ABŞ ilin sonuna qədər sülh sazişinin imzalanmasını istəyir - RƏY


Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu Kamala Harrisin xanasına yazılacaq

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bayden məktubunda  iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkəmizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnun olduğunu bildirib: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”.

ABŞ Prezidenti məktubunda, həmçinin qeyd edib: “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

C. Baydenin ölkə başçısına məktubunu şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. 

Politoloqun  “Sherg.az”a açıqlamasına görə, Bayden COP29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb: 

“Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücüylə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu Kamala Harrisin xanasına yazılacaq. Bayden adminitrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: Cozef Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək”.