Ermənistanın səması hələ də açıq vəziyyətdədir - ŞƏRH

"İndiyə qədər Hindistan silahları heç bir hərbi münaqişənin gedişatına təsir etmək imkanlarına malik olmayıb"

Hindistan “Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərir. Bu məlumatı “Akash” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb. Məlumatda bildirilib ki, Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akash”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksporta barədə siqnal verdi. Qeyd edək ki, “Akash” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir.

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, 44 günlük Vətən müharibəsində və ondan sonrakı 4 il ərzində  ağır məğlubiyyətlərə məruz qalan Ermənistan hazırda müxtəlif ölkələrdən, o cümlədən Hindistandan silah dilənməyə davam edir:

“Hindistanın Ermənistanı silahlandırması Azərbaycanın Çin və Pakistanla uzun müddət davam edən isti münasibətləri ilə birbaşa bağlıdır. İndiyə qədər Hindistan silahları heç bir hərbi münaqişənin gedişatına təsir etmək imkanlarına malik olmayıb. Əksinə olaraq 70 milyard dollarlıq hərbi büdcəyə malik Hindistan daim özündən dəfələrlə kiçik imkanlara malik ölkələrdən silah idxal edib. Ermənistan müharibədən əvvəlki illərdə də müxtəlif ölkələrdən hava hücumundan müdafiə sistemləri alıb. Lakin Azərbaycan Silahlı Qüvvələri həmin hava hücumundan müdafiə sistemlərinin 60 faizini savaşın ilk günündən sıradan çıxarıb. Hindistanın Ermənistana ötürməyə hazırlaşdığı “Akash” hava hücumundan müdafiə sistemlərini orta yüksəkliklə hücum edən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Bu komplekslər obyektləri və Quru Qoşunların hava hücumundan müdafiəsi üçün istifadə olunur”.

Ekspert bildirib ki, eyni xüsusiyyətlərə malik Ermənistan ordusunun hava hücumundan müdafiə sistemləri əvvəllər də mövcud olub və heç bir halda Ermənistan qoşunlarını müdafiə etməyib:

“Həmin silahların Ermənistan tərəfindən əldə edilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsi zamanı darmadağın vəziyyətə düşən Ermənistanın hava hücumundan müdafiə sistemini qismən bərpa etmək üçündür. Hərblə əlaqəsi olan istənilən mütəxəssis yaxşı bilir ki, Ermənistanın hələ də səması açıq vəziyyətdədir. Hava hücumundan müdafiə məsələsində böyük boşluqlara malik olan Ermənistan hazırda bu istiqamətdə müəyyən addımlar atmağa məcburdur. Lakin Hindistan silahlarının Ermənistan üçün effektiv nəticə verməsi gözlənilən deyil. Yaxşı olar ki, Ermənistan silahlanmaq əvəzinə Azərbaycanın səsləndirdiyi tələb və təkliflərə diqqət etsin və üzərinə məğlub tərəf kimi düşən öhdəlikləri yerinə yetirsin. Əks halda Ermənistanı böyük faciələr gözləyir. Nikol Paşinyan bəzi Qərb ölkələri tərəfindən Azərbaycana qarşı müharibə hazırlıqlarına son qoymalıdır. Ermənistanın silahlanması Azərbaycanın bəlli bir zaman çərçivəsində səbr kasasını daşıra bilər”.