Zəngilanın azadlığı 44 günlük müharibə tarixinin ən mühüm səhifəsidir - Asəf Quliyev

  • Bu qələbə müharibənin taleyini dəyişdi, düşmənin hesablarını alt-üst etdi

Bu gün- oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunmasının ildönümü qeyd olunur. Zəngilanın azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi uğurlarından biri olmaqla yanaşı, strateji və mənəvi baxımdan da mühüm əhəmiyyət daşıyır.

Bu hadisə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi üstünlüyün möhkəmlənməsinə, qarşı tərəfin mövqelərinin zəifləməsinə və qələbəyə inamın daha da artmasına təsir göstərdi. Eyni zamanda, Zəngilanın azad olunması uzun illər işğalın yaratdığı mənəvi-psixoloji gərginliyin aradan qalxması baxımından da xüsusi əhəmiyyətə malikdir.

Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev Sherg.az-a Zəngilanın azad olunmasını 44 günlük müharibə tarixinin ən mühüm səhifələrindən biri adlandırıb:

"Bu əməliyyatı vacib edən bir neçə amil var idi: birincisi, hərbi, ikincisi, taktiki, üçüncüsü, strateji, dördüncüsü isə mənəvi baxımdan.

Zəngilanın işğaldan azad olunması ilə qarşı tərəf artıq vəziyyəti öz xeyrinə dəyişə bilməyəcəyini anlamağa başladı. Çünki Qarabağın bütün ərazisi sanki mühasirəyə alınırdı.

Bundan başqa, Zəngilanın azad olunması mənəvi baxımdan da çox mühüm əhəmiyyət daşıyırdı. Bu hadisə Ermənistanda ciddi qorxu yaratmışdı. Çünki Zəngilanın işğaldan azad olunması Azərbaycan Ordusunun Ermənistan sərhədlərinə yaxınlaşması demək idi. Müharibə dövründə düşmən tərəfdə belə bir əhval-ruhiyyənin yaranması, sözsüz ki, Azərbaycanın xeyrinə, qarşı tərəfin isə ziyanına idi. Bu da çox mühüm amil idi".

Müsahibimiz vurğulayıb ki, Zəngilanın taleyinin mənəvi baxımdan da fərqli olduğunu vurğulayıb: 

"Məsələn, işğal dövründə rayon sanki mühasirəyə düşmüşdü. Xüsusilə insanların Araz çayını keçərək İran sərhədinə üz tutması ciddi mənəvi diskomfort yaradırdı.

Lakin Zəngilanın işğaldan azad olunması ilə bütün bu mənəvi diskomfort sanki aradan qalxdı. Azərbaycanda yüksək ruh yüksəkliyi yarandı".