Gülən ölüb, amma onun əsas müridləri həyatdadır
Onlar sistemi, agentura şəbəkəsini və təxribatyönlü fəaliyyətlərini davam etdirəcəklər
FETÖ adıyla tanınan terror təşkilatının rəhbəri Fətullah Gülən ABŞ-də müalicə aldığı xəstəxanada ölüb. Gülənin demans (beyin pozğunluğu) xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. “Hürriyyet” qəzeti Gülənin son zamanlarda sağlamlıq problemlərinin artdığı, böyrək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkdiyi qeyd edib. Hazırda təşkilatda rəhbərlik uğrunda mübahisələrin başladığı bildirilir. Qruplaşmanın fəaliyyəti üçün ayrılan pulu kimin idarə edəcəyi ilə bağlı gərginlik yaranıb. Məlumata görə, ABŞ və Avropa bu məsələ barədə müzakirələrə başlayıb. Təşkilatın sadəcə ABŞ-dəki məktəblərindən il ərzində 200-250 milyon dollarlıq pul dövriyyəsinin olduğu iddia edilir. Bununla yanaşı, çox sayda mülk və daşınmaz əmlakların olduğu deyilir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Fətullah Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb. O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”. Ədliyyə naziri Yılmaz Tunç da deyib ki, FETÖ ilə mübarizə sadəcə onun rəhbəri ilə kifayətlənmir: "Mücadiləmiz sonadək davam edəcək". Qeyd edək ki, FETÖ lideri 1999-cu ildən ABŞ-də yaşayırdı. O, 15 iyul 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddə günahlandırılırdı. Sonuncu dəfə oktyabrın 14-də Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntüləri yayılmışdı. Dünya mediası da Gülənin ölümünə ciddi reaksiya verib. "Reuters" bunu “Türkiyədə dövlət çevrilişi təşkil etməkdə ittiham olunan güclü din xadimi Gülən vəfat edib” başlığı ilə açıqlayıb. Alman mediası qruplaşma liderini tərifləyib və onun ölüm xəbərini öz manşetlərində işıqlandırıb. "Bild" Gülənlə bağlı xəbəri prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan manşetlə paylaşıb. “Ərdoğanın əzəli düşməni öldü” başlığı ilə ölüm xəbərini verən qəzet Gülənin ölümündən sonra onların sözün əsl mənasında kədər içində boğulduqlarını göstərib. "Politico" nəşri də FETÖ liderinin ölümünü “Ərdoğanın əzəli düşməni Fətullah Gülən öldü” başlığı ilə yayıb. Gülənin 83 yaşında ölməsindən sonra illər əvvəl etdiyi vəsiyyət də gündəm olub. İddiaya görə, FETÖ lideri ABŞ-da ölərsə cənazəsinin Türkiyəyə aparılmasını və anasının yanında dəfn olunmasını istədiyini deyib. Lakin Türkiyə kəşfiyyatının keçmiş dövrə aid hesabatlarında Fətullah Gülənin ABŞ-də məzar yerinin hazırlandığı bildirilib. Məlumata görə, FETÖ üzvləri 2015-ci ildə Pensilvaniyada təşkilatın fermasına 5 kilometr məsafədə bir ərazi alıb bu ərazini qəbiristanlığa çeviriblər. ABŞ-də ölən təşkilat üzvlərinin həmin ərazidə dəfn edildiyi deyilir.
1941-ci ildə Ərzurumda anadan olmuş Fətullah Gülən “qızıl nəsil” yetişdirmək iddiası ilə camaat adı altında qurduğu terror təşkilatı ilə 15 iyul çevriliş cəhdini təşkil edərək konstitusiya quruluşunu ortadan qaldırmağa çalışıb. Ankara hökuməti Vaşinqtondan dəfələrlə Gülənin təhvil verilməsini tələb etsə də, Ağ Ev bu tələbə müsbət cavab verməyib.
Gülənin rəhbərlik etdiyi təşkilat məlum qeyri-qanuni təşkilatlardan qat-qat sıx iyerarxik quruluşa malik idi. Təşkilat ən yüksək orqan kimi "imam" Gülən tərəfindən idarə olunurdu və ona birbaşa bağlı olan “Təyinat Komitəsi”, “Məsləhət Şurası”, “Mollalar Qrupu” və “Parlament” adlı birliklərdən ibarət idi. Parlament bölməsində qəbul edilən qərarlar iyerarxik struktur daxilində ən aşağı bölmələrə çatdırılıb. Təşkilatın ciddi iyerarxik strukturu "dünya imamı, coğrafi bölgə imamı, ölkə imamı, bölgə imamı"ndan ibarətdir.
Uzun müddətdir FETÖ-nün Azərbaycan qolu ilə mübarizə aparan, hətta şəbəkə ilə bağlı kitablar yazan "Yen Çağ" Media Qrupun rəhbəri Aqil Ələsgər "Sherg.az"a deyib ki, terror təşkilatlarında əsas idarəetmə üst məclislərdə olur. Ekspertin sözlərinə görə, FETÖ nəzdində "dünya imamları" adlandırdığımız üç şəbəkə fəaliyyət göstərir:
"Onların içində Naci Tosun, Abdullah Aymaz və digərləri var. Bu şəxslər Fətullah Gülənin adından qərarlar verir, terror təşkilatını idarə edirdirlər. İndi Gülənin yerinə bunlardan kimin keçəcəyini zaman göstərəcək. Eyni zamanda nəzərə alaq ki, FETÖ ABŞ xüsusi kəşfiyyat idarəsinin bir proyektidir. Bu layihənin ideya müəllifi Graham Füller və başqalarıdır. O baxımdan Fətullah Gülənin ölümü FETÖ üçün sadəcə daxili üzüntü yaradacaq. Ümumilikdə terror təşkilatının fəaliyyətini də o qədər ciddi təsir göstərməyəcək. Gülən ölüb, amma onun əsas müridləri həyatdadır. Onlar sistemi, agentura şəbəkəsini və təxribatyönlü fəaliyyətlərini davam etdirəcəklər. Heç kim düşünməsin ki, Gülənin ölümü ilə FETÖ dağılacaq".
A.Ələsgər vurğulayıb ki, tarixi proseslərə də baxsaq, görərik ki, terror qruplaşmalarının rəhbərləri ölsələr də, təşkilat fəaliyyətini davam etdirib: "Terror təşkilatlarının üzvləri ideoloji xəttlə bir-birinə bağlıdır. Şəxslər nə qədər önəmli olsa da, terror təşkilatının fəaliyyətinin sonlandırılması üçün yetərli deyil. Düzdür, müəyyən narazılıqlar, qopmalar mümkündür. Bir çox terror təşkilatlarında bunlar olub. FETÖ-də də gözləniləndir. Yeni "liderlə" hesablaşmayanlar uzaqlaşa bilərlər. Ancaq böyük miqyasda parçalanmalar olmayacaq. Çünki FETÖ "mütləq itaət" üzərinə, yəni "qul psixologiyası" üzərində qurulmuş şəbəkədir. Onlar ümumi qərara boyun əyəcəklər".