İnformasiya müharibəsi hər addımda genişlənir

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Efirdə səhərdən axşama qədər danışmaqla sosial şəbəkələrdəki qarayaxma kampaniyalarının qarşısını ala bilmərik

“Biz fikrimizi, dərdimizi beynəlxalq platformalarla işləməli, dünyanın anladığı dillərdə, dünyanın eşitmək istədiyi şəkildə çatdırmalıyıq”

  Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi Qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsidir ki, ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırılır. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına göz yuman Qərb dairələri, Azərbaycanın öz ərazi suverenliyini bərpa etməsi ilə barışa bilmir. Guya Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Azərbaycan ilk gündən Qarabağda yaşayan ermənilərə öz əlini uzatdı, onların da Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi eyni hüquq və azadlıqlara sahib olacağını, Azərbaycan vətəndaşı olaraq hər bir imtiyaza sahib olacaqlarını bəyan etdi. Lakin yerli ermənilər erməni rəsmi dairələrinin hədə-qorxusu nəticəsində könüllü şəkildə Qarabağı tərk etdilər. İndi isə erməni rəsmi dairələri bunu əllərində bayraq tutaraq, həmişəki yazıq və məzlum obrazlarına bürünüb hər cür şər, böhtan yayaraq COP29-u boykot etməyə çağırışlar edirlər. Hər gün ölkəmizə qarşı ortalama 5-6 yazı dərc olunur ki, bu yazılarda Azərbaycan az qala, dünyada baş verə biləcək bütün bəlalarda ittiham olunur.
  Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərarın bir çox qərb dairələrində qısqanclığa səbəb olduğunu nəzərə alsaq, ölkəmizə qarşı hələ bir müddət də dezinformasiya və yalan məlumatlarla dolu kampaniyaların keçiriləcəyi gözlənilən idi.
Bu baxımdan oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər. İctimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.
Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb. İdeoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər.
  “Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşı kibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır və saxta müsahibələr paylaşılırdı”.
Bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib. O qeyd edib ki, burada məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqında düzgün məlumatların qarşısını almaqdır: "Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır. Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, bu, Qərb mediası üçün xarakterikdir. Neqativ tendensiyalara qarşı mübarizə formaları var.
  Manipulyasiya ilə məşğul olan media subyektləri öz ölkələrinin ictimai rəyini çaşdırır. Bu, beynəlxalq media əxlaqı ilə ziddiyyət təşkil edən fəaliyyətdir. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmağı başqa heç bir ölkənin mediasından gözləməli deyilik.
Bu, Azərbaycan mediasının əsas funksiyasıdır. Azərbaycan həqiqətlərini mediamız doğru, düzgün və dolğun formada dünyaya çatdıra bilər. Mediamız fəaliyyətini bu istiqamətdə müasir çağırışlara cavab verərək qurmaqdadır. Təbii ki, tam ideal səviyyədə deyil. Bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik".
  Əməkdar jurnalist Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, informasiya müharibəsi müasir beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə qarşı tətbiq etdiyi ən təsirli üsullardan biri kimi qəbul olunur:

 “Bu müharibə xüsusilə media subyektləri, sosial şəbəkələr və diplomatik platformalar üzərindən həyata keçirilir. Azərbaycana qarşı aparılan informasiya müharibəsi də bu qlobal prosesin bir parçasıdır və bu müharibə müxtəlif siyasi, iqtisadi, ideoloji maraqları təmsil edən aktorlar tərəfindən davamlı şəkildə həyata keçirilir. Məqsəd ölkənin beynəlxalq arenadakı mövqeyini zəiflətmək, Azərbaycanın uğurları və inkişafını gözdən salmaq, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır.
Erməni diasporu və ona dəstək verən qruplar dünya mediasında Azərbaycan əleyhinə məqalələr, araşdırmalar və təbliğatlar təşkil edir. Xarici mətbuat orqanlarında, xüsusən Qərb mediasında Azərbaycanın daxili siyasətini və beynəlxalq mövqeyini təhrif edən məlumatlar mütəmadi olaraq yayımlanır. İnformasiya müharibəsində ən müasir texnologiyalar istifadə edilir. Sosial media platformalarında saxta xəbərlər, botlar və trollar vasitəsilə Azərbaycan əleyhinə təbliğat aparılır. Bu cəhdlər əsasən beynəlxalq ictimai rəyin formalaşdırılmasına yönəlib”.
  A.Həsrət ölkəmizə qarşı bu cür təhdid və hücumların gözlənilən olduğunu deyib: “Burada təəccüblü bir şey yoxdur. Onsuz da bilirdik ki, Azərbaycanda bu böyüklükdə qlobal tədbir keçirilirsə, bədxahlarımız boş duran deyillər. Kimlərsə öz siyasi maraqları, kimlərsə şəxsi maraqları, kimlərsə də qisas almaq üçün mütləq Azərbaycana qarşı hücuma keçəcəklər. Bu dəfə də bizi yanıltmadılar. Hesab edirəm ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları, dezinformasiyalar qarşıdakı günlərdə daha da intensivləşəcək, Azərbaycan ictimai rəyi də daxil olmaqla dünya ictimai rəyini məşğul edəcək. Azərbaycanın bu hücumlara qarşı qoyduğu cavab strategiyaları milli birliyin gücləndirilməsi, dövlətin suverenliyinin qorunması və beynəlxalq aləmdə öz mövqeyini daha yaxşı müdafiə etməyə yönəlib. Azərbaycan hökuməti, informasiya təhlükəsizliyi sahəsində ciddi addımlar ataraq, ölkəyə qarşı aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizə aparır. Eyni zamanda beynəlxalq arenada həqiqətlərin çatdırılması və Azərbaycan reallıqlarının təbliği üçün milli media və diplomatik kanallardan geniş istifadə olunur. Amma Azərbaycana qarşı olan bu total hücumlara, dezinformasiyalara qarşı mübarizə aparmaq potensialı olan qüvvələr prosesə cəlb edilməlidir”.
  Azər Həsrət Milli Məclisdə keçirilən dinləmələrə də münasibət bildirib:
“Ölkəmizə qarşı hibrid təhdidlərin, düşmənçilik xarakteri daşıyan məlumatların arealı çox genişdir. AzTV efirindən cavab verməklə heç nəyə nail ola bilməyəcəyik. Efirdə səhərdən axşama qədər Qərb əleyhinə danışmaqla sosial şəbəkələrdəki qarayaxma kampaniyalarının qarşısını ala bilmərik. Biz fikrimizi, dərdimizi beynəlxalq platformalarla işləməli, dünyanın anladığı dillərdə, dünyanın eşitmək istədiyi şəkildə çatdırmalıyıq. Düzdür, bu mübarizəni apara biləcək gücə, imkana sahib insanlarımızın sayı çox deyil, amma yox da deyil. Milli Məclis isə keçirdiyi dinləmələrdə azsaylı peşəkarları belə bu işə cəlb eləmir. Belə adamları Milli Məclisə buraxmadılar, heç olmasa, dövlətimizin əleyhinə aparılan kampaniyalarda onları səfərbər etmək, gücündən, potensialından istifadə etmək lazımdır. Biz onsuz da bu dövlətin əsgərləriyik. Bizi çağırsalar da, çağırmasalar da, dövlətimizə qarşı edilən bütün təhdid-təzyiqlərə qarşı hər zaman öz mübarizəmizi aparırıq”.