Türk ölkələri və onların ordusu çox böyük potensial deməkdir

Gecikmək olmaz

“Cənubi Qafqaz uğrunda mübarizə daha da şiddətlənə bilər. Belə olan təqdirdə əgər türk dövlətləri arasında Şuşa Bəyannaməsinə bənzər pakt, memorandum imzalanarsa, bunun necə bir güc olacağını təsəvvür etmək çətin olmaz”



  Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Zirvə çərçivəsində TDT-nin yeni bayrağı da qəbul edilib. Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlər nəzərə alınaraq, çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqlik təsdiq edilib. Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının bayrağının təsviri bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib. Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir.   Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir. Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır. Bərabər paylanmış qırx düz şüası olan günəş işığı, açıqlığı və həyat gücünü simvolizə edir. Şüalar Türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə aparan ortaq dəyərləri və ümumi baxışı təmsil edir. Türk dünyasında yaxşı tanınan aypara və ulduz türk dövlətçiliyini, inkişafı, gələcəyə istiqamətlənmiş arzuları və tərəqqini təmsil edir. Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan TDT-nin dinamik və gələcəyə yönəlmiş ruhunu əks etdirir. Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsin və hərtərəfli əməkdaşlığın əsas simvollarını özündə cəmləşdirir. Həmçinin TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası da yaradılıb. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, bununla bağlı memorandum imzalanıb: "Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək". Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.Tatar deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. O, ŞKTC-nin dəniz və hava limanlarının Türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında Türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”.   E.Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. 

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, türk dövlətləri arasında inteqrasiya vacibdir. Ekspertin fikrincə, xarici siyasətdə dayaq nöqtələri tapmaq olduqca önəmlidir və tarixə nəzər yetirsək, görərik ki, türk xalqları arasında həmin dayaq nöqtəsinin tapılmasında böyük çətinliklər olub: 

"Tarixən türk dövlətləri bir-birinə qarşı vuruşdurulub, vahid halda olmayıblar. Həmçinin 2020-ci ilə, yəni 44 günlük müharibəyədək Azərbaycan-Ermənistan münasibətlərində hətta bəzi türk dövlətlərinin beynəlxalq təşkilatlardakı səsvermələrdən boyun qaçırdıqlarını görürdük. Hansısa məsələlərdə Azərbaycanla soyuq münasibətlərin şahidi olurduq. Bunları etiraf etmək lazımdır. Amma bu gün tamamilə fərqli düşüncə, fərqli fəlsəfi-ideoloji baxışı görməkdəyik. Bu da nədən qaynaqlanır? 44 günlük müharibəyə kimi hansısa məsələlərdə çəkinən regional dövlətlər, türk ölkələri Azərbaycanın qələbəsindən sonra daha da hünərləndilər, cəsarətlindilər. Məhz bu məsələdə qabaqcıl, lider ölkə qismində çıxış edən dövlət, coğrafi cəhətdən digər ölkələrdən kiçik olmasına baxmayaraq, məhz Azərbaycan oldu. Nəhayət, bu gün təkcə humanitar, mədəniyyət, təhsil, elm sahəsində inteqrasiyadan deyil, siyasi-hərbi sahələrdə, dövlətlərin təhlükəsizliyi məsələsində, qlobal təhdidlər məsələsində də mühüm addımlar atılmaqdadır". 

  Z.Məmmədova görə, bu addımların atılmasında gecikmək olmaz, çünki dünya dəyişir: "Nə qədər ki, ətrafda müharibələr var, ayrı-ayrı ölkələrin başları öz milli təhlükəsizliklərinə, öz problemlərinə qarışıb, bu məqamdan istifadə etmək lazımdır. Ötən ildən eyham vurulmuşdu ki, məhz hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik orqanlarının əməkdaşlığı türk dövlətlərinin prioritet istiqamətləri olsun. Artıq bu yöndə ciddi addımlar atılmaqdadır. Rusiyanın, Çinin, Hindistanın, o cümlədən ABŞ-nin Mərkəzi Asiya ölkələri uğrunda mübarizəsi ortadadır. Cənubi Qafqaz uğrunda mübarizə daha da şiddətlənə bilər. Belə olan təqdirdə əgər türk dövlətləri arasında Şuşa Bəyannaməsinə bənzər pakt, memorandum imzalanarsa, bunun necə bir güc olacağını təsəvvür etmək çətin olmaz. Türk ölkələri və onların ordusu çox böyük potensial deməkdir. Azərbaycan və Türkiyə ordusu dünyanın qabaqcıl orduları sırasındadır. Digər ölkələrin də ordusu bizə yaxınlaşarsa, bu, artıq böyük bir qüvvə olacaq".