İnfarkt riski doğum tarixində deyil, damarların “xatirəsində” gizlənir
Yaşlanmanı adətən təqvim yaşı ilə ölçürük. Doğulduğumuz tarix dəyişməzdir və illər bizim nəzarətimizdən kənarda irəliləyir. Ancaq uzun müddətdir bilirik ki, eyni təqvim yaşında olan hər kəs eyni cür qocalmır.
Bəzi insanların bədəni, ürəyi və damarları bioloji baxımdan daha gəncdir; digərlərində isə yaşlanma prosesi gözləniləndən xeyli sürətlə gedir. Danimarkalı alim, tədqiqatçı və dəyərli dostum Nicklas Brendborg “Jellyfish Age Backwards” adlı kitabında məhz bu fərqin səbəblərinə diqqət çəkir və yaşlanmanın vahid, dəyişməz bir bioloji tale olmadığını xatırladır.
Brendborgun araşdırmasının mərkəzi olduqca diqqətçəkicidir; obyekt bir dənizanəsidir və nəticələr də bir o qədər maraqlıdır: “Turritopsis dohrnii” adlı kiçik dənizanəsi həyatının son mərhələlərində ölmək əvəzinə hüceyrələrini yenidən təşkil edərək inkişafının daha erkən mərhələsinə geri dönə bilir. Bir canlının təqvim vaxtı irəlilədikcə bioloji yaşının geriyə qayıtması gözlənilməz mənzərədir və bu, möcüzədən çox təbiətin yaşlanma mövzusunda tək bir yol izləmədiyini göstərən konkret nümunədir. Bu fakt yaşlanmanın məcburi və yalnız bir istiqamətli proses olmadığını; ən azı hüceyrə səviyyəsində biologiyanın müxtəlif ssenarilərə imkan verdiyini ortaya qoyur.
Ürək-damar xəstəlikləri ilə məşğul olan həkimlər üçün bu vəziyyət əslində çox tanışdır. Eyni təqvim yaşında iki pasiyenti düşünün: biri pilləkən çıxarkən belə çətinlik çəkir, digəri isə hələ də aktiv həyat tərzi sürür; birinin damarlarında aydın sərtləşmə var, digərinin damar quruluşu isə təəccüblü dərəcədə sağlamdır. Təqvim yaşı eynidir, amma bioloji yaşları tamamilə fərqli ola bilər. Bu fərqi yaradan illərin sayı deyil, damarların illər ərzində məruz qaldığı bioloji yüklərdir.
Bioloji yaş insanın orqan və toxumalarının nə dərəcədə köhnəldiyini göstərən elmi anlayışdır. Təqvim yaşı yalnız doğum tarixini ifadə etdiyi halda, bioloji yaş bədənin real vəziyyətini əks etdirir.
Elmi baxımdan bioloji yaş damar sərtliyinin səviyyəsi, metabolik vəziyyət, bədəndəki iltihabi prosesləri ifadə edən inflamasiya göstəriciləri və hüceyrə bərpa (təmir) qabiliyyəti kimi bir çox parametrin ümumi təsiri ilə formalaşır. Məsələn, 50 yaşında iki fərqli insanı götürək: birinin damarları 60–70 yaşlılarda tez-tez rast gəlinən sərtlik və zədələnmə səviyyəsini göstərdiyi halda, digərinin damarları 40 yaş səviyyəsinə bənzər ola bilər. Bu halda təqvim yaşı eyni, bioloji yaş isə fərqlidir. Bu fərq infarkt və insult riskini müəyyən edən ən mühüm amillərdən biridir. Çünki ürək-damar xəstəlikləri çox vaxt qəfil deyil, bioloji yaşın illər ərzində səssizcə irəliləməsi nəticəsində ortaya çıxır.
Ürək və damar sistemi bioloji yaşlanmanı ən yaxşı əks etdirən sistemlərdən biridir. Məhz buna görə “ürək yaşı” anlayışı bioloji yaşın klinik praktikada ən konkret göstəricilərindən biri hesab edilə bilər.