1400 bələdiyyə birləşir -RƏY

Azərbaycanda 685 bələdiyyə olacaq

  Azərbaycanda 1400 bələdiyyə birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib. Bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin dünənki plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bələdiyyələrin birləşməsi ilə bağlı Milli Məclisə təqdim olunan rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.
 
 Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, zibillərin daşınması bələdiyyələrə həvalə edilməlidir. Deputat diqqətə çatdırıb ki, zibillərin daşınması bələdiyyələrin səlahiyyətlərinə aid deyil:
 “Şikayət edəndə deyilir ki, “bələdiyyələr hara baxır?” amma bu işlər hansısa şirkətlər tərəfindən icra olunur. Vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, atılmayanda bələdiyyələri günahkar bilirlər. Əslində, bu işə bələdiyyə baxmır. Hesab edirəm ki, bələdiyyələrə həvalə edilməlidir”.
 
  Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, 1999-cu ildə bələdiyyələr yaradılanda 2736 bələdiyyə olub. Onları bir neçə dəfə birləşdirməklə sayı 1605-ə düşmüşdü. İndi də təqribən 3 dəfəyə yaxın azaldılır ki, 685-ə endirilir:
 "Bunun üçün biz əvvəl qəbul etdiyimiz qanunlara uyğun olaraq yoxlama aparmalıyıq ki, birləşmələr nə dərəcədə özünü doğruldur. Onun müsbət nəticələri nədən ibarət olub? Hörmətli Əli Məsimov qeyd elədi ki, bələdiyyələrin 50 milyon ümumi büdcəsi var, onun da 10 milyonu xidmətlərə və digər xidmətlərin görülməsinə sərf olunur. Əslində, bələdiyyələr vətəndaşlar və dövlət üçün də bir yükə çevrilib. Hörmətli həmkarımız Elman Nəsirov iclas başlayanda dedi ki, “mənim bir arzum var”. Mənim də bir arzum var ki, Siyavuş Novruzov tez-tez belə təşəbbüslərlə çıxış eləsin və bələdiyyələrin sayı 1-ə düşsün. Bir gün də bir layihə gətirsin ki, bələdiyyələri ləğv edək”.

  Deputat əlavə edib ki, həqiqətən də, bu statusla bələdiyyələr faktiki olaraq bir institut, yerli özünüidarə orqanı kimi özünü doğrultmadı: “Bələdiyyələr yeni yaradılanda, biz deyirdik ki, zamanla təcrübə toplayacaqlar, onların səlahiyyətləri genişlənəcək. Əksinə, biz onu müşahidə elədik ki, mərkəzi icra hakimiyyəti orqanları hətta yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini özlərinə götürməyə başladılar. Bu gün rayon icra hakimiyyətlərinin belə çox məhdud səlahiyyətləri var. Ona görə də biz bələdiyyələri də inkişaf etmiş Avropa ölkələrindən götürmüşük. Hər kəs internet vasitəsilə bizdə olan bələdiyyələrlə Avropa ölkələri bələdiyyələrinin səlahiyyətlərini qarşılıqlı olaraq müqayisə edə bilər. Ona görə də mən buna səs verəcəyəm. Amma o mənada səs verəcəyəm ki, yəni bunlar axırda yoxa çıxsınlar”.