“İranın parçalanması Türkiyə üçün fəlakət olar” - Ankaradan gizli qorxu etirafı

ABŞ aviadaşıyıcısı İran sərhədindədir, Türkiyə “nəzarətsiz xaos”dan ciddi narahatdır

Yaxın Şərqdə ABŞ-İran gərginliyi region üçün ciddi təhlükə yaradır. Ankara həm İranın regional siyasətindən, həm də İranda yaranacaq mümkün xaosdan narahatdır. Türkiyə diplomatik kanalların açıq qalmasını prioritet hesab edir.

Bu hadisələrin fonunda İranın xarici işlər naziri Seyid Abbas Araqçının Türkiyəyə səfəri diqqət çəkir. O, Türkiyə xarici işlər naziri Hakan Fidanla ikitərəfli münasibətlər və regional proseslər barədə müzakirələr aparacaq. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfər Ankara-Tehran xəttində dialoqun gücləndirilməsi və regional gərginliyin qarşısının alınması baxımından əhəmiyyətlidir.

Türkiyəli ekspert Dr.Hüsamettin İnaç mövzu ilə bağlı Sherg.az-a açıqlamasında "Avraam Linkoln" aviadaşıyıcısının İran sərhədlərinə yaxın sularda mövqe tutması və mümkün hərbi müdaxilə ehtimalının artmasının Türkiyə üçün ciddi narahatlıq doğurduöunu deyib:

"Bu vəziyyət regionda gərginliyin daha da yüksəlməsi riskini artırır. Çünki Türkiyə İrandakı “Molla rejimi” ilə hər nə qədər yaxşı münasibətlərə malik olmasa da, coğrafi reallıqlar Ankaranı ehtiyatlı davranmağa məcbur edir. Sözügedən rejim Türkiyədəki PKK terror təşkilatını birbaşa dəstəkləyir, Suriyada, İraqda və digər coğrafiyalarda Türkiyənin maraqları ilə toqquşur. Eyni zamanda İran Türkiyənin hər bir qazancını öz itkisi kimi qiymətləndirir.

2020-ci il Qarabağ savaşı zamanı İran Azərbaycanı deyil, Ermənistanı dəstəklədi. Bu mövqe İran rəhbərliyinin Türkiyə və region ölkələri ilə ziddiyyətli siyasətini bir daha açıq şəkildə ortaya qoydu.

Lakin “coğrafiya taledir” deyimi bu məsələdə də öz təsdiqini tapır. İranın parçalanması Türkiyə üçün ciddi geosiyasi risklər, təhlükəsizlik boşluqları və iqtisadi problemlər yarada bilər. Məhz bu səbəbdən Türkiyə İranın hərbi hücumlardan yayınmasını və ərazi bütövlüyünün qorunmasını istəyir. Ankara üçün əsas prioritet bölgədə nəzarətsiz xaosun qarşısının alınmasıdır".

Analitik Türkiyə ilə yanaşı, Qətər, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin də ABŞ üzərində ciddi diplomatik təzyiq göstərdiyini söyləyib:

"Onlar mümkün hücumun qarşısının alınmasına çalışırlar. Türkiyənin burada əsas rolu İranı daha təmkinli mövqeyə yönəltməkdir. Eyni zamanda Tehranı dialoqa açıq və kompromisə meylli davranmağa təşviq etmək hədəflənir.

ABŞ-nin İrandan irəli sürdüyü beş əsas tələb mövcuddur.

Birinci tələb İranın nüvə enerji obyektlərini bağlamasıdır. Bununla yanaşı, zənginləşdirilmiş uranın üçüncü bir ölkəyə təhvil verilməsi istənilir.

Bu mərhələdə Türkiyə üçüncü ölkə rolunu üzərinə götürməyə namizəddir. İran isə nüvə enerjisindən yalnız sülhməramlı məqsədlərlə istifadə etdiyini bildirir. Xüsusilə tibb və fizika sahələri bu arqumentin əsasını təşkil edir.

İkinci tələb İranın Çinlə olan ticarət əlaqələrinin kəsilməsidir. Çin ABŞ-nin əsas qlobal rəqibi olduğu üçün bu məsələ Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.

İran neftinin Çinə satılmasını ABŞ ciddi problem kimi qiymətləndirir. Lakin İran Qərb ölkələrinə etibar etmir və indiyə qədər tətbiq olunan sanksiyaların iqtisadiyyatı məhv etdiyini əsas gətirir. Bu səbəbdən Qərb bazarlarına açılmaq istəksizliyi davam edir".

Üçüncü məsələ İsrailin təhlükəsizliyi ilə bağlıdır. İranın İsraili davamlı şəkildə təhdid edən ritorikası bu baxımdan ciddi narahatlıq yaradır".

Politoloq bildirib ki, İsrailin siyasi varlığı müəyyən mənada İranın “təhlükə” kimi təqdim olunması üzərində qurulub:

"Buna görə də bu problemin konstitusion və ideoloji səviyyədə həlli Tehran üçün qəbuledilməz görünür.

Dördüncü tələb İranın sahib olduğu uzun mənzilli raket arsenalı ilə əlaqədardır. Bu raketlər İsrail üçün birbaşa təhlükə kimi dəyərləndirilir.

Raketlərin sayının və ya mənzilinin azaldılması tələbi Tehranın geri addım atmaq istəmədiyi mövzulardandır. İran bunu hərbi balansın pozulması kimi görür.

Beşinci və son tələb İranın “yaxın çevrə siyasəti” adlandırdığı strategiya ilə bağlıdır. Bu strategiya İran daxilində təhlükəsizlik yaratmaq məqsədilə regionu qeyri-sabitliyə sürükləməyi nəzərdə tutur.

Şiə milis qrupları-Haşdi Şabi, Hizbullah, Bədir briqadaları və digərləri vasitəsilə vəkil müharibələri aparılır. ABŞ bu strukturların ləğv edilməsini və “Şiə hilalı” layihəsinin tamamilə dayandırılmasını tələb edir. İran isə bu qüvvələri öz mövcudluğunun təminatı kimi görür. Onların ləğvi Tehran üçün birbaşa milli təhlükə hesab olunur.

Bütün bu məsələlərdə Türkiyə hazırda vasitəçi rolunda çıxış edir. Ankara İranı dialoqa və kompromisə məcbur etməyə çalışır.

Eyni zamanda ABŞ-nin mümkün hərbi müdaxiləsinin qarşısının alınması əsas məqsədlərdən biridir. Belə bir hücumun yaradacağı geosiyasi nəticələrin hər iki tərəf üçün rasional şəkildə qiymətləndirilməsi vacibdir. Bu mənada Türkiyə hər iki tərəflə danışa bilən nadir aktorlardan biri kimi çıxış edir. Ortaq məxrəc tapmaq baxımından Ankara rasional və etibarlı tərəfdaş hesab olunur".

Ekspert vurğulayıb ki, Türkiyənin məqsədi İrana yardım etmək deyil: 

"Əsas hədəf region ölkələrinin təhlükəsizliyini qorumaq və Yaxın Şərq geosiyasətini sabitlik üzərində qurmaqdır. Çünki İranın parçalanması və iqtisadi sisteminin tam çökdürülməsi nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına uyğundur. Bu proses bölgədə yeni münaqişələrə yol aça bilər.

Bu mərhələdə bəlkə də ən real həll yolu rejimin tam dəyişdirilməsi deyil. Daha məntiqli variant tədricən transformasiya modelidir.

Pezeşkian xəttinə bənzər daha mülayim və liberal siyasi istiqamətin güclənməsi İranın nisbi sabitliyini qoruya bilər. Bu yanaşma bölgədə gərginliyi heç olmasa müvəqqəti olaraq azaldacaq".