Gürcü xalqı seçim qarşısındadır

Qərb Gürcüstanda daxili sabitliyi pozmağa çalışır


“Tbilisi hakimiyyəti Azərbaycanın yürütdüyü xarici siyasətdən nümunə götürməlidir” 

  Beynəlxalq hüququn dövlətlərin daxili işlərinə müdaxiləni qadağan edən prinsiplərinə baxmayaraq, Qərb uzun müddətdir "demokratiya" və "insan haqları" adı altında bəzi ölkələrin daxili işlərinə açıq şəkildə təsir göstərir. İşğalın və təcavüzün yeni üsulları kimi tətbiq edilən bu yanaşmalar, adətən, seçki dövrlərində, xüsusən də parlament seçkiləri zamanı daha da güclənir. ABŞ və digər qlobal aktorlar həssas siyasi vəziyyətlərdən istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar. Gürcüstanda “məxməri” inqilabdan sonra Qərb ölkədə mövqeyini möhkəmləndirib və qeyri-hökumət təşkilatları vasitəsilə həm cəmiyyətə, həm də dövlət idarəetməsinə ciddi təsir imkanları əldə edib. Bu da Qərb dövlətlərinə, xüsusən ABŞ-yə, Gürcüstanın daxili məsələlərinə müdaxilə etmək və hökumətin qərar qəbuluna təsir göstərmək imkanı verir. Bir müddət əvvəl Gürcüstan parlamentində qeyri-hökumət təşkilatlarının şəffaflığının artırılmasına dair qanun layihəsi müzakirə olunarkən Qərb öz təsir vasitələrindən istifadə edərək hökuməti çətin vəziyyətə salmışdı. Bu prosesdə birbaşa Qərbdən maliyyələşən minlərlə vətəndaş cəmiyyəti təşkilatı ölkənin milli təhlükəsizliyini təhdid edən böhran vəziyyəti yaratmışdı. Belə ki, onlar meydanlara axışmaqla ölkənin milli təhlükəsizliyini ciddi təhdid edən situasiyaya səbəb olmuşdu. Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başlayıb və bu səylər müəyyən uğurlara gətirib çıxarıb. Buna baxmayaraq, Qərb Gürcüstanı daha da gərginliyə sürükləmək üçün genişmiqyaslı təzyiq mexanizmlərini işə salır və bəzi beynəlxalq təşkilatları, hətta dövlətləri bu prosesə cəlb edir. Bununla da, guya demokratiyanı və insan haqlarını müdafiə etdiyini iddia edən Qərb, əslində, öz maraqlarını ön plana çəkərək, Gürcüstanda siyasi təsirini gücləndirməyə çalışır. ABŞ-nin və Fransanın Gürcüstanı gərginliklərə sürükləyərək bölgədəki maraqlarını təmin etməyə çalışması Qərbin regiondakı siyasətinin əsl məqsədlərini ortaya qoyur.

  Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Urfan Sərkərov "Sherg.az"a deyib ki, Cənubi Qafqaz regionu son dövrlər böyük güclərin maraq dairəsindədir. Böyük güclər region ölkələrinin daxili işlərinə müdaxilə edir, suverenliyinə, ərazi bütövlüyünə hörmət göstərmirlər. U.Sərkərov bildirib ki, bir sıra Qərb dövlətləri "demokratiya", "insan haqları" adı altında çıxış etmələrinə baxmayaraq, müstəqil ölkələrin seçimlərinə hörmət etmirlər

"Bunu ikili siyasət, ikiüzlülük də adlandırmaq olar. Çünki başqa dövlətlərin xalqlarının seçimlərinə hörmətsiz yanaşırlar. Xalqın azad səsvermə yolu seçdikləri insanları, deputatları, hökuməti qəbul etmədiklərini müşahidə edirik. Bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda böyük platformalar, "NETFLİX" kimi kino platformaları eynicinsliyi təbliğ edirlər. Bu məsələ regionumuzda və dünyada böyük problemlərə səbəb olacaq. Gürcüstanda eynicinslər və QHT-lər haqqında qanun çox böyük reaksiyalara səbəb oldu. Gürcüstanın Qərb tərəfindən sanksiyalarla, təhdidlərlə üzləşməsinə yol açdı. Təbii ki, bu, çox yanlış yanaşmadır. Ölkələrin daxili işinə qarışmaq, suverenliyini təhdid etməkdir. Azərbaycan Prezidentinin uğurlu və uzaqgörən addımları sayəsində biz bu prosesləri, təhdidləri aşa bildik, müəyyən qanunlar qəbul edildi. Xarici ölkələrin və təşkilatların, SOROS kimi qurumların Azərbaycandakı bəzi QHT-ləri ölkədə qarışıqlıq yaratmaq məqsədilə maliyyələşdirməsi prosesi gedirdi. Həmin maliyyə mənbələrinin kəsilməsi Azərbaycanda milli-mənəvi dəyərlərə əsaslanan bir ekosistem formalaşdırdı. Hazırda Gürcüstan da öz milli suverenliyini, daxili və xarici müstəqilliyini qorumaq üçün qanunlar qəbul edir, bir sıra zəruri addımlar atır. Biz də bu istiqamətdə daim gürcü xalqının yanında olmalıyıq və yanındayıq. Gürcüstan bizim strateji müttəfiqimizdir. Bölgədə yeganə problemli dövlət Ermənistandır. İrəvan hökuməti qərbyönümlü siyasət yeridir, daha doğrusu, Qərbin oyunlarına alət olur". QHT nümayəndəsi vurğulayıb ki, Gürcüstanda baş vermiş "narıncı inqilab"dan sonra ölkənin 20 faiz torpaqları itirildi: "Hələ də ərazi bütövlüyünü bərpa edə bilmir, suverenliyini bərpa edə bilmir, ölkədə ciddi problemlər qalmaqdadır, vaxtı ilə narkotik satışı leqallaşdırılıb ki, bu da azyaşlıların, gənclərin həyatını məhv edib. Gürcü xalqı problemlərini həll etmək üçün "Gürcü Arzusu"na səs verdi, hakimiyyətə gətirdi və zaman göstərdi ki, doğru seçim ediblər. Əlbəttə, biz Azərbaycan vətəndaşı olaraq hansısa ölkənin daxili işinə müdaxilə etmirik, sadəcə öz dəstəyimizi ifadə edirik. Böyük ehtimalla seçkidə yenə "Gürcü Arzusu" qalib olacaq. Nəticədə Gürcüstan hökumətinin müstəqil siyasəti davam edəcək. Əks halda Cənubi Qafqaz ölkələri də Suriya, İraq kimi dövlətlərin gününə düşə bilər. Böyük güclərin oyunlarına gələn ölkələr ərazi bütövlüklərini, müstəqilliklərini itirirlər. Ukrayna və Ermənistan nümunəsi ortadadır. Qərb bəzi ölkələrə müəyyən iqtisadi-hərbi yardımlar edir və bunun müqabilində həmin dövlətlərin öz milli dəyərlərindən, sərvətlərindən, insan kapitalından vaz keçməsini tələb edir".

  U.Sərkərov əlavə edib ki, Azərbaycanın getdiyi nümunəvi yol bütün ölkələrə, xüsusən qonşu dövlətlərə də nümunə olmalıdır: "Ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatçılığı məhv etmişik, Xankəndidə universitet qurmuşuq. Halbuki əvvəllər heç bunun xəyalını belə qura bilmirdik. Bütün sanksiya və təhdidləri qətiyyətlə dəf etmişik. O baxımdan müstəqil siyasətimiz, milli-mənəvi dəyərlərimizin üstün tutulduğu siyasi kursumuz gürcü xalqı üçün də örnək olmalıdır. Cənab Prezidentimizin bir sözü var, deyir ki, "sözümüz imzamızdır". İnsanlar siyasətdə etibarlı, sözünün kəsəri olan, dediyi sözün arxasında duran siyasətçiləri axtarırdılar. Dövlət başçımız məhz bu cür şəxslərdəndir. Düzdür, buna görə hələ də təzyiqlərlə üzləşirik. Amma ən doğru yol budur. Gürcüstandakı mövcud hakimiyyətin də davamlı olması hər iki dövlət və xalq baxımından, regionun sabitliyi nöqteyi-nəzərdən olduqca zəruridir". 

  Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Oğuz Mirzəyev deyib ki, vətəndaş cəmiyyəti təşkilatları olaraq qonşu Gürcüstanda baş verən proseslər bizi narahat etməyə bilməzdi: "Bu gün böyük güclər, xüsusilə, ABŞ və Avropa regionda nəzarəti ələ almaq və region üzərində öz məqsədlərinə çatmaq üçün Gürcüstana nüfuz etməyə və daxili sabitliyi pozmağa çalışırlar. Bu cür təzyiqlərə Azərbaycan da dəfələrlə məruz qalıb və hələ də qalmaqdadır. Ancaq uğurlu xarici və daxili siyasət və xalq-dövlət birliyi bütün çirkin əməllərin üstündən xətt çəkdi. Biz istəyirik ki, bu ssenarinin növbəti hədəfi olan Gürcüstan da bu cür önəmli, taleyükli bir məqamdan üzüağ çıxsın. Təbii ki, biz Gürcüstanın daxili məsələlərinə və onun gələcəyi ilə bağlı qərarların verilməsinə təsir etmək istəmirik. Ancaq mətbuatda yazılanlardan belə başa düşülür ki, qərb öz çirkin məqsədləri üçün bəzi yerli QHT-ləri maliyyələşdirir və dövlətə, xalqa qarşı silahlandırır. Məsələnin ən üzücü tərəfi isə baş verən son hadisələrin, Gürcüstana və xalqına qarşı yönələn təzyiqlərin episentrində yerli QHT-lər dayanır. Biz dövlətinə, xalqına bağlı olan yerli vətəndaş cəmiyyəti nümayəndələrinin reallıqlardan çıxış edərək doğru qərar verəcəyinə inanırıq və ümid edirik ki, Gürcüstanda keçiriləcək parlament seçkilərində yalnız və yalnız Gürcüstan qalib gələcək".