələr, “yaşıl enerji”,”yaşıl koridorlar”, təbii ekosistemin bərpası, biomüxtəlifliyin qorunması və davamlılığın təmin olunması ilə birgə iqlim dəyişmələrinə adaptasiya və təsirlərin qarşısının alınması ilə bağlı, xüsusən də inkişaf etmiş ölkələr üçün maliyyələşdirmə məsələsinin həll olunması ilə yadda qalacaq. Maliyyələşmə qlobal istiləşməni 1,5C səviyyəsində saxlamaq və irimiqyaslı və təxirəsalınmaz iqlim böhranı problemini həll etməkdə mühüm rol oynaya bilər”.
  "WWF Azərbaycan"ın COP29 hazırlığı və gözləntilərinə nəzər salan direktor son 20-25 ildə gördüyümüz işlərin iqlim dəyişmələr və onların qarşısının alınmasında rolunu hesablayıb, ekspert qrupu olaraq bunun üzərində çalışdıqlarını qeyd edib: “Biz indiyə kimi gördüyümüz işlərin hansılarının iqlim dəyişmələrin yumşaldılmasına xeyri olduğunu öyrənirik. Həmçinin həmin tədqiqatçılarımız növbəti 10 ilə bizim planlara baxaraq hesablayırlar ki, bizim nə qədər görəcəyimiz işlər var, nə qədər iqlim dəyişmələrin yumşaldılmasında rolu olacaq və bunu biz qarşıda gələn COP29-da təqdim edəcəyik”.

  "WWF Azərbaycan"ın COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov isə “Sherg.az”a açıqlamasında hazırda iqlim dəyişmələri, COP29-a hazırlıqla bağlı məlumatlandırma işlərinin aparıldığını bildirib:

"Lisey və məktəblərdə şagirdlərlə, universitetlərdə tələbələrlə, yerli və xarici jurnalistlər və tədqiqatçılarla görüşlər və seminarlar keçirilir, geniş ictimaiyyət üçün iqlim dəyişmələri və onun insana, təbiətə təsirləri ilə bağlı məlumatlar, məqalələr hazırlanır, təqdimatlar edilir, sosial və ekoloji vətəndaş birlikləri və sosial media fəalları ilə diskussiyalar təşkil olunur.