“Biz istəyirik ki, Qərb ssenarisinin növbəti hədəfi olan Gürcüstan bu cür önəmli, taleyüklü bir məqamdan üzüağ çıxsın”
"Vətəndaş cəmiyyəti təşkilatları olaraq qonşu Gürcüstanda baş verən proseslər bizi narahat etməyə bilməzdi. Bu gün böyük güclər, xüsusilə, ABŞ və Avropa regionda nəzarəti ələ almaq və region üzərində öz məqsədlərinə çatmaq üçün Gürcüstana nüfuz etməyə və daxili sabitliyi pozmağa çalışırlar".
Bunu "Sherg.az"a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Oğuz Mirzəyev deyib.
QHT nümayəndəsi bildirib ki, bu cür təzyiqlərə Azərbaycan da dəfələrlə məruz qalıb və hələ də qalmaqdadır:
"Ancaq, uğurlu xarici və daxili siyasət və xalq-dövlət birliyi bütün çirkin əməllərin üstündən xətt çəkdi. Biz istəyirik ki, bu ssenarinin növbəti hədəfi olan Gürcüstan da bu cür önəmli, taleyüklü bir məqamdan üzüağ çıxsın. Təbii ki, biz Gürcüstanın daxili məsələlərinə və onun gələcəyi ilə bağlı qərarların verilməsinə təsir etmək istəmirik. Belə bir niyyətimiz də yoxdur. Ancaq, mətbuatda yazılanlardan belə başa düşülür ki, Qərb öz çirkin məqsədləri üçün bəzi yerli QHT-ləri maliyyələşdirir və dövlətə, xalqa qarşı silahlandırır. Məsələnin, ən üzücü tərəfi isə baş verən son hadisələrin, Gürcüstana və xalqına qarşı yönələn təzyiqlərin episentrində yerli QHT-lər dayanır. Biz dövlətinə, xalqına bağlı olan yerli vətəndaş cəmiyyəti nümayəndələrinin reallıqlardan çıxış edərək doğru qərar verəcəyinə inananır və ümid edirik ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində yalnız və yalnız Gürcüstan qalib gələcək".